Hədəfimiz tarixi torpaqlarımıza qayıtmaqdır
Digər xəbərlər

Hədəfimiz tarixi torpaqlarımıza qayıtmaqdır

XX əsrin bəlası - Deportasiya

Ermənilər Qərbi Azərbaycandakı soydaşlarımızı məhv etmək məqsədilə ayrı-ayrı illərdə yaratdıqları pərakəndə quldur dəstələri ilə kifayətlənməyib, bu işi daha da mütəşəkkiləşdirmək, azərbaycanlıları amansız şəkildə məhv etmək, bu prosesi tezləşdirib onların kökünü kəsmək niyyəti ilə mükəmməl nizami ordu yaratmağa maksimum səy göstərmişlər.

Bu məqsədlə 1917-ci ilin may ayında Rusiyanın müvəqqəti hökumət başçısı Kerenskinin yanına nümayəndələrini göndərirlər. Ondan xahiş edirlər ki, Rusiya ordusunda xidmətdə olan erməniləri buraxsınlar. Məqsəd rus ordusunda xidmət edən erməni əsgər və zabitləri könüllü dəstələrinə cəlb etməklə erməni ordusu yaratmaq, türklərə qarşı mübarizəni gücləndirmək idi. Eyni zamanda ermənilər onlardan silah da tələb edirdilər. Ermənipərəst Kerenski hayların tələblərini təmin etdi. Bununla da ermənilər həmin ilin may ayında 35 min nəfərlik qoşun korpusu yaratdılar. General T.Nazaryan korpus komandiri, Dro Qanyan korpus komandirinin müavini təyin edildi. Korpus 3 diviziyaya bölündü. Diviziyalar arasında sahə bölgüsü də aparıldı. Hər bir diviziyaya hansı bölgələrdəki azərbaycanlıları qırıb, yandırıb, məhv etmək tapşırıldı. General Andranik Qərbi Azərbaycanın Sisyan, Zəngəzur, general Arisyan, Dro Qanyan İrəvan ətrafı, Zəngibasar, Eçmiədzin, Quruduzlu və Vedibasar rayonunun aran hissəsində, Qəmərli və Dərələyəz zonalarında, polkovnik Silikyan isə Göyçə gölü ətrafında azərbaycanlıları məhv etmək tapşırığı almışdır.

Ermənilər Qərbi Azərbaycanın müxtəlif bölgələrində bu plan əsasında analoqu olmayan terror hadisələri törətdilər. Erməni daşnakları Vedi rayonunun Qədirli, Qaraxaç, Birəli, Şahablı kəndlərinin azərbaycanlılarını damlara doldurub yandırdılar. Andranikin quldur dəstəsi Naxçıvandan keçib Zəngəzur zonasında Sisyan, Qafan rayonlarında olan Azərbaycan kəndlərini dağıdıb, əhalisini məhv etdilər. Sisyan rayonunun Urut, Darbaş, Ağudi, Vağudi, Şükür, Məlikli, Şəki və digər kəndlərin Azərbaycan əhalisi amansızlıqla qətlə yetirildi. Həmin günlərdə Qafan rayonunun Oxçu kənd əhalisinin başına gətirilən faciələr barədə Gəncə qubernatoruna 11 dekabr 1918-ci il tarixdə 300 nömrəli teleqramda xəbər verilmişdi. Teleqramda deyilirdi: "Zəngəzur qəzası rəisinin məlumatına görə dekabrın 19-da Andranikin dəstəsi yerli ermənilərlə birlikdə Çığı dərəsində müsəlmanları qırırlar". Andranikin quldur dəstəsi Zəngəzur zonasında 100-dən çox azərbaycanlı kəndlərini talayıb, dağıdıb, əhalisini məhv etmişdir.

İrəvan ətrafında olduğu kimi, Göyçə gölü ətrafı da azərbaycanlıların ən çox yaşadıqları ərazilərdən biri olmuşdur. 1918-ci ilin Novruz bayramı günlərində polkovnik Silikovun quldur dəstəsi Göyçəni mühasirəyə aldı. Ermənilər Şişqaya kəndinə daxil olarkən azərbaycanlıların müqaviməti ilə üzləşirlər. Daşnaklar barışıq adı ilə kənd sakinlərini iri bir mal tövləsinə toplayır, tövlənin qapılarını bağlayıb od vururlar. Bu dəhşətli faciədən tək-tək insanlar yaxa qurtara bilir. Silikov belə qırğınları Basarkeçər, Bala Mirzə, Subatan, Qanlı, Kərkibaş və digər kəndlərində də törədir. Nəhayət, Silikovun qoşunu Basarkeçərin ən böyük kəndi olan Zoda daxil olur. Ermənilər Səməd Ağadan xeyli miqdarda ərzaq tələb edirlər. Əks təqdirdə onların aqibəti pis ola bilərdi. Səməd Ağa müdrik və uzaqgörən insan idi. Silikovun tələblərinin yerinə yetiriləcəyi bildirilsə də Səməd Ağanın bir işarəsi ilə ermənilər tərəfə güllə yağışı yağdırıldı. Başda Silikov olmaqla, erməni cəlladlarından bir nəfər belə sağ qalmadı.

