GÖRKƏMLİ ALİM VƏ PEDAQOQ
Digər xəbərlər

GÖRKƏMLİ ALİM VƏ PEDAQOQ

Görkəmli alim, pedaqoq, Əməkdar elm və texnika xadimi, SSRİ Dövlət mükafatı laureatı, texnika elmləri doktoru, professor İzzət Nəbiyev neft sənayesinin avtomatlaşdırılmasının elmi əsaslarının bünövrəsini qoyanlardan biridir. Onun haqqında müəyyən bir istiqamətdə danışmaq çox çətindir. Bacarıqlı təşkilatçı-alim, istedadlı müəllim, texniki elm sahəsində görkəmli nəzəriyyəçinin elmə həsr olunan ömür yolu ölkəmizdə texniki elmlərin yüksəliş və inkişaf yolu olmuşdur. Ümumiyyətlə, onun ölkəmizdə texniki kibernetikanın, hesablama texnikasının inkişafında çox böyük zəhməti var. O, ölkəmizdə neft sənayesinin təşəkkülü və inkişafı sahəsində göstərdiyi xidmətlərə görə ictimai xadim kimi yalnız respublikada deyil, dünya miqyasında da geniş şöhrət qazanmış Azərbaycan alimi idi.

İzzət Əhməd oğlu Nəbiyev 1923-cü ildə Şəki şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 1940-cı ildə orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft Akademiyasının (o zaman Azərbaycan Sənaye İnstitutu adlanırdı) energetika fakültəsinə daxil olmuş, 1949-cu ildə təhsilini başa vurmuşdur.

Elmi-texniki tərəqqiyə daim maraq göstərən mühəndis İ.Nəbiyev 1951-ci ildə Moskva Energetika İnstitutunun məqsədli aspiranturasına göndərilmişdir.

1954-cü ildə aspiranturanı uğurla başa vuran gənc alim texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün müvəffəqiyyətlə dissertasiya işini müdafiə etmişdir.

Alimin "Neft quyularının məhsuldarlığının teleölçüsü üçün avtomatik sistemlər" (Moskva, 1965), "Ölçmə məlumatının yığılması və çevrilməsinin diskret texniki vasitələri" (Moskva, 1978), "Neftçıxarma sənayesi üçün telemexanika kompleksləri" (Moskva, 1982), "Telemexanika" (Ali məktəblər üçün dərslik, Bakı, 1980), "Hesablama üsulları və EHM-in tətbiqi" (Bakı, 1985) kimi tədqiqatları və kitabları müasir neft sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi qarşısında siqlətli vəzifələrin və problemlərin həllində, onun elmi-nəzəri əsaslarının inkişafında diqqətəlayiq rol oynamış əsərlərdəndir. Ümumiyyətlə, alimin elmi-pedaqoji fəaliyyəti 11 monoqrafiya və dərs vəsaitində, 300-dən artıq elmi məqalədə, 50 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.

1957-ci ildən həyatının son günlərinədək alim Sumqayıt şəhərindəki "Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda yerinə yetirilən ittifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində iştirak etmişdir.

O, böyük bir maarifçi ailənin və nəslin yetirməsidir. Babası Rəşid bəy Əfəndiyev ilk Azərbaycan maarifçisi idi. Onun böyük oğlu Məhəmməd bəy Əfəndiyev Azərbaycanın ilk görkəmli riyaziyyatçı alimi olmuşdur. Qızı Maral xanım Əfəndiyeva Azərbaycanın ilk maarifçi qadınlarından idi. O, Şəkidə, Tərtərdə, Qarğabazarda ilk dəfə qız məktəbləri açmışdır. İzzət müəllimin atası Əhməd Nəbiyev əməkdar müəllim adına layiq görülmüşdü.

İ.Nəbiyevin əmək fəaliyyəti ali məktəbdə, yüksəkixtisaslı mütəxəssislər hazırlanması ilə sıx bağlı olmuşdur. 1954-cü ildən həyatının son günlərinədək (yanvar 1993-cü il) o, Azərbaycan Dövlət Neft Akademiyasında işləmiş, assistentdən professora qədər şərəfli bir ömür yolu keçmişdir. Avtomatika üzrə respublikada ilk fakültənin - istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin əsas yaradıcılarından biri olan İ.Nəbiyev onun ilk dekanı olmuş (1960-1963), 1970-ci ildən isə informatika və avtomatlaşdırma sahəsində respublikanın elm və təhsil mərkəzlərindən biri olan avtomatika, telemexanika və elektronika kafedrasının rəhbəri olmuş, həmçinin uzun illər Azərbaycan Təhsil Nazirliyinin elmi-metodiki şurasının "Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması" bölməsinə sədrlik etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və elmlər namizədi yetişmişdir. Son illərdə o, həmin dövrdə çox aktual olan mikroprosessor texnikası əsasında avtomatika və telemexanika sistemlərinin yaradılması sahəsində intensiv işləyirdi.

Onun bizə, tələbələrinə diqqət və qayğısı həyata inam, elmə maraq, optimistlik yaradırdı. Həmin dövrün çox nüfuzlu və tələbkar alimləri ilə əməkdaşlıq etdikdə mən İzzət müəllimin bizə verdiyi biliklərin ən yüksək səviyyədə olduğunu hiss edirdim. O, həm də bizdə hesablama texnikası və kibernetika sahəsinin dünyada, xüsusilə ölkəmiz üçün ən perspektivli və əhəmiyyətli istiqamət olmasına inam yaratmışdı.

Görkəmli alim, unudulmaz insan, tələbkar, təvazökar və yüksək mənəviyyata malik İzzət Nəbiyevin əziz xatirəsini və anadan olmasının 100 illiyini respublikanın elmi-pedaqoji ictimaiyyəti dərin hörmət və minnətdarlıq hissi ilə qeyd edir. Alimin xatirəsi tələbələri üçün xüsusilə əzizdir. Biz illər keçdikcə onun istedadını, xidmətlərini, alicənablığını, xeyirxahlığını, səmimiyyətini, sadəliyini yuxu kimi xatırlayırıq. Mən əminəm ki, azərbaycanda texniki elmlərin inkişafı sahəsində İzzət müəllimin xidmətləri heç vaxt unudulmayacaq.

Telman ƏLİYEV,

akademik.