Hədəfimiz güclü Azərbaycandır
Siyasət

Hədəfimiz güclü Azərbaycandır

Açıq dənizlərə çıxışı olmayan bir ölkənin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi düşünülmüş siyasətin nəticəsi, ölkəmizin tarixi nailiyyətidir. Azərbaycan Xəzərin də nəqliyyat imkanlarından maksimum istifadədə maraqlıdır. Belə ki, şimaldan cənuba, şərqdən qərbə uzanan yolların kəsişmə nöqtəsi kimi üstün coğrafi mövqeyə malik olan Azərbaycanın da regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində görülən işlər bəhrəsini verməkdədir. Prosesə ilk növbədə daxili daşıma infrastrukturunun yaradılmasından başlanılıb: avtomobil, dəmiryolları təmir olunub, yeniləri inşa edilib.

"Azərbaycan o ölkələrdəndir ki, açıq dənizlərə çıxışı yoxdur. Ancaq buna baxmayaraq… bu gün biz nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Getdikcə rolumuz artacaq, bizə müraciətlər də çoxalacaq…". Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib. Cənab Prezident vurğulayıb ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir.

Qeyd edək ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini, Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. Cənub-Qərb dəhlizi isə daha geniş formatda ölkələri əhatə edir. Azərbaycan bu layihələrin hər birində iştirak edən ölkədir. Bu dəhlizlər, əslində, genişmiqyaslı beynəlxalq əməkdaşlığa da yol açır, Azərbaycanın geosiyasi önəmini daha da artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə olaraq öz fəaliyyətini davam etdirir, etibarlı tərəfdaş kimi tanınır. Bizim artan iqtisadi gücümüz belə tarixi layihələri icra etməyə imkan verir.

Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan yalnız tranzit ölkə deyil, eyni zamanda bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Azərbaycanın nəqliyyat dəhlizi kimi funksionallığını və əhəmiyyətini artıran həm də odur ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında körpü rolunda çıxış etmir, eyni zamanda Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir.

Azərbaycan bu dəhlizin - nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib. Nəticədə, istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu çoxşaxəli haba çevrilib. Azərbaycanın nəqliyyat imkanlarının təhlilini nəzərdən keçirdikdə 4 istiqamət üzrə nəqliyyat xətlərinin inkişafı aydın nəzərə çarpır.

Ölkəmiz hazırda 9 beynəlxaq hava limanına malikdir və ərazisinin ölçülərinə görə, bu, olduqca yüksək göstəricidir. Bu sahədə infrastukturun yaxşılaşdırılması, hava limanlarının ən yüksək səviyyəyə çatdırılması, eləcə də hava məkanından istifadənin liberallaşdırılması istiqamətində ardıcıl işlər görülür. Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yükdaşımaların, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə regionun ən böyük aeroportudur.

Böyük İpək Yolunun bərpası ideyasına uyğun olaraq Azərbaycan bütün nəqliyyat infrastrukturunu, eləcə də avtomobil yollarını bu zəncirin aparıcı həlqəsinə çevirmək istiqamətində mühüm tədbirlər həyata keçirir. Ölkəmiz avtomobil yollarının yenidən qurulmasına da böyük həcmdə investisiya yatırır. Artıq Azərbaycan avtomobil nəqliyyatı ilə Avropa, Mərkəzi Asiya, eləcə də Rusiya ilə Yaxın Şərq ölkələri arasında dəhliz rolunda çıxış edir. Avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması, eyni zamanda yeni yolların çəkilməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizindəki rolunu artırmaqla yanaşı, daxili iqtisadi dinamikanı da stimullaşdırır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi məhz bu yanaşmanın məhsuludur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm yer tutan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tam istifadəyə veriləndən sonra bu logistik mərkəz regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Bu liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək tranzit daşımalara yeni məzmun və dinamizm verəcək. Bundan əlavə, limanın ətrafında yaradılacaq azad ticarət zonası daha çox yükdaşımaların həyata keçirilməsinə əlverişli şərait yaradacaq. Bu liman hər cür hava şəraitində və bütün dəniz daşıma vasitələrini qəbul edib, yola salmaq, müxtəlif növ yükləri aşırmaq üçün müvafiq infrastruktura malikdir. Ələt limanı həm də Şimal-Cənub, Şərq-Qərb avtomobil və dəmiryol şəbəkələri ilə əlaqələndirilib. Bu limanın yükaşırma qabiliyyəti hazırda 15 milyon tondur və bu həcmi 25 milyon tona qədər artırmaq nəzərdə tutulur. Azərbaycan öz müasir infrastrukturunu Çinin həyata keçirdiyi nəhəng "Bir kəmər, bir yol" layihəsinin icrası üçün təqdim etməklə Pekinin bu istiqamətdə edəcəyi dəstəkdən faydalanmağa çalışır. Azərbaycan həm daxili, həm də xarici dəmir yolu nəqliyyat infastrukturunu şaxələndirir, Şərq və Qərb, Şimal və Cənub arasında dəmiryol nəqliyyatını formalaşdırır. 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tarixi İpək Yolunun bərpası istiqamətində də mühüm addım kimi xarakterizə olunur. Çünki Şərqdən gələn yüklərin bu xətt vasitəsilə daşınması daha tez və ucuz başa gəlir.

Ötən il Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə mətbuat qarşısında çıxışı zamanı qeyd etmişdir ki, ölkəmiz Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilir. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Azərbaycanda mövcud nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər, istər böyük dəniz ticarəti limanı, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.

Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, hətta ən uzaq dövlətləri belə birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri kimi tanınıb. Müasir şəraitdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, regional nəqliyyat dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub saxlayır. Xüsusən, qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində deyib: "İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm… Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub".

Mustafa KAMAL,

"Respublika".