Gərginliyin əsas səbəbi 10 noyabr Bəyanatının icra olunmamasıdır
Digər xəbərlər

Gərginliyin əsas səbəbi 10 noyabr Bəyanatının icra olunmamasıdır

Bu günlərdə separatçıların qeyri-qanuni silahlılarının bir qismi Qarabağı tərk ediblər. Onlar "tələbə qiyafəsi"nə bürünərək Laçın sərhəd-keçid məntəqəsinə üz tutublar. Maraqlısı budur ki, separatçı dəstənin arasında bir nəfər də olsun qadın yoxdur. Sosial şəbəkələrdə yayılan görüntülərə diqqətlə baxsaq görərik ki, orada olan şəxslər arasında yaş fərqləri də olduqca böyükdür.

Bölgədə yaşayan ermənilər əgər təşviş yaratmaq və təxribat törətmək niyyətindədirsə, o zaman Azərbaycan tərəfin antiterror əməliyyatı keçirməyə tam haqqı var. Vətən müharibəsindən sonra rəsmi Bakı müxtəlif platformalarda dəfələrlə bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün isə qapılar açıqdır, Qarabağı tərk edib istədikləri yerdə yaşaya bilərlər. Yəni buradakı ermənilər üçün iki yol var, üçüncü yol mövcud deyil. Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi dəyişməzdir: ölkə ərazisində yaşayan və yaşamaq istəyən hər kəs ilk növbədə onun qanunlarına hörmət etməlidir.

Mövzu ilə bağlı hərbi ekspert Ramil MƏmmƏdli bildirib ki, 10 noyabr 2020-ci il Bəyanatı əslində münaqişənin həlli ilə bağlı əsas baza razılaşması kimi effektiv idi: "Çox təəssüf ki, Ermənistan Bəyanatın dördüncü bəndini icra etmir. Rusiya sülhməramlıları əraziyə daxil olduğu müddət ərzində paralel olaraq erməni silahlıları ərazidən çıxmalı idilər. Bu proses reallaşmadı. Nəticədə Ermənistan Qarabağ ərazilərinə müdaxilə etməyə cəhdlər etdi, xüsusilə bölgədə hərbi aktivlik hiss olunmağa başladı. Daxili yerdəyişmələr, silahlanma və sairə addımlar atıldı.

Qarabağ ərazisindən qanunsuz hərbi birləşmələrin çıxarılmaması və tərksilah olunmamasında Rusiyanın da üzərinə böyük məsuliyyət düşür. Çünki 10 noyabr üçtərəfli Bəyanatına imza atanlar arasında Rusiya da var. O cümlədən hazırda danışıqlarda vasitəçi kimi missiyanı öz üzərinə götürən Avropa Birliyi də qanunsuz erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasına nail olmalıdır. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bugünkü gərginliyin əsas səbəbi məhz 10 noyabr 2020-ci il Bəyanatının dördüncü bəndinin icra olunmamasıdır.

Nəhayət, antiterror əməliyyatlarına gəldikdə isə son 3 ildə kiçik lokal hərbi əməliyyatlar həyata keçirilib. Əgər erməni silahlı birləşmələri ərazini tərk etməsələr, bu proses yenə də davam edəcək".

Töhfə SƏMƏDOVA,

"Respublika".