Güclü dövlət, müstəqil siyasət
Siyasət

Güclü dövlət, müstəqil siyasət

18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür

1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə respublikamız öz müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin yorulmaz, məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ulu öndər tərəfindən ictimai-siyasi sabitliyin bərqərar olması, xarici siyasətin milli maraqlara uyğunlaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təsbiti, təmini və müdafiəsinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması inkaredilməz faktdır. Azərbaycanın müstəqil dövlət kimi hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlaması da məhz müstəqil dövlətimizin banisi Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illəri çətin və keşməkeşli olmuşdur. AXC-Müsavat cütlüyünün hakimiyyəti ələ keçirmiş vəzifəli şəxsləri həm iqtisadi-siyasi, həm də sosial-mədəni sahələrdə respublikanı tənəzzülə uğratdılar. Ölkədəki vəziyyətə nəzarət edə bilməyən səlahiyyətli şəxslərin fəaliyyətsizliyi ucbatından ölkədə  vəziyyət günü-gündən pisləşir, hərc-mərclik baş alıb gedirdi. Qanunun tələbləri, vəzifəli şəxslərin əmr və sərəncamları, göstərişləri icra olunmur, xalqın iqtisadi vəziyyəti getdikcə ağırlaşırdı.

İctimai fəlakətlə üz-üzə dayanmış Azərbaycan xalqı, respublika ictimaiyyəti yaxşı dərk edirdi ki, dövlət müstəqilliyimizi yalnız və yalnız Heydər Əliyev dühası, onun dövlət idarəçiliyində zəngin təcrübəsi, zəkası, mübarizliyi, xalqa sədaqəti qoruya bilərdi.

Hamı dərk edirdi ki, ölkəni fəlakətdən , yaranmış ağır vəziyyətdən yalnız Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev xilas edə bilər.  

Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq dövlət müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, müstəqilliyin qarantı olan ordu quruculuğu işlərinə başlanıldı. İctimai-siyasi sabitlik bərqərar edildi. Xarici siyasət milli maraqlara uyğunlaşdırıldı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu, demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirildi.

Heydər Əliyevin apardığı uğurlu neft strategiyası siyasəti isə Azərbaycanın qərblə inteqrasiyasını təmin etmiş, hətta çoxlarına əfsanə kimi görünən layihələrin reallaşmasına səbəb olmuş, ölkənin neft və qaz ehtiyatlarından milli mənafeyimizə tam uyğun surətdə istifadə olunmasına, hasilatın artırılmasına əlverişli şərait yaratmışdır. Neftdən gələn gəlirlər hesabına neft fondu yaradılmışdır.

Heydər Əliyev zaman-zaman, mərhələ-mərhələ ölkədə ictimai-siyasi sabitliyə nail oldu, vətəndaş müharibəsinə son qoydu, hüquqi, dünyəvi, demokratik dövlət, vətəndaş cəmiyyəti qurdu. Azərbaycan dövlətinin bütün dünyada nüfuz sahibi olması üçün əlindən gələni etdi. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir...”

İkinci dəfə respublika rəhbərliyinə qayıdan ulu öndər müstəqil dövlət quruculuğuna başladı. İdarəetmənin qanunvericilik bazasının yaradılmasından siyasi və iqtisadi islahatlara qədər zəruri tədbirlər planının həyata keçirilməsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi.

Azərbaycan dövlətinin müstəqilliyi xalqımızın tarixində ən böyük nailiyyətidir. Düz otuz bir ildir ki, bu xoşbəxtlik hər birimizin həyatındadır. 31 ildir ki, Azərbaycan ailələrində körpələr müstəqil dövlətin vətəndaşları kimi doğulub böyüyür. Dünyanın harasında olursa-olsun üçrəngli bayrağımızı görəndə bütün ruhumuz sevinir. Dünya bizi öz adımızla tanıyır.

Bu gün Azərbaycan öz taleyinin sahibi kimi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ölkəmizdə son illərdə əldə olunan bütün tarixi uğurlar məhz müstəqilliklə bağlıdır.

Müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu isə ulu öndər Heydər Əliyevin siyasi xəttindən keçir. Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sabitliyin və inkişafın təminatçısına çevirmiş, dövlət-xalq birliyi möhkəmlənmiş, güclü ordu yaradılmış, torpaqlarımız işğaldan azad olunmuşdur. Dövlət müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir.

Məhəbbət ƏSGƏROVA,
Nərimanov rayonundakı 37 nömrəli məktəbin direktoru.