“Heydər Əliyev İli”nin uğurları
Siyasət

“Heydər Əliyev İli”nin uğurları

2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olub. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında (29 sentyabr 2022-ci il) Sərəncam imzalamışdı.

2023-cü il möhtəşəm başladı. Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarda uğurlu çıxışı ölkəmizin rifah səviyyəsinin yüksəldilməsinə xidmət etdi. Xankəndi-Laçın yolunda başlanan 138 günlük aksiya öz möhtəşəm nəticəsini verdi. Aprelin 23-də Laçın yolunda keçid-nəzarət məntəqəsi quruldu və beləliklə, ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra atılan qətiyyətli addımlar öz bəhrəsini çox gecikdirmədi. 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bölgədən separatçı ünsürlər təmizləndi. Suverenliyimiz tam olaraq bərpa olundu. Oktyabrın 15-də isə Azərbaycan xalqına daha böyük sevinc qismət oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı separatçılardan təmizlənmiş ərazilərdə dalğalandırdı və beləliklə – “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”, – deyə dünyaya mesaj verildi.

Xankəndidə 30 il sonra baş tutan tarixi futbol matçı uğurlardan biri idi. Çünki bütün uğurların təməlində qətiyyətli lider uzaqgörənliyi dayanır. Bunun nəticəsində Qarabağ münaqişəsinə son nöqtə qoyuldu. Ölkə başçısı, Prezident İlham Əliyev 2023-cü il 10 may tarixli çıxışında həmin dövrə qədər Azərbaycanın qazandığı uğurları qiymətləndirməklə yanaşı, növbəti qələbələrimizin də müjdəsini verdi. Qarabağ münaqişəsinə son nöqtənin qoyulması “Heydər Əliyev İli”nin ən böyük uğuru oldu.

Prezident İlham Əliyevin də dediyi kimi, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası aparmışdılar.

Ümummilli liderin uçurumun kənarından xilas etdiyi Azərbaycan bu gün öz müstəqil siyasətini həyata keçirir. Regionun ən güclü dövləti beynəlxalq müstəvidə də geniş nüfuza sahibdir. Bu isə ulu öndərin qoyduğu möhkəm təməlin və onun siyasi varisi Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir. Böyük fəxrlə qeyd etmək olar ki, inkişaf etməkdə olan ölkəmizdə bu il, yəni “Heydər Əliyev İli” son illərin ən uğurlusudur.

Nəzrin BEYDİYEVA,

“Respublika”.