Bu xəbər Bakıda qatı millətçi, bolşevik adı ilə azərbaycanlılara divan tutan Stepan Şaumyana çatdırıldı. O, şok vəziyyətinə düşdü. Dilindən çıxan ilk kəlmə bu oldu: "Türklərlə savaşda çox ehtiyatlı olmaq lazımdır. Odla oynamaq olmaz".

Zod kəndində ermənilərə "dərs" veriləndən sonra Qərbi Azərbaycana yeridilən erməni quldur dəstələrinə əlavə qüvvələr göndərildi. Müsəlmanlara qanlı divan tutuldu. Qırğınlar 1920-ci il noyabrın 29-dək, Ermənistanda sovet hakimiyyəti qurulanadək davam etdi.

Sovet hakimiyyəti illərində də erməni daşnakları öz çirkin əməllərindən əl çəkmədilər. Mərkəzdən rayon rəhbərlərinə tapşırılmışdır ki, ali təhsilli azərbaycanlı gənclərin Qərbi Azərbaycan ərazisində işlə təmin olunmasına yol verilməsin və iş axtarmaq məqsədilə doğma yurdlarını tərk etsinlər. Basarkeçər rayonunda əhalinin 70-80 faizini azərbaycanlılar təşkil etdikləri halda, son illərdə rayon partiya komitəsinin birinci katibi vəzifəsinə erməni yerləşdirilmişdir. Hansı ki, uzun illər rayon partiya komitəsinin birinci katibləri Talıb Musayev, SSRİ Ali Sovetinin deputatı Yunis Rzayev olmuşdur.

1948-1953-cü illərdə Qərbi azərbaycanlılara yenidən xəyanət toru hazırlandı. İ.Stalin, Molotov, A.Harutyunov və digər ermənipərəst qüvvələrin satqınlığı ucbatından Qərbi Azərbaycanın müxtəlif bölgələrindən 150 min soydaşımız zorla "könüllülük" prinsipi altında Azərbaycanın Kür-Araz ovalığına və digər bölgələrinə köçürüldü. XX əsrin 80-ci illərində ermənilər daha da fəallaşdılar. Onlar keçmiş Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün müxtəlif təxribatlara əl atdılar, Mixail Qorbaçov başda olmaqla, Moskvadakı anti-Azərbaycan qüvvələri ermənilərə dəstək verdilər. Haylar İrəvanda təşkil olunmuş kütləvi mitinqlərdə azərbaycanlıların Ermənistandan çıxarılmasını qətiyyətlə tələb etdilər. Qərbi azərbaycanlılar arxasız, köməksiz qaldı. 1988-ci ildə 300 min soydaşımız məcburən ata-baba torpaqlarından ayrıldılar. Neçə-neçə azərbaycanlı işgəncə ilə qətlə yetirildi, ev-eşikləri dağıdıldı. Son deportasiya dövründə bir nəfər olsun belə soydaşımız Qərbi Azərbaycanda qalmadı.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşdü. Ölkə başçısı proqram xarakterli çıxışında Qərbi azərbaycanlıların doğma yurdlarına tezliklə qayıdacaqlarını bildirdi. Vurğulandı ki, Qərbi Azərbaycan kimi gözəl, böyük bir türk diyarına qayıdış bizim əsas hədəfimizdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarabağlılar artıq öz doğma torpaqlarına qayıdır, azərbaycanlıların növbəti qayıdacaqları yer Qərbi Azərbaycan olacaqdır. Artıq Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdacaqları gün yaxınlaşır və bu proses beynəlxalq hüquq normalarına əsaslanmaqla həyata keçirilməlidir.

İlk növbədə, qayıdış hüququ ilə bağlı beynəlxalq və milli-hüquqi əsasları nəzərdən keçirmək lazımdır. Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən zor gücünə qovulan soydaşlarımızın tarixi yurd yerlərinə qayıtmaq istəyi onların beynəlxalq konvensiyalarla təsbit olunan hüquqlarıdır.

Firdovsi AĞAYEV,

İsmayıllı Rayon

Mərkəzi Xəstəxanasının

Reanimasiya Şöbəsinin müdiri.