GÜN O GÜN OLSUN Kİ...
Digər xəbərlər

GÜN O GÜN OLSUN Kİ...

İllərdir dilimizdən düşməyən istək, alqış, xəyal... İllərdir bütün əlamətdar günlərimizdə bu arzu ilə başlamışıq ürək sözlərimizə: Gün o gün olsun ki... İllərdir əziyyət, ağrı-acılar çəkmişik. Öz vətənimizdə qaçqın, köçkün kimi yaşamağa məcbur olmuşuq. Bir gözümüzlə gülsək, digər gözümüzlə hər zaman ağlamışıq. Yurdumuzu yuxuda görməyi özümüzə təskinlik bilmişik. Vətən həsrətilə bu dünyadan gözüaçıq köçən əzizlərimizi doğma torpaqlarımızda dəfn edə bilməmişik...

İllərdir həsrətində olduğumuz, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşamışıq. 31 ildir ki, məcburi köçkün həyatı yaşayan nisgilli vətəndaşlarımızın yenidən öz doğma ocağına qayıdacaqları inamını içimizdə böyüdüb, ölməyə qoymamışıq.

Qarabağa yenidən dönəcəyimiz günün arzusu ilə ayaqda qalmışıq. Biz bu günü çox gözlədik. Ay yox, gün yox, illərlə… Təxminən bir qərinə. Nəhayət, o gün gəldi!

31 illik kədər sona yetdi! Vətən həsrəti, Vətən nisgili sona çatdı, arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi. Gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi! Qarabağa qovuşduğumuz tarix - 10 noyabr 2020-ci il! Bu gün Böyük Qələbə Günüdür! 8 noyabr isə Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü.

Bəli, o gün Qarabağ münaqişəsinə son qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə və 23 saat 43 dəqiqə içərisində Azərbaycanın qələbəsi ilə bitdi. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı, 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı. 10 noyabr səhəri Azərbaycan xalqı üçün qələbə müjdəsi ilə açıldı. Minlərlə insan müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanını ziyarət edərək onların məzarları qarşısında şükranlıq borclarını yerinə yetirdi.

Xalqımıza qürurunu, güvənini, inamını qaytarmış, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevdən Azərbaycana "Qələbə Bayramı!" əbədi yadigar qalacaq.

Xocalı sakinləri, bir ömür sizə minnətdarıq, bir ömür şəhidlərimizə borcluyuq. Vətənimizin qürurlu əsgəri! Sən məni bəlkə də heç vaxt tanımayacaqsan. Amma mən sənin qüdrətinə bələdəm. Sən Vətənini canından üstün tutansan. Eşq olsun sənə, düşmənlə üz-üzə dayanan, mərd və qorxu bilməyən Azərbaycan əsgəri.

30 illik münaqişəni 44 günə və 23 saat 43 dəqiqəyə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə də bu qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

"Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi. Bu gün qürur hissi ilə deyə bilərik ki, artıq Azərbaycan bütövdür, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Hörmətli cənab Prezident və Ali Baş Komandan, indiki mürəkkəb və şərəfli dövrdə özümə borc bilərək qeyd etmək istəyirəm ki, Xocalı sakinləri və xalqımız Sizinlə fəxr edir, qürur duyur və sizin daxili və xarici siyasətinizi tam olaraq dəstəkləyir:

Bir gün gələr qara bulud çəkilər gedər,

Mərd igidlər Qarabağı tam azad edər.

Xocalıda mənim xalqım toy-bayram edər,

Şadlıq eylər sizin ruhunuz, o günə qurban.

Bu gün sizin ruhunuzun şad olduğu gündür. Canlarını fəda edən oğullarımız, Xocalı artıq azaddır. Hər birimizin gözü aydın olsun. Torpaq həsrətimiz artıq bitdi. Mən dünən Xocalıdan ağlayaraq, dəhşət içində, qorxu içində çıxmışdım, bu gün isə Xocalıya qürurla dönəcəyəm. O torpaqlar bizim üçün müqəddəsdir! Çünki o torpaqlara şəhidlərimizin qanı tökülüb, o torpaqlara can verən körpələrin son nəfəsi, qocaların məsum baxışı, çarəsiz insanların ah-naləsi hopub. İnşallah, torpaqlarımızda bir də günahsız qanlar axmaz, Qarabağımızı yalnız Zəfər tonqalları bürüyər.

Bu gün biz xocalılılar Böyük Qayıdışı səbirsizliklə gözləyirik. Oradan çıxarkən 9 yaşlı bir uşaq olduğum halda bu gün oraya bir müəllim kimi dönüb, fəaliyyətimi Xocalıda davam etdirəcəyəm.

Aliyə ABIŞOVA,

Qarabağ Regional Təhsil İdarəsi

Xocalı təhsil sektorunun metodisti,

Xocalı sakini, şəhid övladı, "Tərəqqi" medallı.