Heydər Əliyev siyasi kursu Azərbaycanı Qələbədən-qələbəyə aparır
Digər xəbərlər

Heydər Əliyev siyasi kursu Azərbaycanı Qələbədən-qələbəyə aparır

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan bu gün dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 3 il əvvəl yenilməz Ordumuzun işğalçı Ermənistanı darmadağın edərək kapitulyasiya aktını imzalamağa məcbur etməsi ölkəmizin nüfuzunu daha da artırdı. Həmin vaxtdan Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı sürətlə çoxalıb. Azərbaycan dünyada iqtisadi, siyasi, həm də hərbi cəhətdən qüdrətli dövlət olduğunu təsdiqlədi. Müstəqilliyini yeni bərpa etmiş bir dövlət üçün qısa zamanda bu qədər uğur qazanmaq təbii ki, düzgün müəyyənləşdirilmiş strategiyanın nəticəsidir. Bütün bunların əsasını ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs təşkil edir.

Artıq beynəlxalq ictimaiyyət də etiraf edir ki, Heydər Əliyev diplomatiyası sayəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Tarixi faktlar da təsdiqləyir ki, ulu öndər öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ömrünü Azərbaycana həsr edərək, yorulmadan mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Qələbədən-qələbəyə gedən yolda qətiyyətlə irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ümumiyyətlə, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi həm SSRİ dönəmində, həm də müstəqillik illərində azərbaycançılıq ideologiyasının inkişafı, əhalinin güzəranının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması, beynəlxalq aləmə inteqrasiyası və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işləri bu gün bütün sahələrdə özünü büruzə verir. Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Prezident İlham Əliyev çıxışlarında bu məqamı daim diqqətə çatdırır, Azərbaycanın dünya birliyində reytinqinin artmasının, mövqeyinin möhkəmləndirilməsinin əsasını ulu öndərin siyasi kursunun təşkil etdiyini bildirir. Cənab Prezident deyib: "Heydər Əliyev Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır".

Bu gün uşaqdan-böyüyə hər kəsə bəllidir ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır. Xalqımızın tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlər, siyasət və dövlət xadimləri çox olub. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə unudulmayıblar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1993-cü ildə respublikamızda vətəndaş müharibəsinin qarşısı alındı, ölkə parçalanmaqdan xilas oldu. Ulu öndərin siyasi kursunun əsasını işğal altında olan torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası təşkil edib. Heydər Əliyev bu məqamı xüsusi vurğulayaraq demişdir: "Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir".

Sovet dönəmində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında işğalçı ölkənin rəhbərliyi tərəfindən vaxtaşırı cəhdlər edilmiş, lakin bu cəhdlərin qarşısı dərhal alınmışdı. Ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra bu cəhdlərin qarşısının alınmasında xüsusi prinsipiallıq göstərmişdir. Hər kəsə bəllidir ki, məhz Heydər Əliyev SSRİ rəhbərliyindəki vəzifələrindən istefa verdikdən sonra fəallaşan ermənilər Qarabağı işğal etdilər, 20 Yanvar, Xocalı və digər çoxsaylı faciələrlə üzləşdik.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edib. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə bu istiqamətdə atdığı qətiyyətli addımlar sayəsində məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Heydər Əliyev bir sıra dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, dövlət başçıları ilə görüşlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul edilməsinə nail oldu. Bütövlükdə, milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi və ölkəmiz etibarlı tərəfdaş kimi tanınmağa başladı.

Heydər Əliyevin Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlardan söhbət düşəndə Lissabon sammitini xüsusi qeyd etmək lazımdır. ATƏT-in Lissabon sammiti 1996-cı il dekabrın 2-3-də 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilmişdir. Buna qədər vəziyyət tamamilə Ermənistanın xeyrinə idi. Lakin Lissabon sammitində Heydər Əliyev adi silahların məhdudlaşdırılması ilə bağlı ATƏT-in bütün yekun sənədlərinə, həmçinin Avropada təhlükəsizlik konsepsiyasına aid olan sənədlərə veto qoydu. Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri Lissabon sammitində məşhur veto qarşıdurmasında ümummilli liderimiz Heydər Əliyevin qalib çıxmasının nəticəsində qəbul edilmişdir. Ermənistan sammitdə təklənmiş, təcrid olunmuş, pat vəziyyətində qalmışdı. Heydər Əliyevin mövqeyini 53 dünya dövləti dəstəkləmişdi. Bununla öz parlaq diplomatiya məharətini, zəngin dövlətçilik təcrübəsini bütün dünyaya nümayiş etdirən ulu öndər Heydər Əliyev o vaxt ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə bu prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olmuşdu. Həmin prinsiplər aşağıdakılar idi:

- Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması,

- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi,

- Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi.

Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarət idi ki, həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bəyan edildi.

Ulu öndərin doğma ata-baba yurdlarından didərgin salınmış məcburi köçkünlərlə mütəmadi görüşməsi, onlara isti ocaqlarına qayıdacaqları barədə ümid verməsi gələcəyə olan inamı daha da artırırdı. Heydər Əliyev erməni vandalizmindən söhbət açarkən deyirdi ki, bu faciəni heç vaxt unutmaq olmaz. Faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, onu daim yaşatmaq lazımdır ki, bu faciədən hərə özü üçün ibrət dərsi götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin - Azərbaycanın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları, quldurları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsillərdən-nəsillərə ötürmək lazımdır.

Ulu öndər bütün görüşlərində qətiyyətlə deyirdi ki, Azərbaycan heç bir vaxt öz ərazisinin bir qarışını da heç bir ölkəyə verməz. Mən ulu öndərin 1998-ci martın 20-də Mərdəkandakı "Abşeron" sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyindəki nitqini xatırlatmaq istərdim. Ulu öndər bu görüşdə ölkədəki siyasi vəziyyətlə bağlı danışmış, keçmiş Dağlıq Qarabağla bağlı aparılan sülh danışıqlarının detallarını açıqlamışdı: "Bizim hamımızın bir müqəddəs arzusu vardır. O da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu gün, bayram günü əmin olduğumu bildirmək istəyirəm ki, biz bu arzumuza mütləq çatacağıq. İşğal edilmiş torpaqlarımızın hamısı azad olunacaq, nəyin bahasına olursa-olsun, azad ediləcəkdir. Siz yenidən böyük evlərin, mülklərin, torpaqların sahibi olacaqsınız və xoşbəxt yaşayacaqsınız. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".

Ulu öndərin həyata keçirdiyi düşünülmüş siyasi strategiya hər bir kəsdə böyük inam yaratmışdı və bu inam bizi addım-addım Qələbəyə yaxınlaşdırdı. 1996-cı ildə Laçın və Şuşadan olan bir qrup keçmiş məcburi köçkünlə görüşdəki qətiyyətli sözləri hər birimizin doğma torpaqlarımızın işğaldan azad olunacağına tam əminlik yaratdı: "İnanın ki, biz mütləq Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Ağdama qayıdacağıq. Biz bunlarsız yaşaya bilmərik".

Bu müdrik kəlamlar ulu öndərin uzaqgörən dahi bir şəxsiyyət olmasından xəbər verirdi. Heydər Əliyevin müdrikliyini əks etdirən daha bir fakt: Ulu öndər 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində xalqa müraciətində demişdir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Azərbaycan xalqı artıq bu inamın şahididir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Bu nailiyyətlər Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıraya qoşub. Bu gün bəzi məsələlər, iri layihələrin reallaşdırılması Azərbaycanın razılığı olmadan öz həllini tapa bilməz. Müdrikcəsinə həyata keçirilən xarici siyasət, düşünülmüş islahatlar, yenidənqurma işləri, dövlət idarəçiliyindəki yeniliklər, ordu quruculuğunun diqqət mərkəzində saxlanılması, müasir tələblərə cavab verən hərbi hissələrin yaradılması - bütün bunlar Azərbaycanı dünyada qalib dövlət kimi tanıtdı.

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycanın sərhədlərində törətdiyi təxribatlar müharibəyə çevrildi. Düşmən yenilməz Azərbaycan Ordusu qarşısında cəmi 44 gün davam gətirə bildi və məğlubiyyətini rəsmən elan etdi. Cəmi 44 gün davam edən Vətən müharibəsinin hər günü növbəti ərazilərimizin işğaldan azad olunması ilə yekunlaşdı. Azərbaycan ermənilərin 200 ildən çox davam edən düşmənçilik siyasətinə son qoydu. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterrot tədbirləri zamanı qeyri-qanuni erməni silahlı birləşmələri cəmi 24 saata silahı yerə qoyub təslim oldular. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi.

Azərbaycan xalqı bu tarixi Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirərək dünyada qalib dövlət kimi tanındı. Bütün bunların əsasını ulu öndər tərəfindən təməli qoyulan düşünülmüş strategiya təşkil edir. Ulu öndərin arzuları həyata keçdi və xalqımız artıq 3 ildir ki, böyük təntənə ilə Zəfər bayramını qeyd edir. Prezident İlham Əliyev qürurla deyir: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim".

İsmayıl ABİYEV,

Sumqayıt şəhər prokurorunun

müavini, ədliyyə müşaviri.