Hayastanda “soyuq küləklər”
Siyasət

Hayastanda “soyuq küləklər”

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi şanlı Zəfər və Ermənistanın kapitulyasiyası Nikol Paşinyanın hakimiyyəti üçün təhlükəli həyəcan siqnallarını işə saldı və bundan sonra baş nazir müttəfiqi olan Rusiyanı Ermənistana xəyanət etməkdə ittiham etməyə başladı. 3 ildir ki, Ermənistanın daxili və xarici siyasətindəki dəyişən tendensiyalar özünü qabarıq göstərirdi, lakin ötən ilin sentyabrında, Azərbaycanın Qarabağ ərazisində başlatdığı antiterror tədbirlərində erməni silahlı birləşmələrinin məğlubiyyətindən sonra İrəvanda Paşinyana qarşı kütləvi etirazların başlaması və etirazçıların baş naziri günahlandıraraq, məğlub liderin istefasını tələb etməsi ilə Ermənistan hökumətinin anti-Rusiya siyasəti kulminasiya nöqtəsinə çatdı.

Əvvəlki iqtidarı ittiham edən hökumət başçısı Avropa Parlamentindəki çıxışında növbəti dəfə Rusiyanı hədəf alaraq, müttəfiqlərini xəyanətdə, Ermənistan hakimiyyətini devirmək üçün çağırışlar etməkdə günahlandırdı və açıq şəkildə Rusiya ilə siyasi əlaqələri kəsmək və Fransanın himayəsinə keçmək niyyətində olduğunu bildirdi.

Rusiya-Ermənistan arasında yaranan soyuqluğun təktərəfli olmadığı rəsmi Moskvanın iqtidarının bəyanatlarında əksini tapır. Martın 27-si Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinq zamanı Ermənistan mediasının yönləndirdiyi suala sərt cavabı haylara güvənsizliyi hesab edilə bilər.

Martın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İzvestiya" nəşrinə verdiyi müsahibədə dünyada mövcud vəziyyətlə bağlı əsas sualları cavablandırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri, xüsusilə Fransa prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatlarını, Rusiyada keçirilən prezident seçkilərinin nəticələrinə Qərbin reaksiyasını və Çinin Rusiya-Ukrayna danışıqlarının mümkünlüyü ilə bağlı təkliflərini izah edib. O, Rusiya ilə Ermənistan arasındakı münasibətlərlə bağlı öz rəyini bildirib. Rusiya xarici işlər naziri Ermənistanın baş naziri Nikol Paşinyanı ikitərəfli münasibətlərin pozulmasında ittiham edib, Ermənistandakı vəziyyətin nikbinlik yaratmadığını, Paşinyan hakimiyyətinin son 3 ildə tarixi təhrif edərək uydurma bəyanatlar verdiyini və Rusiya Federasiyası ilə bilərəkdən münasibətləri korlamağa çalışdığını deyib. Nazir nitqində Vətən müharibəsi zamanı Nikol Paşinyanın münaqişəni durdurmaq üçün Vladimir Putinə müraciət etdiyini də açıqlayıb. O, KTMT-nin Azərbaycan-Ermənistan münasibətindəki gərginliyi azaltmaq üçün sülhməramlı prinsipi ilə çıxış etməyə hazır olduqlarını da qeyd edib. Sergey Lavrov KTMT-nin Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə gərginliyi azaltmaq üçün sülhməramlı missiyasında çıxış etməyə hazır olduğunu və mandatın hazırlandığını, lakin görüş zamanı Paşinyan konsensusun olmadığını deməsini diqqətə çatdırıb. Onun bir neçə gün sonra isə Avropa İttifaqının müşahidə missiyasını Ermənistana dəvət etdiyini açıqlayıb. Nazirin sözlərinə görə, indi Ermənistana Norveç, Kanada və ABŞ-dan hərbi qulluqçular göndərilir və onlar Avropa İttifaqının missiyasını Şimali Atlantika alyansının missiyasına çevirirlər. Sergey Lavrovun müsahibəsində Rusiyanın Ermənistana diplomatik müharibə elan edə biləcəyini qeyri-rəsmi bəyanatlarla açıqlamasından aydın olur ki, Rusiya mövqelərini, siyasi kursun ardıcıllığını qoruyub saxlamaq üçün digər vasitələrdən də istifadə edə bilər. Qərbin yazdığı ssenari icra edilsə, Ukraynanın qəmli hekayəsinin Ermənistanda da təkrarlanma ehtimalı artır.

Aiza ŞABANOVA,

"Respublika".