Heydər Əliyev Mərkəzində
Mədəniyyət

Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" sərgisi açılacaq

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılacaq. Yazın gəlişini bildirən Novruz bayramı ərəfəsində mərkəzdə əlvan rənglərlə bol olan bahar təravətli ekspozisiya təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey toplusundan olan 148-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdiriləcək. Sərgi XIX əsrin sonu - XX əsrin əvvəlində Özbəkistanın mədəni-tarixi irsinə və milli geyimlərinə həsr olunub.

Sərgi bir neçə bölmədən - kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı çapanlar (uzun üst geyimi), Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi şəhərlərdən əl ilə işlənmiş dekorativ tekstil - suzaninin nümunələrinin nümayiş etdiriləcəyi tikmə, Səmərqənd, Buxara və Qaraqalpaqıstandan olan qədim ustaların gümüş, firuzə və digər qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri bölmələrindən ibarət olacaq.

Sərgi XIX-XX əsrin əvvəlində Özbəkistana xas olan sənətkarlığın dirçəlişini əks etdirir.

Buxaranın qızıl tikmələri hər zaman Özbəkistanda digər sənət növləri arasında xüsusi yer tutub.