Mədəniyyət

"Hadrut, sən azadsan!" filminin ərsəyə gəlməsi tarixi hadisədir

Rasim İsmayılov: "Hadrut, sən azadsan!" sənədli filminin ərsəyə gəlməsi tarixi hadisədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində filmin ssenari müəllifi Rasim İsmayılov deyib.

O bildirib ki, ekran əsərinin çəkilişləri bir ildən çox davam edib.

R.İsmayılov, həmçinin bədii filmlərin ssenariləri üçün Hadrutda 15-ə yaxın mövzunun olduğunu diqqətə çatdırıb.

 

 

 

 

Orman Əliyev: "Hadrut, sən azadsan!" filmi real hadisələr üzərində qurulub və "Hadrutun azad olunması" planının strategiyasıdır. Video və faktlar əsasında səhnələşdirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Media Mərkəzinin direktoru Orman Əliyev söyləyib. Filmin ərsəyə gəlməsindən danışan O.Əliyev deyib: "Hadrut, sən azadsan!" filmi "Şuşa, sən azadsan!" filminin davamı olaraq Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın istəyi və təşəbbüsü ilə yaranıb. Bu film Qarabağ səfəri filmləri silsiləsindəndir. Biz istəyirik ki, bu mövzuda heç olmasa ildə bir film istehsal edək və yaxud daha çox. Bu, cari ildə bizim ərsəyə gətirdiyimiz filmdir. "Şuşa, sən azadsan!" filminə yalnız Bakı Media Mərkəzinin sosial şəbəkələr səhifələrində 900 mindən çox baxış olub. Bu cür filmlərə tamaşaçılar tərəfindən çox böyük maraq var. İnanırıq ki, bu film də tamaşaçılar tərəfindən maraqla qarşılanar".

"Şuşa, sən azadsan!" filmində real görüntülərin çox olduğunu qeyd edən O.Əliyev Şuşa azad olunandan sonra dərhal çəkiliş qrupu ilə oraya getdiklərini söyləyib: "O zaman bir çox görüntüləri real sənədləşdirə bilmişdik. Çəkilişlər bu ilin sentyabrında baş tutdu. O zaman biz hadisələrin çoxunu bədii tərəfdən səhnələşdirmişdik. Düzdür, çalışmışıq ki, bu, sənədli film olduğu üçün daha çox realistik olsun. İnanırıq ki, öhdəsindən gələ bilmişik", - deyə o əlavə edib.

İzləyicilərin ən çox hansı janrda filmlərə maraq göstərməsindən danışan Media Mərkəzinin direktoru bu mövzuda filmlərin və bədii əsərlərin çoxlu vaxt tələb etdiyini deyib: "Hazırkı film sırf "Hadrut əməliyyatı" üzərində qurulub. Amma bu əməliyyatda o qədər maraqlı hadisələr baş verib ki, onların hər biri bədii, sənədli film üçün bir mövzudur. Ona görə şübhəsiz ki, belə filmlər nə qədər çox olsa, o qədər yaxşıdır".

Müasir tamaşaçının daha çox görüntülü kontent istədiyini vurğulayan O.Əliyev gələcəkdə daha çox bədii filmlərə üstünlük verəcəklərini diqqətə çatdırıb. "Şuşa, sən azadsan!", "Hadrut, sən azadsan!" filmlərinin hamısının real stenoqramlar üzərində çəkildiyini deyən Mərkəzin direktoru onların Müdafiə Nazirliyindən əldə etdiklərini bildirib: "Nəzərə alsaq ki, bu hadisələr yeni baş verib və biz həmin o hadisələrin real iştirakçılarını çəkmişik. Bu isə gələcək nəsillər üçün nadir materialdır. Biz çox şanslıyıq ki, real qəhrəmanları çəkə bilmişik. Məqsədimiz bütün bunları sənədləşdirmək, faktlaşdırmaq və eyni zamanda, real qəhrəmanları göstərmək idi".

Cavidan Şərifov: "Şuşa, sən azadsan!" filminin çəkilişləri zamanı müxtəlif insanlarla görüşdük, əsgərlərlə danışdıq. Onlar Hadrut əməliyyatının çox çətin olduğunu, professionallıq tələb etdiyini söylədilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində "Hadrut, sən azadsan!" sənədli filminin quruluşçu rejissoru Cavidan Şərifov deyib. Gələcək layihələrdən söz açan rejissor deyib: "Çalışırıq ki, belə filmlərə maksimum yer verək. Bizim döyüşən gənclər heç bir zaman unudulmamalıdır. Məhz ona görə də çalışacağıq ki, bu səpkidə filmlər çəkək".

C.Şərifov bildirib ki, filmdə heç bir aktyor çəkilməyib, xüsusi təyinatlı qüvvələrin, ordumuzun əsgər və zabitləri iştirak edib. O, onlarla işləməyin böyük məsuliyyət tələb etdiyini deyib.