Heydər Əliyev ideyaları xalqımızın milli sərvətidir
Digər xəbərlər

Heydər Əliyev ideyaları xalqımızın milli sərvətidir

Xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolu əvəzsizdir. Heydər Əliyev XX əsr tariximizi dəyişdirən və ölkəmizi böyük təlatümlərdən, məhv olmaq təhlükəsindən xilas edən belə dahi liderlərdəndir. Düz 100 il bundan öncə Azərbaycan torpağında Heydər Əliyev adında bir Günəşin doğulması son 50 ildə ölkəmizi işıqlandırmış və bundan sonra da işıqlandırmağa davam edəcəkdir. Bu günəşin nurundan nəinki Azərbaycan xalqı, həmçinin dünya xalqları da bəhrələnir. Ümummilli Liderimiz öz həyatı və yaşadığı mənalı ömür yolu ilə hələ yüz illər sonra da belə xatırlanacaq.

Bu zəngin və keşməkeşli həyatın hər bir anı diqqətlə öyrənilməli və böyük şəxsiyyətin ömür yolu bütün gələcək nəsillərə nümunə olmalıdır. Heydər Əliyev dühasının böyüklüyü illər keçdikcə daha bariz şəkildə görünür. Heydər Əliyev dühası o qədər böyük idi ki, siyasi rəqibləri, hətta bəzi hallarda ölkəmizin düşmənləri belə onun apardığı siyasət qarşısında heç vaxt tutarlı dəlil gətirə bilməmiş və onu dünya siyasətinə yön verən şəxslərdən biri kimi qəbul etməyə məcbur qalmışlar. O, öz ömrünü, sağlamlığını xalqının xoşbəxt gələcəyi üçün hər an qurban verməyə hazır olan bir şəxsiyyət idi.

Azərbaycançılıq ideyası özünü dərk edəndən ruhuna hakim olan dahi şəxsiyyət bu ideyanı öz həyatı bahasına SSRİ dövründə yaratmış, inkişaf etdirmiş və müstəqillik dövründə də davam etdirmişdir. Ümummilli Liderimiz azərbaycançılıq ideyasını hakimiyyətə gəldiyi ilk günlərdə - 1969-cu il noyabrın 1-də Bakı Dövlət Universitetinin 50 illiyində etdiyi çıxışda qoymuşdur. Məhz həmin vaxt Ulu Öndər ana dilimizdə çıxış etməklə, ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoya bildi. Ümummilli Liderimiz daim Azərbaycanın gələcəyini düşünmüş və uzaqgörənliklə atdığı addımlarla, dövlətimizin siyasi müstəqilliyi yolunda mühüm işlər görmüşdür. Əminliklə demək olar ki, Ulu Öndər hələ sovet dönəmində rəhbərlik etdiyi vaxtlardan Azərbaycanın müstəqil olacağını, azərbaycanlıların öz istiqlaliyyətinə qovuşacağını bilirdi. Bu müddət ərzində Ulu Öndər tərəfindən həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşərək siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız hüquqi bir dövlətdə, milli dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir.

2001-ci il noyabr ayının 9-da keçirilən dünya Azərbaycanlılarının I qurultayında Ulu Öndər milli dövlətçiliyimizin ideya təməli barəsində danışarkən ona çox dəqiq və birmənalı tərif verdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır".

Heydər Əliyevin Azərbaycan üçün etdikləri barədə düşünərkən belə qənaətə gəlirsən ki, yalnız xalqına belə ürəkdən bağlanan və xalqının vurğunu olan şəxs onun etdiklərini edə bilərdi. Dəmir imperiyanın dövründə onun xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı işləri, milli məfkurəmiz, milli ruhun və milli özünüdərkin oyanışı üçün etdiklərini düşünəndə həmin dövrün çətinliyini anlayan və dövlətini sevən hər bir şəxs bu fenomenin qarşısında baş əyir. Təkcə bir fakt belə onun xalqına məhəbbətini və sadəqətini göstərmək üçün kifayətdir. Pantürkizmdə ittiham olunaraq repressiyalara məruz qalan dahi şair, yazıçı və dramaturqumuz Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana köçürülməsi ən yumşaq formada ifadə etsək ciddi risk idi. Lakin o həmişə olduğu kimi, azərbaycançılıq ideyası üçün öz həyatını təhlükəyə atmağı gözə almışdı. Dahi Lider yaxşı anlayırdı ki, yalnız bu yolla sovet Azərbaycanı dövründə milli kimliyimiz qoruna və gələcək müstəqil Azərbaycana miras qala bilərdi. Ana dilimizin xalqın ən böyük sərvəti kimi qorunub saxlanılması və dəyərləndirilməsi də məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. Ana dilimiz onun cəsarəti və uzaqgörənliyi sayəsində tarixdə ilk dəfə Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit edildi, inkişaf etdirildi və bugünkü günə gəlib çatdı. Azərbaycan sovetlər ittifaqının tərkibindəki 3 respublikadan biri idi ki, onun konstitusiyasında xalqın danışdığı əsas dilə - Azərbaycan dilinə dövlət dili statusu verilmişdir.

