Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir
Siyasət

Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Respublika"-ya bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabit heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə olub.

Çətin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin hərbi qulluqçularla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq qərar və əmrlərinin tələbləri, o cümlədən sayıqlığın artırılmasına dair təlimatları və təhlükəsizlik qaydaları şəxsi heyətə çatdırılıb.

Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib.

Hərbi qulluqçular isə öz növbələrində göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.