GÜCLÜ Lider, iqtisadiyyat, dövlət
Siyasət

GÜCLÜ Lider, iqtisadiyyat, dövlət

2003 -cü ilin 15 oktyabrında keçirilmiş prezident seçkilərində xalq öz səsini Heydər Əliyev ideya və siyasətinin davam etməsinə verərək qüdrətli Azərbaycan dövlətinin formalaşmasının təməlini qoymuş oldu. Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə Ümummilli Liderin deyil, hər bir azərbaycanlının ümidlərini doğrultdu. Xalqımız ona etimad göstərməklə həm də öz seçimində yanılmadığını gördü. Andiçmə mərasimində "hər bir azərbaycanlının Prezidenti" olacağına söz verən ölkə başçısı öz andına sadiq qaldı.

Liderlik fenomeni mövcud tarixi-siyasi, coğrafi mühit və siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, milli dövlətin yaranmasında və inkişafında əsas rol oynayır. Regionumuzda həyata keçirilən bütün beynəlxalq, çoxsaylı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının diqqətə alınması ilə baş tutur. Liderlik, həmçinin mənəvi birliyi təmin edir, cəmiyyətdə müəyyən əhval və ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərir. Bu xüsusiyyətlərin təsiri ilə ölkəmizdə siyasi sabitlik qorunur və gələcək inkişaf üçün zəmin yaradılır. Prezident İlham Əliyev öz fəaliyyəti və davranışı ilə Azərbaycan siyasi sisteminə, məntiqi mühakimələr və analitik təhlilə əsaslanan, mütərəqqi, milli məqsədlərə xidmət edən siyasi realizmin nümunəsini təqdim edir.

Cənab İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən zaman bildirmişdir ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacaq, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcək. Çünki bu, Azərbaycanın bu günü və sabahı, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtarıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru inamlı addımlar atmışdır. Məhz onun rəhbərliyi ilə Azərbaycanda dövlətçilik ənənələri qurulmuş, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəmizdə sabitlik yaradılmış və inkişaf başlamışdır. Məhz bu minvalla 20 il ərzində öz vədinə sadiqliyini əyani olaraq sübut edən ölkə başçımız hər bir azərbaycanlının könlündə taxt qurmuşdur.

Bu müddət ərzində regionda reallaşdırdığımız təşəbbüslər böyük uğurlar gətirmiş, həm Azərbaycanın, həm də regional əməkdaşlığın inkişafına əsaslı dayaq olmuşdur. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur və milli-dini tolerantlıq uğurlarımızın təməl prinsipi olmuşdur.

2003-cü ilin 1 oktyabrında Ümummilli Lider Heydər Əliyevin xalqa müraciəti zamanı söylədiyi: "...O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər..." fikirlər Azərbaycan xalqını vahid məqsəd uğrunda birləşdirdi.

Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasətin təməlində duran başlıca amil onun sağlam iqtisadi dayaqlarının mövcudluğundan irəli gəlir: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində biz uğurla inkişaf edirik". 20 ildə Azərbaycanın iqtisadi göstəricilərə görə islahatçı ölkələr siyahısında olması bir daha deyilənlərin təsdiqidir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasına çevrildi. Ölkəmizdə aparılan meqaquruculuq işləri Azərbaycanın gələcək həyatını formalaşdırmış oldu. Son illər sürətli inkişafını yeni uğurlara imza atmaqla davam etdirən Azərbaycan artıq iqtisadi baxımdan dünyanın qüdrətli ölkələrindən birinə çevrilməkdədir. Təbii ki, mövcud sosial-iqtisadi inkişafın sağlam dayaqlar üzərində qurulması uzun illər ərzində Azərbaycanın əldə edəcəyi uğurlardan xəbər verir.

"Əsrin müqaviləsi" müstəqil dövlətimizin inkişafında önəmli rol oynayır. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən, müdrik və qətiyyətli siyasəti nəticəsində həmin müqavilə məhz xarici dövlətlərin Heydər Əliyevə inamı nəticəsində imzalandı. Bu gün məhz "Əsrin müqaviləsi"nin sayəsində iqtisadiyyatımız sürətlə inkişaf edir. Çünki neftdən gələn gəlirlər iqtisadiyyatın digər sahələrinə yönəldilir. Həmçinin qaz ixracında da Azərbaycan dünyada etibarlı tərəfdaş rolunu oynayır.

Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə isə ulu öndərin qurduğu uğurlu iqtisadi təməlin üzərində qüdrətli Azərbaycanın inşasını müşahidə edirik. Belə ki, ÜDM 7.3 milyard dollardan 78.7 milyard dollara yüksəlmiş, dövlət büdcəsinin xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata çatmışdır. Bununla yanaşı, strateji valyuta ehtiyatları 1.4 milyard dollardan 66.1 milyard dollara qədər artıb. Orta aylıq əməkhaqqı 77.4 manatdan 839.4 manata yüksəlmiş, yoxsulluq səviyyəsi 44.7%-dən 5.5%-ə enmişdir.

Ölkəmizin yardım alan ölkədən donor dövlətə çevrilməsi ölkəmizin iqtisadi qüdrətini beynəlxalq müstəvidə göstərməsi üçün önəmli nüansdır. Uğurlu iqtisadi gediş gələcəkdə də Azərbaycanın inkişafının sürətli və dinamik xarakter daşıyacağını, onun daha böyük nailiyyətlərə imza atacağını da şərtləndirməkdədir. Təsadüfi deyil ki, bu gün dünyaca nüfuzlu xarici təşkilatlar Azərbaycanda iqtisadi inkişafın mövcudluğunu və investisiya mühitinin sağlamlaşdığını etiraf edirlər. Bu fakt, həmçinin Azərbaycana xarici investisiya cəlbini də artırır. Bildiyiniz kimi, artıq Azərbaycan neft sektorundan əldə etdiyi kapitalı uzun illərdir ki, qeyri-neft sektoruna ayırır. Bu proses qlobal tələblərin yerinə yetirilməsi çərçivəsində önəmli addım hesab edilir. Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Yaranma vaxtı aktivlərinin 270 milyon dollar təşkil etdiyi Fondun artıq aktivlərinin həcmi ölkənin Ümumi Daxili Məhsulunu üstələyir. Məhz buna görə Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir.

Qeyd edək ki, pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, dövlət iş yerlərinin və səhiyyənin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə Ümumi Daxili Məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır. Pandemiyanın gətirdiyi çətinlik və iqtisadi sabitliyin təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı əhatə edir.

Ölkəmizin "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "Dayanıqlı İnkişaf Hədəfləri İndeksi" üzrə 54-cü pillədə qərarlaşması iqtisadi və sosial çərçivədə atılan uğurlu addımların bəhrəsidir. Əldə edilən nailiyyətlər növbəti illərdə də Azərbaycanın inkişafı üçün əlverişli zəmin yaradır. Hesabatda qeyd edilən amillərdən biri də Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlardır. Məhz bunun nəticəsidir ki, Azərbaycan heç bir xarici borcun əsasında özünü formalaşdırmağa ehtiyac duymur. Cənab İlham Əliyevin liderliyi, rəhbərliyi və əlbəttə ki, müdrik siyasəti nəticəsində. Çünki bu gün Onun ətrafında həm də tükənməz xalq sevgisi formalaşıb. Məhz xalq-iqtidar birliyindən doğan bu güc Azərbaycanın parlaq gələcəyini formalaşdırır, gələcək nailiyyətlər üçün zəmin hazırlayır.

Nurlan ABDALOV,

"Respublika".