Lakin Ulu Öndərin çoxşaxəli fəaliyyəti heç də bununla məhdudlaşmırdı, eyni vaxtda həm iqtisadiyyatımızı inkişaf etdirir, milli mədəniyyətimizə ən böyük qayğını göstərir, elmin inkişafı üçün çalışır, milli kadrlarımızın yetişdirilməsi üçün böyük işlər görürdü. Bir sözlə, xalqımızın gələcəyi üçün mühüm olan elə bir sahə yox idi ki, o sahə Heydər Əliyevin diqqət və qayğısından kənarda qalsın. Hələ dəmir imperiya dövründə onun hərbi quruculuq sahəsində gördüyü işlər, milli hərbi kadrların hazırlanması işində yaratdığı əsaslar müstəqillik dövründə yaradılan Azərbaycan ordusunun ilk özəklərini təşkil etmişdi.

1982-1987-ci illərdə dünyanın fövqəldövləti sayılan sovetlər birliyində ən ali hakimiyyət orqanında təmsil olunan Heydər Əliyev ittifaq miqyasında çoxhəcmli və gərgin fəaliyyətinə rəğmən, 5 il ərzində Azərbaycanda gedən bütün ictimai, siyasi və mədəni proseslərə nəzarət etdi. Qısa müddətdə çox böyük nüfuz və şöhrət qazanan Heydər Əliyevin siyasi lider kimi təkcə sovetlər məkanında deyil, bütün dünyada tanınması bu böyük insandan bir çox cəhətlərinə və xüsusiyyətlərinə görə geri qalan Kreml yetkililərinin həsəd və qibtəsinə səbəb oldu. Məkrli plan əsasında ən böyük Azərbaycanlının vəzifəsindən uzaqlaşdırılması və bundan dərhal sonra Qarabağ probleminin ortaya atılması ilə Azərbaycanın 6 illik tənəzzül dövrü bir daha sübut etdi ki, Heydər Əliyevsiz Azərbaycanı təsəvvür etmək, onun ümumbəşəri ideyalarından bəhrələnmədən tərəqqiyə nail olmaq qeyri-mümkündür.

1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir. Ümummilli Lider: "Mən buraya vəzifə üçün gəlməmişəm. Mən böyük yükü ancaq ona görə çiynimə götürmüşəm ki, xalqın həyatının ən çətin dövründə ona xidmət göstərim" deyərək ömrünün qalan hissəsini də xalqının xilasına həsr edəcəyini bildirmişdir. Elə onun dediyi kimi də oldu. Müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 illik dövrdə gördüyü işlər xalqı çətin vəziyyətdən çıxararaq işıqlı yola yönəltdi.

Heydər Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.

Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hər bir cümləsinin hazırlanmasında onun rolu vardır. Konstitusiyanın qəbulu hüquqi dövlət quruculuğunun gələcək atributlarının yaranması üçün mühüm təkan olmuş və bu sənəd dünyada mövcud olan ən yüksək insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirmişdir.

Doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə aparmışdır. Heydər Əliyev siyasi müdrikliyi, polad iradəsi və qətiyyəti, ən əsası - xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarmışdır.

Müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğuna və yenidən formalaşmasına görə ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəçiliyi sistemində öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilmiş demokratik və hüquqi islahatlar müstəqil dövlət quruculuğunda müstəsna əhəmiyyət kəsb etmişdir. Bu islahatlar ölkənin hüquq sistemində əsaslı dəyişiklərin həyata keçirilməsinə şərait yaratmış, dünya təcrübəsi nəzərə alınmaqla bir sıra mühüm qanunlar qəbul olunmuşdur.

