GÖYLƏRINƏ DÖNƏN ŞƏHID BABA MIKAYILOV
Region

GÖYLƏRINƏ DÖNƏN ŞƏHID BABA MIKAYILOV

31 il idi Mələksima ana hər qapı açılanda yerində diksinirdi. İçəri daxil olanın kimliyini görməyincə ürəyinin döyüntüsü "nəfəsini dərməzdi". Doğrudur, oğlu Babanın gülümsər çöhrəsi gözlərinin önündən nə vaxt çəkilmişdi ki? Amma neçə illər idi qəlbində rahatlıq tapmayan bir dərdi də vardı... Doğma kənddən şəhid düşənlərin analarına apardığı yeganə "həsəd"in "günahkarı" da elə həmin acısı idi. Şəhid anaların Baba kimi qəhrəman, nər övladların çoxu Vətən savaşından "Göylər"imizə geri dönüb, bu əziz torpağın qoynuna baş qoya bilmişdilər. O qəhrəmanların analarının üz söykəyib, övladlarını ağıları ilə ovundurub, laylaları ilə əzizləməyə, oxşamağa "yerləri" var. Amma bu kəndin dörd igidindən heç bir xəbər-ətər yoxdur. İgidi itkin düşən ananın dərdini dağ çəkməz, bala. Deyər ki, dağ da yazıqdı o böyüklükdə dərdin altına girməyə.

...Nəhayət, Göylər kəndinin üzünə "işıq" düşdü. Birinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda könüllü savaşa yollanan qəhrəman döyüşçümüz Baba Balakişi oğlu Mikayılovun nəşinin qalıqları Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqda aşkarlandı.

Göylər kəndi Birinci və İkinci Qarabağ müharibəsində 14 şəhid verib. Onlardan 4-ü itkin hesab edilir:

Bayramov Kamil Canbala oğlu (1965-1992) Daşaltıda itkin düşüb.

Mikayılov Baba Balakişi oğlu (1969-1992) Daşaltıda itkin düşüb.

Məhyəddinov Veyis Rövşən oğlu (1973-1993) Kəlbəcərin Qamışlı istiqamətində xüsusi tapşırığı yerinə yetirərkən itkin düşüb.

Səfərov Sərdar Ələddin oğlu (1973-1994) Murovdağ döyüşlərində itkin düşüb.

Baba Mikayılov 1969-cu il oktyabr ayının 21-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. Burada 1 saylı tam orta məktəbdə təhsil alıb.

1991-ci ildən könüllülər batalyonunun tərkibində Şuşa ətrafında bir sıra döyüşlərdə iştirak edir. Amma Daşaltı əməliyyatı bir çox qeyrətli vətən oğulları kimi Babanın da son döyüşü olur. 27 yanvar 1992-ci il axşam saatlarında könüllülərdən ibarət Azərbaycan ordusunun 3 bölüyü Şuşanın Daşaltı kəndini azad etmək üçün əməliyyata başlasa da sonluq uğursuz olur. Şəhidlər arasında Baba Mikayılov da vardı.

...31 ildən sonra Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş Baba Mikayılovun meyitinin qalıqları Şamaxı rayonunun Göylər kəndinə gətirilərək Sarıtəpə qəbiristanlığında dəfn olunub.

...Hamı əmindir ki, şəhidimizin ruhu bundan sonra dinclik tapacaq. Bir də ki... Mələksima ananın gözləri yollardan yığılacaq. Çünki qəhrəman övladını köksünə sıxmaq üçün üz tutacağı müqəddəs yer bəllidir.

Könül MƏMMƏDOVA,

"Şirvan" qəzetinin baş redaktoru