Haylar çətin dilemma qarşısında
Siyasət

Haylar çətin dilemma qarşısında

Cənubi Qafqazda yaranan yeni reallığı dərk etmək istəməyən haylar labüd sona doğru addımlayırlar. 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirlərindən lazımi nəticə çıxarmayan rəsmi İrəvan sülh prosesini ləngidərək regional destabilliyi qorumağa çalışır.

Siyasi çəkidə zəif manevrlər Qərb blokunun İrəvana ötürdüyü tezislər əsasında reallaşır. Balansın təmin olunmaması, yeni münaqişələrin yaradılması istəyi məhz bu məkrli planın bir parçasıdır.

Əgər kollektiv qərb Ermənistan ərazilərini Rusiya ilə döyüş meydançası kimi görürsə, N.Paşinyan rejimi də yeni havadarlarını hərbi texnika, iqtisadi və siyasi yardım aləti kimi dəyərləndirir. Bu yolla Azərbaycana qarşı üstünlük əldə edəcəyini düşünən baş nazir Nikol Paşinyan Ermənistan dövlətçiliyini ciddi sual altında qoyur, ölkədaxili xaos daha da dərinləşir.

Şübhəsiz ki, Paşinyanın bu addımları revanşizmə xidmət edir. Beynəlxalq münasibətlərdə aldığı məğlubiyyətin qisası bəhanəsi ilə yeni bir müharibəyə hazırlaşmaq məhz revanşizmlə bağlıdır. Təsadüfi deyil ki, rəsmi İrəvan bu gün sərhədlərin delimitasiya və demarkasiyasında, kommunikasiyaların bərpasında, dəqiq mina xəritələrinin təhvil verilməsində maraqlı deyil. Bu çərçivədə beynəlxalq ictimaiyyət qarşısında verilən açıqlamalardakı natamamlıq, regional müstəvidə sözlə əməlin üst-üstə düşməməsi bu qəbildəndir. Məlumdur ki, Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı təqdim etmişdi. Formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. Lakin bu da növbəti oyundan başqa bir şey deyil. Belə ki, məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

İndi də hayların növbəti ritorikası məhz sərhədlərin delimitasiya və demarkasiyasında özünü göstərir. Uzun müddətdir müzakirə olunan işğal altındakı 8 kəndimizin qaytarılmaması sülh prosesinə zərbə vurur. Belə ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi hələ də düşmən əsarətindədir. Rəsmi İrəvan vaxt uzatma cəhdləri ilə delimitasiya və demarkasiya prosesini reallaşdırmaq istəmir. Lakin unudurlar ki, rəsmi Bakının direktivləri həlledicidir və haqq işimiz sonacan icra olunacaqdır.

Qeyd edək ki, Nikol Paşinyan verdiyi son bəyanatında Azərbaycana qaytarılacaq kəndlərin onlara aid olmadığını etiraf etdi. Bununla da işğal altında olan kəndlərimizin geri qaytarılması reallığı bir daha təsdiq olundu. Lakin müddətin uzadılması, hələ də real irəliləyişə nail olunmaması əsl erməni xislətini göstərir. Ehtimal ki, Paşinyan rejimi havadarlarının hərbi-siyasi dəstəyinin daha da intensivləşməsini gözləyir. Hazırda Fransa, Hindistan, Yunanıstan və ABŞ kimi dövlətlər haylara silah-sursat tədarük edir. Digər tərəfdən, diplomatik sferada isə aprelin 5-də ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin və Nikol Paşinyanın Brüsseldə baş tutacaq görüşü haylar üçün böyük önəm kəsb edir.

Anklav kəndlərimiz Ermənistanın Tovuz və Ararat vilayətlərinin əhatəsində yerləşir. Bu yaşayış məntəqələri 1990-cı illərdə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal olunub. İşğal faktına görə kəndlərin heç birində azərbaycanlı əhali qalmayıb. Onlar Qazax rayonu ərazisində məskunlaşıblar. Anklavlar sovet dövründə yaranıb. Bu gün Azərbaycan haqlı olaraq həmin kəndlərin qaytarılmasını tələb edir. Əgər Ermənistan ölkəmizin 86.6 min kvadratkilometrlik ərazisini tanıyırsa, bu əraziləri də qeyd-şərtsiz təhvil verməlidir. Azərbaycan dövlətinin rəsmi mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında sərhədlərin delimitasiya prosesi çərçivəsində bu kəndlər geri qaytarılmalıdır.

Qüdrətli Azərbaycan dövləti 30 il boyunca "münaqişənin hərb yolu ilə həlli yoxdur" deyənlərə əyani nəticəni göstərdi. Bu gün kollektiv qərb və Paşinyan rejimi labüd sona doğru addımlamağı seçirsə, bu ssenari təkrarlana bilər. Üstəlik, hayların hay-həşiri bu dəfə də heç bir nəticə verməyəcək. BMT-nin kağız üzərində qalan 4 qətnaməsini öz gücünə reallaşdıran Azərbaycanın haqq işi bütün hüquq normalarına tam cavab verir. Belə ki, BMT Nizamnaməsinin 51-ci və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasının məcburi olduğu barədə 25-ci maddələr əsas götürülərək torpaqlarımız geri qaytarılmadıqda hərb yoluna üz tuta bilərik. Lakin qüdrətli Azərbaycan dövləti bütün dövrlərdə olduğu kimi, indi də sülh yolunu daha üstün hesab edir və Ermənistanın bu fürsəti dəyərləndirməsini gözləyir. Hayastan növbəti məğlubiyyətlə üzləşmək istəmirsə rəsmi Bakının çağırışlarına diqqət yetirməlidir. Əks halda, qüdrətli Azərbaycan dövləti həmişə olduğu kimi, öz gücünə ədaləti bərpa edəcək və bütün məsuliyyət Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşəcək.

Nurlan ABDALOV,

"Respublika".