Hər əməlində münaqişəyə, müharibəyə yaxınlaşan işğalçı
Digər xəbərlər

Hər əməlində münaqişəyə, müharibəyə yaxınlaşan işğalçı

İkinci Qarabağ müharibəsində qalibiyyəti ilə Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində ciddi səy göstərdiyi halda qarşı tərəf bölgədə gərginliyin artmasına davamlı cəhd edir. Ermənistan beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən görüşlərdə sülh tərəfdarı olduğunu bildirsə də, Azərbaycanla şərti sərhəddə törətmədiyi cinayət, təxribat qalmayıb. Qarabağda məskunlaşan qanunsuz birləşmələrinə silah-sursat daşımaq, təbii sərvətlərimizi talan etmək, uzunmüddətli fortifikasiya qurğuları qurmağa cəhd göstərmək, "boz zona"nın hər perimetri boyunca minalar yerləşdirməyə davam etməklə alçaq niyyətlərindən əl çəkmir. Təxribat xarakterli hər əməlində layiqli cavabını alsa da, düşmən hərbi fəallığını davam etdirir.

Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını, sözün əsl mənasında, girovluqda saxlayan, onların reinteqrasiyasına imkan verməyən separatçılar və havadarları sülh danışıqlarının irəliləməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına maneələr yaratmaqla müharibə alovlarını yenidən qızışdırırlar. Qarabağlı etnik ermənilərin azərbaycanlılarla bərabər hüquqa malik olacaqlarına, onların hüquqlarının qorunacağına dövlətimiz tərəfindən zəmanət verilsə də, revanşist qüvvələr Azərbaycanın bu addımlarının reallaşmasına hər vəchlə mane olur. İkinci Qarabağ müharibəsindən 3 il keçməsinə baxmayaraq, hələ də sülhə doğru əməli addım atmayan Ermənistan siyasi manipulyasiyalarını davam etdirir. Hər əməlində yeni münaqişəyə, növbəti müharibəyə yaxınlaşan işğalçı ölkə 44 günlük müharibədə məğlubiyyətini ehtiva edən kapitulyasiya aktının müddəalarını yerinə yetirməməklə regionda vəziyyətin normallaşmasında, qonşuluq münasibətlərinin yaxşılaşmasında maraqlı olmadığını nümayiş etdirir. Belə ki, Azərbaycana məxsus ərazilərdən qanunsuz silahlı birləşmələrinin tör-töküntülərini hələ də çıxarmaması, Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasına imkan verməməsi qarşı tərəfin Azərbaycanın qalibiyyətini həzm edə bilmədiyinin, eyni zamanda erməni havadarlarının yeni münaqişə ocağı yaratmaq niyyətinin göstəricisidir. İkinci Qarabağ müharibəsinin bitdiyi ilk vaxtlardan Qalib Azərbaycanın uzatdığı barışıq əlini geri çevirən Ermənistan dövlətimizin əleyhinə qarayaxmalar, əsassız ittihamlar irəli sürməklə düşmənçilik mövqeyindən əl çəkmir. Qanunsuz hərbi və digər məqsədlər üçün sui-istifadə etdiyi Laçın yolunun başlanğıcında Azərbaycanın legitim hüququ olan sərhəd - nəzarət-buraxılış məntəqəsi yaratmasını "blokada" adlandıraraq bütün dünyaya yalan informasiyalar yayan mənfur düşmən dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirən təxribat əməlləri ilə regionda sülhü təhdid edir. Azərbaycanın guya humanitar böhran yaratdığını, Qarabağda yaşayan əhalinin blokada şəraitində yaşadığını bəyan edən Ermənistanın yalan, böhtan dolu əsassız iddiaları isə beynəlxalq müstəvidə öz təsdiqini tapmadı. Əksinə, bütün dünya ictimaiyyəti "səfalət" içində yaşayan əhalinin Azərbaycan tərəfindən göndərilən humanitar yardımı qəbul etməməsinin şahidi oldu və bir daha Ermənistanın ittihamlarının heç bir əsası olmadığını gördü.

Rəsmi Bakı Qarabağ ermənilərinin humanitar fəlakətlə üz-üzə olmadığını dəfələrlə, hətta BMT Təhlükəsizlik Şurası səviyyəsində təsdiq etdi. Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin ləğv olunması ilə bağlı müraciəti rədd edilən, BMT Təhlükəsizlik Şurasının Laçın-Xankəndi yolunun "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili keçirilən iclasında əsassız iddiaları fiaskoya uğrayan Ermənistan növbəti təxribatlara əl atdı. Düşmən həddini bir az da aşaraq ölkəmizlə sərhəddə müxtəlif istiqamətlərdə təxribat əməllərini daha da artırdı. Qarabağda qondarma rejimə "prezident seçkiləri" keçirdi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bu barədə yazıb: "Yalan və uydurma seçkilər. Bunu ciddi uğursuzluq adlandırmaq istərdim. Qanunsuz marionet rejimi ləğv edilməli və tərk-silah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin yaşaya və birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur".

Separatçılara hər cür yardım göstərən, sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, əməldə tamamilə fərqli mövqe sərgiləyən Ermənistanın ehtiyatda olan hərbçilərini səfərbər etməsi, Azərbaycanla şərti sərhədə canlı qüvvə və hərbi texnika, ağır artilleriya qurğuları yerləşdirməsi işğalçı ölkənin yeni müharibəyə hazırlığından xəbər verir. Bölgədə hər keçən gün gərginliyi daha da artıran, İkinci Qarabağ müharibəsindən lazımi nəticə çıxarmayan Ermənistan fərarilərinin, döyüş meydanına zorla gətirilən əsgərlərinin rəşadətli Azərbaycan Ordusunun qarşısında diz çökdüyü günləri unudub. Unudub ki, Azərbaycanın nəyi necə və nə vaxt etməyi çox yaxşı bilən Müzəffər Ali Baş Komandanı, dünyanın 50 ən güclü ordu sıralarına yüksəlmiş yenilməz Ordusu, bir qarış torpağı uğrunda minlərlə can fəda edən qəhrəman xalqı var. Bu birliyin qarşısına çıxmaq isə heç kəsin həddi deyil. Buna görə də öz siyasətini əsassız iddialar üzərində quran Ermənistan nə qədər ki, gec deyil, düşmənçilik siyasətindən, boş xülya olan ərazi iddialarından əl çəkməlidir. Yoxsa, qarşısında öz hüquqlarını müdafiə etmək, istənilən hərbi vəzifəni icra etmək gücünə qadir olan qüdrətli Azərbaycanı görəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".