Gücümüz milli birliyimizdədir
Siyasət

Gücümüz milli birliyimizdədir

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən qeyd olunan bu bayram həmrəyliyin, birliyin yaranmasında mühüm rol oynayır. Məlum olduğu kimi, qədim zamanlardan bəri xalqımız daim həmrəylik nümayiş etdirib. Həmrəylik gününün qeyd edilməsi artıq dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Bu günün əsası 1989-cu ilin dekabrında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub və bununla Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri tamamilə dağıdılıb. Həmin dövrdə İstanbulda keçirilən türkdilli xalqların konfransında dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması barədə qərar qəbul olunub.

1991-ci il 16 dekabr tarixində isə Azərbaycan xalqının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın vacibliyini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bu gün azərbaycanlılar həmrəy olmaları ilə fəxr edir, bunu qürurla qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eyni zamanda Azərbaycan diasporu üçün mühüm və əlamətdar bayramlardan biri hesab olunur. Xüsusi vurğulamaq lazımdır ki, bu əlamətdar bayram hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, diaspor nümayəndələri üçün də xüsusi əhəmiyyətə malikdir.

Bu gün planetin müxtəlif yerlərində yaşayan azərbaycanlılar başıuca gəzirlər. Çünki 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu dillərə dastan olan zəfər çaldı. Hər anı qəhrəmanlıqlarla dolu və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmən ağır məğlubiyyətə uğradı. Bununla da, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bir məqamı da qeyd edək ki, milli dövlətçilik tariximizdə əldə olunan bu böyük zəfərə xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və ən başlıcası isə Ali Baş Komandanın gərgin diplomatik fəaliyyəti mühüm töhfə verdi. 44 günlük Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın da ölkəmizə böyük dəstəyi oldu. Soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri qələbəmizə öz müsbət təsirini göstərdi. İkinci Qarabağ savaşı dövründə dünya azərbaycanlılarının həmrəylik nümayiş etdirməsi, həmçinin ölkə başçımızın ətrafında sıx birləşməsi xalqımız və millətimiz arasında sarsılmaz bağların mövcudluğunu bir daha təsdiqlədi. Xalq ilə iqtidar arasındakı qırılmaz bağlar bütün dünya güclərinə azərbaycanlıların hansı qüdrətə sahib olduğunu nümayiş etdirdi. Bu birliyin və gücün sayəsində bu gün azərbaycanlılar dünyanın hər yerində qürurla gəzirlər. Dövlətimizin başçısının hər zaman dünya azərbaycanlılarına dəstək göstərməsi də xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətinə geniş imkanlar açıb. Azərbaycan liderinin soydaşlarımıza dəstəyi müxtəlif dövlətlərdə, ölkəmizdən xeyli uzaqlarda yaşayan həmvətənlərimiz arasında da böyük ruh yüksəkliyi yaradıb. Ölkə başçımız hər zaman çıxışlarında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təhlükəsizliyinin, hüquqlarının qorunmasının xüsusi əhəmiyyət kəsb etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Bu günün əhəmiyyətini bir daha dərk etmək üçün ümummilli lider Heydər Əliyevin sözlərini yada salaq. Ulu öndər demişdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq xoş ənənəyə çevrilib: "Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Nəzrin ELDARQIZI,

"Respublika".