Rusiyada baş verən terror aktını pisləyirik
Siyasət

Rusiyada baş verən terror aktını pisləyirik

Rusiyada baş vermiş terror aktı qəbuledilməzdir və bütün insani dəyərlərin pozulması deməkdir. Günahsız insanların öldürülməsini məqsəd seçən beynəlxalq terror şəbəkələrinin hələ də mövcud olması təəssüf hissi doğurur.

Bu gün müxtəlif siyasi-imperialist dairələrin məhsulu olan terror təşkilatları dünyanın müxtəlif coğrafiyalarında, günahsız, əliyalın insanların öldürülməsi ilə nəticələnən qorxunc və dəhşətli aktlar həyata keçirirlər. Bu yolu seçənlər daha çox ideoloji baxımdan savadsız, cahil, radikal düşüncəli adamlar olur və onların həyata keçirdiyi terror aktları bütövlükdə sivil insanların həyatına son qoyur. Azərbaycan 30 il ərzində Ermənistanın dövlət terrorunun qurbanı olubdur və biz terrorizmin bütün formalarından əziyyət çəkmişik. Bu mənada bizə qonşu olan, çoxsaylı soydaşımızın yaşayıb işlədiyi bir ölkə, Rusiyada terror aktının baş verməsi, əlbəttə ki, Azərbaycan cəmiyyətində də mənfi reaksiya yaradır. Xalqımız Rusiyada baş verən terror aktını pisləyir. Hadisənin ilk günündən etibarən Rusiyanın Bakıdakı səfirliyinin önündə terror qurbanlarının xatirəsi yad edildi.

"Crocus City Hall"da baş verən terror aktı qlobal imperializmin yaratdığı daha bir acı mənzərəni ortaya qoymuş oldu. Çünki bütün radikal islamçı terror təşkilatları imperialist şəbəkələrin, dairələrin əsiridir. Belə qruplaşmalar onlar tərəfindən yaradılır və nəticədə günahsız insanlar həlak olur.                                                                                    

Tural İSMAYILOV,

politoloq.