Heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın
Siyasət

Heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın

Ötən əsrin əvvəllərində Qarabağa köçürülən ermənilər yaxşı bilirlər ki, bu yerlərin onlara heç bir aidiyyəti yoxdur, sadəcə çar Rusiyasının əli ilə bu ərazilərdə məskunlaşıblar və sonradan bəhrələndikləri torpaqlara qarşı xəyanət etdilər, kölgəsinə sığındıqları azərbaycanlılara qarşı deportasiya və soyqırımı törətdilər. Daha sonra ermənilər müvəqqəti yaşadıqları əraziləri erməniləşdirməyə cəhd etdilər, köhnədən qalma daşların üzərinə xaç şəkli çəkdilər ki, guya həmin daşlar hayların babalarından yadigar qalıb. Keçmiş sovet dönəmində Xankəndidəki ermənilər şəhərin girəcəyində iki qoca erməni təsvir olunan abidəni birbaşa torpaqdan dikəltdilər. Erməni bicliyi və həyasızlığı ilə dikəldilən həmin abidənin mənası belə idi ki, guya haylar bu torpaqlardan baş qaldırıblar, kökləri çox dərinlikdədir. Uzun illərdir ermənilər anlamırlar ki, onların Qarabağ torpaqlarında kökləri yoxdur, onlar adi daş parçası kimi başqa yerlərdən gətirilərək sadəcə bu torpağın üzərinə qoyulub və istənilən vaxt həmin daşları götürüb atmaq mümkündür. Əslində torpaqlarımızı həmin kələ-kötür daşlardan təmizləmək üçün indi dəmir yumruğa çox ciddi ehtiyac yaranıb.

Xankəndidəki separatçılar, daşnaklar, terrorçular demək olar ki, hər gün Azərbaycana böhtan, iftira atır, yalan danışır, rəzil və alçaq hərəkətlərə yol verirlər. İrəvanda Azərbaycan bayrağının yandırılmasına sevinən, təsəlli tapan haylar Şuşa şəhəri haqqında UNESCO-ya ünvanlanan bəyanat yayıb. Əslində cızmaqara hesab olunan həmin "bəyanat"ın Xankəndidəki erməniləri orada saxlamağa yönəldiyi aşkar hiss olunur, Azərbaycan torpaqlarında gizlənən cinayətkar ünsürlər vaxtilə qurduqları tələyə düşdüklərini yaxşı anlayırlar, ona görə də ağıllarına nə gəlirsə onu da uydururlar. Adıçəkilən beynəlxalq təşkilata yalvaran ermənilər iddia edirlər ki, azərbaycanlılar "qədim erməni şəhəri Şuşa"da hayların tarixi, dini və mədəni abidələrini dağıdırlar. Bu qədər həyasızlığı, alçaqlığı, rəzilliyi, yalanı və böhtanı yalnız ermənidən gözləmək olar. Azərbaycanlı qocaları, uşaqları, qadınları etnik nifrət zəminində vəhşiliklə qətlə yetirən, əlləri qana bulaşan, məscidləri murdarlayan və müqəddəs ibadətgahlarda donuz saxlayan, Xocalı soyqırımını törədən ermənilər bir daha şeytan sifətlərini gizlədərək "mələk" donuna bürünərək abidələrinin dərdini çəkirlər. Halbuki həmin sözügedən Şuşadakı erməni abidəsi və kilsəsi Azərbaycan tərəfindən yenidən təmir olunur. Bu sözləri deyən qatil və cinayətkar ermənilər 44 günlük müharibədə qaçıb gizləndilər, 11 min əsgər və zabiti fərari oldu, kişilərini qadın paltarında döyüş bölgəsindən qaçırdılar. Gizləndikləri yer məlum olmasa da məcburən kapitulyasiya aktına qol çəkib bayraqlarını əski parçası tək alçaltdılar. Alçalmaq və köləlik erməniliyin astar üzüdür. Dövlətimizin başçısı İlham Əliyev bayrağımızla bağlı bildirib ki, Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir. Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar. Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır.

Sifətlərini gizlədən haylar erməni faşizminin və xuntanın torpaqlarımızda törətdikləri vəhşiliyə əl çaldılar, onların sağlığına tost dedilər, Şuşada Cıdır düzündə yallı getdilər. Elə zənn etdilər ki, bu elə əbədi də davam edəcək. Yanıldılar, sərsəm fikirlərə qapıldılar, ağalarına arxalandılar, bizə qarşı şərəfsizliyi, islam aləminə nifrətini gizlətməyən ermənilər məscidləri təhqir etdilər, orada donuz saxladılar, qəbiristanlıqları dağıtdılar, dini və mədəni abidələri məhv etdilər. İşğaldan azad edilən ərazilərə diqqət yetirəndə bir daha aydın olur ki, ermənilər 30 ilə yaxın azərbaycanlıların evlərini, yurd yerlərini talan, qarət edəndən sonra oraları ölü zonaya, səhraya çeviriblər. Tarixi qələbədən sonra Azərbaycan dövləti Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin müəyyən edilməsini həyata keçirmək üçün təkliflərini qarşı tərəfə təqdim edib. Azərbaycan sülhün, əmin-amanlığın, mehriban qonşuluğun, tərəfdaşlığın, səmimi münasibətlərin yaranması üçün öz mövqeyini ortalığa qoyub, qarşı tərəfin real addımlar atmasını gözləyir və bütün beynəlxalq görüşlərdə, tədbirlərdə də bunu dilə gətirir. Ermənistanda isə sülh müqaviləsinin bağlanmasına tələsmirlər, erməni cəmiyyəti çarəsiz vəziyyətə düşüb. Həyat sübut etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin səbri çox genişdir, qətiyyəti və qərarı isə dönməzdir. İrəvanda və Xankəndidə məskunlaşan ermənilər bilməlidirlər ki, diplomatik müstəvidə danışıqlar uzun müddət davam edə bilməyəcək, onlar anlamalıdırlar ki, barış əli havada çox qalmayacaq, zaman onlar üçün son zəngləri çalır.

Prezident, Qalib Ali Baş Komandan Salyan şəhərində Azərbaycan televiziyasına müsahibəsində bildirdi ki, biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın. Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət, bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar.

Qeyd edək ki, Ermənistan acı məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə, öz xalqını yenidən fəlakətə sürükləyir, revanşist qüvvələrə meydan verir. Özünü dünyaya məzlum xalq kimi təqdim etməyə vərdiş edən ermənilər əslində yırtıcı və vəhşi bir toplumdur. Unutmaq lazım deyil ki, qarşımızdakı düşmən çox məkrli, bic, yaltaq, ikiüzlü və həm də çox hiyləgərdir. Ermənilərin başqa yolu qalmayıb, əbədi qarşıdurmadan, blokadadan, küncə sıxılmaqdan xilas olmaq üçün Azərbaycanla sülh sazişi imzalanmalıdır. Əbədi düşmənçilik erməni xalqını bəlalara düçar edir. Erməniliyin varlığına çalın-çarpaz dağ kimi basılan və onları ruh düşkünlüyünə salan, yanan işıqları ilə ermənilərin gözünü qamaşdıran Şuşada Zəfər günündə hərbçilər qarşısında xalqımızı düşündürən, narahat edən, Xankəndi, Rusiya sülhməramlıları ilə bağlı bütün məsələlərə aydınlıq gətirən Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev həm də öz şərtlərini bir daha bəyan etdi: -Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək. Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər.

Salman ALIOĞLU,

"Respublika".