Gənclər Gününə həsr olunan tədbir
Region

Gənclər Gününə həsr olunan tədbir

Gəncə

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Gəncə Gənclər Evi SXM-nin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Gəncədə Azərbaycan Gəncləri Günü münasibəti ilə ümumşəhər tədbiri keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Musa Quliyev və Naqif Həmzəyev, GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rekoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin fəal gənclər iştirak ediblər. Əvvəlcə, rəsmilər şəhərin aktiv gəncləri ilə birgə ulu öndər Heydər Əliyevin şəhərin Baş meydanında olan abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Daha sonra, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban mərkəzi”ndə “Qalib xalqın qalib gəncləri” mövzusunda sərgiyə baxış keçirilib. Sərgidə Gəncə şəhərində yaşayan istedadlı gənclərin əl işləri, rəsm əsərləri və fotoşəkillər nümayiş olunub. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün uğurla həyata keçirilir. Bu gün, gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişib. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir.

Rəsmi hissədən sonra, istedadlı gənclərin təqdimatında konsert proqramı nümayiş olunub. Sonda, ötən il ərzində Gəncə şəhərinin və ətraf rayonların ictimai-siyasi və mədəni həyatında fərqlənən gənclər “Fəxri fərman”, “Diplom” və “Təşəkkürnamə”lərlə təltif ediliblər.

Zabit XƏLİLOV,

“Respublika”.