Hayların təxribat hiyləgərliyi
Digər xəbərlər

Hayların təxribat hiyləgərliyi

Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə əvvəldən planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir. Bu sözləri "Reuters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, Qarabağdakı qanunsuz erməni qüvvələri də öz kazarmalarından çıxaraq yüksək döyüş hazırlığı şəraitində cəbhə xəttindəki mövqelərə yerləşdirilib.

Dünən də Ermənistanın paytaxtı İrəvandan böyük hərbi karvan Azərbaycanla şərti sərhədə doğru irəlilədiyinə dair erməni blogerlər görüntülər yaymışdılar. Ümumilikdə, hərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəddə hərbi korpusları fəal şəkildə gücləndirdiyi barədə məlumatları təsdiqləyirlər. Üstəlik, son həftələrdə İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin çatdırılması barədə məlumatlar da xarici mediada yayımlanır. Ölkədə texniki hissələr durmadan işləyir, təmir oluna bilən hər şeyi işə salmağa çalışırlar. Ermənistan Azərbaycanın Qarabağ bölgəsi ərazisində də silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb. Təkcə son bir həftədə ehtiyatda olan on minə qədər hərbçi çağırılıb. Bütün bunlar sərhəddə yeni eskalasiyanın baş verə biləcəyindən xəbər verir. Eyni zamanda, Ermənistanın müdafiə naziri Suren Papikyanın xarici ölkəyə səfərini ləğv edib, buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərməsi də bu ehtimalı gücləndirir. Digər tərəfdən, Papikyanın dünən Fransanın Ermənistandakı səfiri ilə görüşməsindən sonra rəsmi Paris Ermənistan-Azərbaycan sərhədində eskalasiya ilə bağlı xəbərdarlıq edib. Fransa Xarici Siyasət Departamenti bütün sərhəd boyu əraziləri "təhlükəli zona" olaraq qeyd edib. Bütün bunlar ermənilərin sərhəd boyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşdığı iddiasını dəstəkləyir.

Hazırda Ermənistanın 4 istiqamətdə təxribatlara əl ata biləcəyi ehtimalı yüksəkdir. Bunlardan ilki son günlərdə də tez-tez təxribatların hədəfi olan Kəlbəcər istiqamətidir. Bu da təsadüfi deyil, çünki Ermənistan 2021-ci ildən başlayaraq, Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan sərhəd xəttində daha üstün mövqelərə nail olmağa can atır. Eyni zamanda, ermənilər Kəlbəcərin Zod istiqamətindəki mövqelərimizi yenidən nəzarətə götürərək buradakı mədən yataqlarının tam istifadəsinə nail olmağa çalışırlar. Digər istiqamət Laçın ola bilər. Düşmən bu yolla beynəlxalq diqqəti Laçın yoluna cəlb etməklə, Azərbaycanı təcavüzkar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyə bilərlər. Ermənistan bu istiqamətdə hücuma keçməklə həm də Qaragöl ətrafındakı mövqelərini gücləndirməyi hədəfləyir. Ermənilər Zəngəzur dəhlizini arxa plana keçirmək məqsədilə Zəngilandan, eləcə də Ağdam istiqamətindən hücuma keçə bilərlər. Sentyabr ayının ilk 10 gününə nəzər salsaq görərik ki, bu istiqamətlərdə mühəndis istehkamları və səngərlər qurulub. Son dövrdə Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində də aktivləşdiyinin şahidi oluruq. Qeyd edək ki, sentyabrın 9-u saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu bölgənin İranla sərhəddə yerləşdiyini nəzərə alsaq, Paşinyan hökuməti Tehranı prosesə qoşmaqla Bakı-Tehran xəttində çatları dərinləşdirməyi hədəfləyə bilər. Eyni zamanda Sədərək istiqamətində, Arazdəyəndə ABŞ investisiyası ilə zavod inşa edən İrəvanın bu istiqamətdə baş verəcək eskalasiyada Vaşinqtonun reaksiyasına nail olmaq planı da istisna edilmir.

Ümumilikdə isə Ermənistan şərti sərhəddə eskalasiya yaratmaqla beynəlxalq müstəvidə Azərbaycanı hücum edən tərəf kimi göstərmək və rəsmi Bakıya qarşı təzyiqə nail olmaq məqsədi güdür. Amma baş verən yeni bir eskalasiyada İrəvan növbəti dəfə məğlubiyyətə uğrayacaq. Azərbaycan rəsmisi Hikmət Hacıyevin də qeyd etdiyi kimi bizim strategiyamız Azərbaycana qarşı hər hansı silahlı və ya qeyri-qanuni hərbi hərəkətlərin, qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir.

 Jalə QASIMZADƏ,

"Respublika".