Yazıq görkəm, cılız məntiq, kasıb Ermənistan
Digər xəbərlər

Yazıq görkəm, cılız məntiq, kasıb Ermənistan

Bu yaxınlarda keçirilən Münxen Təhlükəsizlik Konfransında "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas əsl həqiqəti və reallığı ortaya qoydu. Bütün dünya şahid oldu ki, Azərbaycanın apardığı qlobal siyasət, tərəfdaşlıq, ordu quruculuğu sayəsində Avropanın pafosla dediyi dağları cəsarətlə və böyük hünərlə aşıb, işğal altındakı torpaqlarını azad edib, ərazi bütövlüyünü təmin edərək ermənilərin xarabalığa çevirdiyi ərazilərdə quruculuq işlərinə başlayıb.

Kasıb, yardım və ianələrin hesabına ayaq üstə durmağa çalışan ölkənin vətəndaşları isə hesab edir ki, Ermənistan həmin dağları aşmaq gücündə deyil. Çox doğrudur. Xəyal və fərziyyələr girdabında boğulan, qonşuları ilə sülh şəraitində yaşamaq istəməyən ölkə Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına ciddi maneə törədir. Üçtərəfli Bəyanata görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran, Qərblə Rusiya arasında seçimini etmək üçün girinc vəziyyətə düşən, müstəqil siyasət apara bilməyən, başqaları tərəfindən idarə edilən Ermənistan rəhbərliyi özündə cəsarət tapa bilmir ki, sülh danışıqlarında qəti mövqe sərgiləsin. Mümkün deyil, çünki Ermənistan müstəqilliyini çoxdan itirib, həmin ölkəni başqa dövlətlər idarə edirlər. Münxendə təşkil edilən panel iclasında düşmən ölkənin baş naziri Paşinyanın yazıq görkəmi, axsaq məntiqi, qırıq-qırıq ingilis dilində kəkələməsi, gözləri ilə kimisə axtarması göstərdi ki, onların ipi başqalarının əlindədir.

Paşinyanın düşdüyü vəziyyəti erməni politoloq Levon Zurabyan daha dəqiq və pafosla ifadə edərək yazır ki, həmin iclasdakı bütün səhnə milli ləyaqətimizin, sevgimizin edamı idi. Əliyev Ermənistanı və onun baş nazirini dünya qarşısında "sındırırdı". Münxen Təhlükəsizlik Konfransında Paşinyanla Əliyev arasında gedən debatı dəhşətlə izlədim. Erməni liderlərinin Levon Ter-Petrosyandan Nikol Paşinyana qədər təkamülünə baxsanız, Ermənistanın növbəti liderinin pitekantrop olacağı düşüncəsindən qurtulmaq çətindir. Biz heç vaxt dövlətimizi təmsil edən adamın pafoslu və sanballı obrazını görməmişik. Politoloq sonra yazır ki, Əliyev Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda ittiham edəndə Paşinyan susdu. Paşinyan susmaqla faktiki olaraq Əliyevin ittihamlarını və Ermənistanın günahını qəbul etdi. Əliyev "Dağlıq Qarabağ" anlayışının olmadığını deyəndə, Paşinyan qeyri-adekvat ingilis dilində nəsə izah etməyə çalışdı. O dedi ki, bu konsepsiya Əliyevin noyabrın 9-da imzaladığı bəyanatda yer alır, lakin o, "Dağlıq Qarabağ" anlayışının olduğunu deməyib. Ermənistanın biabırçı kapitulyasiyasının acınacaqlı təcəssümü Münxendə oturmuşdu. Bəlli oldu ki, döyüş meydanında itirmədiyimiz nəsə qalıbsa, onu da zəif diplomatiya nəticəsində itirəcəyik. Paşinyan eyni cür ingiliscə və ya rusca, eyni cahil və dar məntiqlə dünya mötəbərləri ilə görüşlərdə Ermənistanın və Qarabağın maraqlarını müdafiə edir. Təəssüf ki, bu gün Ermənistanda hökm sürən informasiya sahəsi quldur və manipulyasiya vəziyyətindədir. Xalqımızın əksəriyyətinin bütün bunlardan heç bir xəbəri olmayacaq. Erməni politoloq icladakı dialoqları təhlil edərək bildirir ki, Paşinyan Əliyevin Qarabağdakı 64 məscidin sökülməsi ilə bağlı ittihamlarından birinə cavab vermək qərarına gələndə məlum oldu ki, Paşinyan o ittihama, ümumiyyətlə cavab verməsəydi, daha yaxşı olardı. O, bu məlumatları təkzib etməyərək, nə az, nə çox, dedi ki, sovet dövründə Azərbaycanda 1560 məscid dağıdılıb. Və bundan dünya ictimaiyyəti, Paşinyanın dar məntiqinə görə, ermənilərin etdiklərinin böyük bir iş olmadığı qənaətinə gəlməli idi. Paşinyan ona ayrılan vaxtın əsas hissəsini bu axmaqlığa sərf etdi. Bir sözlə, Paşinyanın Münxen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları ortaya qoydu.