Bu islahatlar nəticəsində Azərbaycan Prokurorluğunun da müasir tələblərə uyğunlaşdırılmasına geniş imkanlar yaranmışdır. "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq işçilərinin fərqlənmə nişanları və geyim formaları haqqında" qanunlar və "Prokurorluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamə respublikanın prokurorluq sistemini yenidən qurmaq, onun fəaliyyətini hüquqi dövlətin funksiyalarına uyğunlaşdırmaq baxımından əsaslı zəmin yaratmışdır.

Heydər Əliyevin 2000-ci il 26 aprel tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirə prokurorluğun tarixində əsl dönüş nöqtəsi olmuş, Ulu Öndərin həmin müşavirədəki tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən milli prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.

Xüsusilə qeyd etmək lazımdır ki, təkcə son 3 il ərzində prokurorluq orqanlarının fəaliyyətində ciddi inkişafa nail olunması, Azərbaycan prokurorluğunun beynəlxalq əlaqələrinin tarixinin ən yüksək səviyyəsinə çatması, cəmiyyətdə nüfuzunun hiss olunacaq qədər artması və s. prokurorluq orqanlarında Heydər Əliyev ideyalarının yüksək şəkildə reallaşdırıldığını göstərir.

Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Ümummilli Liderin siyasətini uğurla və qətiyyətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin müstəqilliyini qoruyub saxlayır, dövlətçiliyimizi möhkəmləndirir, qloballaşmanın doğurduğu maneələri dəf edərək ölkənin daha da qüdrətlənməsinə çalışır. Respublikamızın həyatında müsbət dəyişikliklərin baş verməsi, iqtisadi islahatların dərinləşməsi, regionlarda mövcud potensialın hərəkətə gətirilməsi, beynəlxalq aləmdə ölkənin nüfuzunun getdikcə artması Heydər Əliyev siyasi kursunun uğurla davam edirilməsinin parlaq təzahürüdür.

Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xətti daha da inkişaf etdirən Prezidentimizin rəhbərliyi ilə xalqımız min illərə söykənən tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsini yaşamış və Zəfər qazanmışdır. İşğalçıları torpaqlarımızdan qovaraq doğma Qarabağımızı əsl sahibi olan Azərbaycan xalqına qaytaran və Müzəffər Ali Baş Komandan kimi müasir tariximizi qızıl hərflərlə yazan Prezidentimiz Ümummilli Liderimizin vəsiyyətini yerinə yetirmişdir. Doğma Şuşamızın azad edilməsi ilə bağlı çıxışında cənab Prezidentimiz: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!" sözlərini deyərək həm ata vəsiyyətini yerinə yetirmiş, həmçinin qloballaşan dünyada milli-mənəvi dəyərlərin, ata vəsiyyətinin, yalnız sağlam cəmiyyətin özəyini təşkil edə biləcək ailənin önəmi barədə gənc nəsillərə ən gözəl nümunə göstərmişdir.

Cənab Prezidentimizin Azərbaycanın bütün ərazilərimizdə dövlət suverenliyinin bərpası istiqamətində gördüyü misilsiz fəaliyyət təkcə Vətən müharibəsindəki qələbəmizlə yekunlaşmamış, Ali Baş Komandan Vətən müharibəsindən sonra da bu sahədə tarixi fəaliyyətini davam etdirmişdir. Bütün bu işlər 2023-cü ilin sentyabrında öz bəhrəsini vermiş və Müzəffər Ali Baş Komandanın əmri ilə hərəkətə keçən Azərbaycan Ordusu 24 saat müddətində düşməni tam məğlub etmişdir. Əminliklə demək olar ki, Qarabağ probleminin sonlandırılması ilə bağlı hətta ən nikbin azərbaycanlının belə xəyal etmədiyi bir həlli, yəni faktiki olaraq möcüzəni Cənab Prezidentimiz gerçəkləşdirmiş və bununla da demək olar ki, 200 il tarixi olan Qarabağ probleminin tam həllinə nail olunmuşdur. Bütün bu tarixi nailiyyətlər Heydər Əliyev ideyalarına sadiq qalan Prezidentimizin dəmir iradəsi və qətiyyəti nəticəsində mümkün olmuşdur.

XX əsrin sonu və XXI əsrin əvvəli Azərbaycan tarixinə Heydər Əliyev epoxası kimi daxil olacaqdır. "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" deyən Böyük Lider xalqının ürəyində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl yandırmışdır. Bu məşəlin işığı ilə ölkəmiz xoşbəxt gələcəyə doğru əmin addımlarla irəliləyəcəkdir.

Tural İBRAHİMOV,

Kürdəmir rayon prokuroru.