Hərtərəfli əməkdaşlıq gücləndirilir
İqtisadiyyat

Hərtərəfli əməkdaşlıq gücləndirilir

Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib. Özbəkistanlı nazirlə görüş zamanı dostluq və qardaşlıq münasibətlərimizin gündəliyinin çox geniş olduğunu və müxtəlif istiqamətləri əhatə etdiyini deyən Prezident İlham Əliyev iqtisadi, sənaye, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulan birgə layihələrin önəmini qeyd edib. Qonaq Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxması üçün möhkəm əsas yaratdığını bildirib, hər iki dövlət başçısının qarşılıqlı səfərlərinin və görüşlərinin strateji əlaqələrimizin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb.

Qeyd edək ki, tarixi köklərə dayanan Azərbaycan bu gün ən yüksək səviyyədə inkişaf edir. İsti münasibətlərin yaranmasında dil, din faktoru ilə yanaşı, dövlət başçıları arasındakı səmimi dostluq əlaqələri də xüsusi rol oynayır. Məhz bu baxımdan qeyd edilməlidir ki, Özbəkistan lideri Şavkat Mirziyoyev Prezident seçkilərindəki qələbədən sonra birinci dövlət səfərini ölkəmizə etmişdi. Qardaş ölkə, həmçinin Azərbaycan-Ermənistan münaqişəsində ədalətli mövqe tutan azsaylı dövlətlərdən biri olub. Özbəkistan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işinə də töhfə verib. Prezident Şavkat Mirziyoyev və özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb yeni dərs ilindən etibarən artıq istifadəyə verilib. Avqustun 23-də hər iki ölkənin rəhbərləri xanımları ilə birgə məktəbin açılış mərasimində iştirak etmişdirlər. 2022-ci ildə başlayan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.

Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilən Özbəkistan ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycan üçün prioritet istiqamətlərdən biridir və hərtərəfli əməkdaşlığın gücləndirilməsi yolunda səmərəli addımlar atılır. Demək olar ki, bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Dövlət başçılarının əlaqələrin inkişafına göstərdikləri diqqət sayəsində siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə tərəfdaşlıq üçün yaxşı şərait formalaşıb. Ötən ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana baş tutan dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə"ni imzalayıblar. Bu sənəd mahiyyətcə iki dost ölkənin gələcək strateji əməkdaşlığının yol xəritəsidir.

İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət sahəsində ötən il 63 faizdən çox artım müşahidə olunub. Bundan başqa ölkələr arasında investisiya, avtomobil, kənd təsərrüfatı və məişət texnikası istehsalı, metallurgiya, Azərbaycanın sənaye zonalarında birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial vardır. Bu il yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iqtisadi əlaqələrin, yeni investisiya layihələrinin reallaşdırılmasında, iş yerlərinin yaradılmasında olduqca əhəmiyyətli təsirə malikdir.

Cari ilin fevral ayında Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumunun birgə təşəbbüslər üçün mühüm platforma olduğunu əminlikə söyləmək olar.

Forum çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlər hüquqi qüvvəyə minib. Belə ki, Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu, "AzerGold" QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumu, "Mega Invest Industrial" MMC şirkəti ilə "NABUCCO A&C" şirkəti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum, "Cahan Sənaye Kompleksi" MMC ilə "Azimut Plus" MMC arasında əməkdaşlıq üzrə Saziş imzalanıb.

İki ölkə arasındakı digər bir mühüm sənəd iyulun 18-də mədəniyyət paytaxtımız Şuşada Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın 12-ci iclasının yekunlarına dair imzalanan protokol olub. Sənədə əsasən iqtisadi-ticarət, enerji, nəqliyyat, innovasiyalar və startaplar, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su təsərrüfatı, turizm, humanitar və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Musa BAĞIRLI,

"Respublika".