Füzuliyə Böyük Qayıdış başlayıb
Sosial həyat

Füzuliyə Böyük Qayıdış başlayıb

44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın qarşısında postmüharibə dövrünün reallıqlarına uyğun yeni çağırışlar formalaşdırıb. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi və Böyük Qayıdışın təmin edilməsi prioritetdir. Qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir.

Bu səbəbdən də dövlətimiz işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Həmin bölgələrə qayıdacaq soydaşlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır.

Artıq 86 ailə - 420 nəfər məcburi köçkün Zəngilan rayonun Ağalı kəndində müasir texnologiyalar əsasında inşa olunmuş mənzillərdə yaşayır. Eyni zamanda, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın köçü baş tutub. Bütövlükdə, Böyük Qayıdış çərçivəsində indiyədək 217 ailə, 934 nəfər doğma yurdlarına köçürülüb. Böyük Qayıdışın yeni ünvanı isə Füzulidir.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzulinin 51 kəndi və rayon mərkəzi 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlillik qazanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb. İşğal illərində belə geniş miqyasda dağıntılara məruz qalan Füzuli şəhəri 2020-ci il oktyabrın 17-də öz azadlığına qovuşub. Dövlət başçımız İlham Əliyev də müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə edib. İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun çəkilişinə başlanılıb. Bu yol qalib Azərbaycan üçün böyük rəmzi məna daşıyır. Vətən müharibəsi günlərində igid hərbçilərimiz məhz Zəfər yolunun keçdiyi ərazilərdən Şuşaya yaxınlaşıblar. Şuşanın fəthi ilə isə müharibənin taleyi həll olundu. Qürurverici haldır ki, hərbçilərimizin keçdikləri cığır Prezident İlham Əliyev tərəfindən böyük Qələbəmizin şərəfinə Zəfər yolu adlandırılıb. Zəfər yolunun açılışı isə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il 7 noyabr tarixində baş tutub. Yanvarın 14-də təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanının açılışı oktyabrın 26-da olub. Hava limanının rəmzi açılışını bildirən lenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə kəsib.

Hazırda da Füzuli şəhərinin bərpası həyata keçirilir. Şəhərdə 38 binada tikinti-abadlıq işləri aparılır. Cari ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində məktəb zəngi səslənəcək. 2040-cı ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Növbəti 20 ildə isə əhali sayı 1993-cü illə müqayisədə 2.5 dəfə artacaq. Əhalinin məskunlaşması üçün 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Şəhərdə çoxmərtəbəli binalarla yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək, həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. Nəticədə isə Füzuli şəhəri 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr təşkil edəcək. 21 hektarlıq Mərkəzi Park da salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək.

İndiyədək görülən və yaxın dövrdə həyata keçirilməsi planlaşdırılan tədbirlərin nəticəsində də avqustun 18-dən etibarən Füzuli şəhərinə ilk köç başlayır. İlk olaraq 90 nəfərdən ibarət olan 23 ailənin doğma şəhərinə qayıtması planlaşdırılıb. Ümumilikdə isə birinci mərhələdə Füzuli şəhərinə 144 ailənin köçürülməsi nəzərdə tutulub. Artıq avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə, yəni 509 nəfər iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmışdılar. Onların öz doğma yurd-yuvalarına qayıtması isə Azərbaycan dövlətinin gücünün göstəricisidir.

Jalə QASIMZADƏ,

"Respublika".