Bakının yeni Baş Planı – tıxaca son!
Sosial həyat

Bakının yeni Baş Planı – tıxaca son!

Odlar yurdu Azərbaycanın döyünən ürəyi Bakının tarixi məkanları, müasir tikililəri göz oxşayır. Lakin necə deyərlər, hər gözəlin bir qüsuru olar. Paytaxtımızın valehedici tərəfilə yanaşı, bir sıra çatışmayan cəhətləri də var. Yollarda yaranan tıxaclar, sıxlıq, ətraf mühit, parklar arasında məsafələrin uzaq olması və ya başqa cür desək, dincəlmək üçün yerlərin az olması və sair kimi problemlər hələ də öz aktuallığını qoruyub saxlayır. Məhz buna görə də uzun zamandır ki, Bakı şəhərinin Baş Planı üzərində ciddi işlər görülür, planlar hazırlanılırdı. Nəhayət, ötən ilin son günlərində paytaxtın 2040-cı ilədək inkişafına dair Baş Planı təsdiq edildi. Belə ki, müvafiq planda əhali sıxlığı, mobillik, metro və dəmiryol şəbəkəsi, küçə-yollar, avtomobilləşmə səviyyəsi, ekoloji durumun yaxşılaşdırılması, qəbiristanlıqlar, mühəndis kommunikasiya infrastrukturu, elektrik, istilik, su təchizatı, tullantı və ya yağış suları, rabitə sistemi və sair məsələlər yer alıb. Baş Planın əsas prioritet hədəfi bunlardır: şəhərin dayanıqlı inkişafı, ətraf mühitin regenerasiyası, memarlıq siması və tarixi irsə qayğı, nəhayət, yeni şəhər iqtisadiyyatı.

Planın qarşıya qoyduğu məsələlər hazırda ən aktual problemlərdəndir. İlk növbədə tıxacların azaldılması əslində, yaranan narahatlıqların böyük bir qisminin qarşısını alacaq. Şəhərin daha qaynar nöqtələrində avtobus yollarının təşkil olunması ictimai nəqliyyata tələbatı artıra, yollardakı sıxlığın qarşısını almaqla yanaşı, əhalini getməli olduqları ünvana vaxtında çatdıra bilər. Bundan başqa, yollarda velosiped xətlərinin təşkili də mühüm məsələdir. Belə ki, velosiped yanacaqla işləmədiyi üçün büdcəyə qənaət ediləcək, az yer tutduğuna görə bir nöqtədən başqa yerə çatmaq daha əlverişli olacaq, sağlam həyat tərzi ilə yanaşı, ətraf mühitə də ziyan vurulmayacaq. Əlavə olaraq tramvayların yenidən fəaliyyətə başlaması və metrobusların gətirilməsi nəzərdə tutulub. Bununla da tramvay - elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturunun genişlənməsinə imkan yarana bilər.

Planda nəzərdə tutulan yeni metrostansiyalarının yaradılması məsələsi də müsbət haldır. Mərkəzdəki tıxacların aradan qaldırılması nəticəsində həm Bakının ətraf kəndlərinə gediş-gəliş asanlaşacaq, həm də yol puluna qənaət ediləcək. Çünki kəndlərdən gələn sakinlər mərkəzə çatmaq üçün ən azı iki ictimai nəqliyyat dəyişir və ya taksidən istifadə edirlər. Bu da büdcəyə ciddi ziyan vurur. Bu problemi ən çox yaşayanlardan biri də məhz Sumqayıt sakinləridir. Plana əsasən Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası nəzərdə tutulub. Bununla yanaşı, "Bakı-Sumqayıt şosesi"ndə, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində "Xarici Dairəvi Yolu" ilə birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılıb. Hazırda "Bakı kart"ların bir çox funksiyalar əlavə edilərək yenilənməsi nəqliyyatın əlçatanlılığının təmin edilməsi istiqamətində atılmış mühüm addımlardandır.

İctimai nəqliyyatdan daha çox istifadə edənlər isə əsasən universitet tələbələridir. Xüsusilə metronun "Elmlər Akedemiyası", "28 May" stansiyalarında ali məktəblərin çoxluğu qaynar saatlarda ciddi insan tıxaclarına səbəb olur. Qəbul edilən yeni plana əsasən, paytaxtın mərkəzi hissəsinin yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək. Bu isə əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəlişi təmin edəcək. Həmçinin burada özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar, professor və müəllimlər üçün qonaq evləri və yaşayış yerləri təmin ediləcək. Bundan başqa, burada alış-veriş mərkəzləri, kitabxanalar və tələbələr üçün lazım olan obyektlər olacaq. Nəticədə Universitet şəhərciyinin daxilində tələbələr bütün ehtiyaclarını qarşılaya biləcəklər. Bununla da mərkəzdəki sıxlığın səviyyəsi aşağı düşəcək.

Yaranan sıxlığın azaldılması əhalinin və gələn turistlərin məmnunluğuna, rahatlığına xidmət edəcək. Qısası, tıxacla birgə yaranan narahatlıqlar aradan qaldırılmış olacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".