Hayastanın ölkəmizin sülh təklifinə adekvat cavabı reinteqrasiya prosesini sürətləndirəcək
Siyasət

Hayastanın ölkəmizin sülh təklifinə adekvat cavabı reinteqrasiya prosesini sürətləndirəcək

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və nəhayət, sülh müqaviləsinin imzalanması artıq zərurətə çevrilib, bölgədə sülh və reinteqrasiya üçün tarixi fürsət yaranıb. Bu mənada, İspaniyanın Qranada şəhərində keçirilən beştərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın bir daha ölkəmizin ərazi bütövlüyünü tanıması Cənubi Qafqaza yaxın zamanlarda sülhün gəlməsinə əminlik yaradır.

Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya formatında nəzərdə tutulan beştərəfli görüşdə ölkəmizin iştirak etməməsi isə Ermənistanla sülh danışıqlarından imtina demək deyil. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizin sülh danışıqlarından geri çəkilmədiyini və Avropa İttifaqı Şurası, Azərbaycan və Ermənistan formatında tezliklə görüşməyə hazır olduğunu bildirib. Dövlət başçımız da İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən görüşlər arasında Brüssel formatını dəstəklədiyini dəfələrlə vurğulayıb.

Bu il sentyabr ayının 19-da Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən sonra qeyri-qanuni separatçı qurumun özünü buraxması və bunun ardınca rus sülhməramlılarının Əsgəran, Şuşa və Ağdərədə yerləşən müşahidə postlarının ləğv edilməsi artıq iki ölkə arasında sabitliyin, təhlükəsizliyin bərqərar olacağına və bu kontekstdə sülh müqaviləsinin imzalanmasının reallaşacağına ümidlər yaradır. Əslində, Azərbaycan 44 günlük müharibədən sonra davamlı olaraq Ermənistanı üçtərəfli Bəyanatın müddəalarına əməl etməyə çağırmış, Qarabağ və ətraf ərazilərdə qanunsuz silahlı birləşmələrini bölgədən çıxarmasını tələb etmişdir. Lakin 30 il ərzində beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı ölkə, İkinci Qarabağ müharibəsində imzaladığı kapitulyasiya aktından irəli gələn öhdəlikləri də yerinə yetirməmişdi. Əksinə, ölkəmizin suveren ərazisi olan Qarabağ və ətraf rayonlarda erməni silahlı dəstələri öz mövqelərini möhkəmləndirmiş, Azərbaycanın konstitusion hüquqları pozulmuş, şərti sərhəddə təxribatlar daha geniş miqyas almışdır. Qarabağı Ermənistanın işğalından azad etdikdən sonra ölkə başçımız bölgədə yaşayan etnik ermənilərin Azərbaycan vətəndaşları olduqlarını, onların hüquqlarının dövlətimiz tərəfindən qorunacağını, azərbaycanlılarla eyni imtiyazlara malik olacaqlarını dönə-dönə vurğulamışdır. Lakin separatçı qüvvələr öz mənafelərindən çıxış edərək Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının beynini yalan, əsassız informasiyalarla dolduraraq ölkəmizə reinteqrasiyasına imkan verməmiş, guya onların hüquqlarının müdafiəçisi kimi çıxış edərək, sözün əsl mənasında girov kimi saxlamışlar.

44 günlük müharibə başa çatdıqdan sonra qarşı tərəflə danışıqlar aparmaq, uzun illər mövcud olan düşmənçiliyi aradan qaldırmaq üçün Azərbaycan bütün zəruri addımları atmışdır. Bu gün də dövlətimiz suveren ərazisi olan Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına, Naxçıvanla Azərbaycanı birləşdirəcək kommunikasiya xətlərinin açılmasına, sərhədlərin delimitasiyasına və bütün bunların fonunda sülh sazişinin imzalanmasına ciddi səy göstərir. İllər boyu Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlıq üçün ciddi təhlükə olan Ermənistan bu gün bölgədə söz sahibinə çevrilən Azərbaycanın yaratdığı vəziyyətlə barışmaq, bu reallığı qəbul etmək məcburiyyətindədir. Çünki qarşı tərəf sülh sazişini imzaladığı halda əsrlər boyu münaqişə mərkəzinə çevrilən Cənubi Qafqazda sülhə, əmin-amanlığa, inkişafa nail olunacaq. Antiterror tədbirlərinin regionda uzunmüddətli sülh yaradacağına ümid etdiyini bildirən ölkə başçımız 20 sentyabr tarixində xalqa müraciətində demişdir: "Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar".

Ermənistanın Azərbaycanın sülh istəyinə adekvat cavab verməsi, regionun inkişafına səy göstərməsi reinteqrasiya prosesini də sürətləndirəcək. Beş prinsipdən ibarət sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı olan, qonşu ölkə ilə münasibətlərin normallaşdırılması prosesinə hazır olduğunu bildirən Azərbaycan regionda davamlı sülh istəyir və Qarabağın erməni sakinlərinin reinteqrasiyası üçün bütün lazımi addımları atır. İlk növbədə, erməniəsilli sakinlərin reinteqrasiyası ilə bağlı Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov bu il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb və onlara Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib. Həmçinin etnik ermənilərin yaşadıqları ərazilərin sosial infrastruktur təminatı - təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s. sahələri dövlətimiz diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə İşçi qrup da yaradılıb. Bu qrupun xətti ilə Xankəndiyə ərzaq, dərman, gigiyenik vasitələr, həmçinin yanacaq-sürtkü materialları da göndərilir. Bütün bunların nəticəsidir ki, bu gün xeyli sayda etnik erməni Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Qarabağ iqtisadi rayonunda yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istədiyini bildirir. Bu isə separatçıların girovluğunda yaşayan erməniəsilli sakinlərin artıq Azərbaycan qanunları altında normal həyat şəraitində yaşamaq istəyinin göstəricisidir. Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdır. İllər boyu xunta rejiminin öz məqsədləri naminə girov kimi saxladıqları etnik ermənilərin ölkəmizə reinteqrasiyası üçün isə sözsüz ki, Azərbaycanın təklif etdiyi 5 baza prinsipindən ibarət sülh müqaviləsinin imzalanması mütləqdir.

Mehparə ƏLİYEVA,

"Respublika".