Qeyd edək ki, Münxen görüşündən sonra ermənilər çox böyük xəyal qırıqlığına uğrayıblar, sosial şəbəkələrdə, informasiya mənbələrində yazırlar ki, Münxendə Azərbaycan Prezidenti İlham Əliyev dəqiq və sərrast diplomatiyası ilə Ermənistanı yenidən məğlubiyyətə düçar etdi. Ermənistan ermənilərinin qənaəti belədir ki, öz ölkəsini və millətini müdafiə edə bilməyən Paşinyan Qarabağdakı erməniləri necə xilas edəcək? Bu sual indi orada hamını düşündürür. Erməniləri düşündürən həmin suala Münxen Təhlükəsizlik Konfransının panel iclasında dövlətimizin başçısı İlham Əliyev cavab verərək bildirdi ki, rəsmi Bakı Qarabağda qalan erməni icması ilə dialoqa hazırdır, ancaq mümkün danışıqlarda icmanı bölgədə doğulan ermənilər təmsil etməlidir. Rusiyadan göndərilən Ruben Vardanyanla təmas olmayacaq, o, bölgəni tərk etməlidir. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib. Qərbə görüntü lazımdır ki, dialoq mövcuddur. Etiraz etmirik, ancaq şərtimiz də bəllidir: ermənilər Qarabağda təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda, bölgəni tərk etməli olacaqlar.

Azərbaycanın qəti və prinsipial mövqeyi, Münxendə Prezidentimizin gələcəklə və sülhlə bağlı səsləndirdiyi tezislər istər Ermənistanda, istərsə də Xankəndidəki separatçıları ciddi təşvişə və qorxuya salıb. Azərbaycanlı hərbi ekspertlərin qənaəti isə qurbağa gölünə daş atmaq effekti yaradıb. Onların hesablamalarına görə, igid komandolarımız Hadrutdan Xankəndiyə bir saata, qəhrəman xüsusi təyinatlılarımız isə Ağdamdan Xankəndiyə 40 dəqiqəyə daxil olacaqlar. Oğru, quldur, talançı Vardanyan isə ikitərəfli təzyiq altına düşdüyünü anlayır, ucuz və saxta mövqeyini qorumağa çalışır. Vardanyanın köməkçisi Xankəndidəki informasiya kanallarına bildirib ki, "dövlət naziri" postundan getsə də, o, Xankəndini tərk etməyəcək, xalqı ilə bir yerdə olacaq. Görünən odur ki, Vardanyan özünə təsəlli verir, bəlkə qala bildim fikrini yaymaqla məşğuldur. Ancaq yanılır, Vardanyan tezliklə Qarabağ torpaqlarından qovulacaq...

Salman ALIOĞLU,

"Respublika".