“Heydər Əliyev və  Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda elmi konfrans
Türk dünyası

“Heydər Əliyev və  Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda elmi konfrans

Ankarada   Azərbaycanın Türkiyədəkı səfirliyi, Türkiyənin Qazi Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda elmi konfrans keçirilib. Konfranas Qazi Universiteti rektorluğunun Mimar Kemaleddin salonunda baş tutub. Əvvəlcə, Ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Konfransda Azərbaycanın Türkiyədəkı  Səfirliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Konfrans iştirakçılarını salamlayan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan belə bir mötəbər tədbirə tərəfdaşlıq etməkdən məmnunluğunu ifadə edib. Müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin milli müstəqilliyimizin qorunması və gücləndirilməsi, ölkəmizin hərtərəfli və davamlı inkişafı naminə misilsiz xidmətlər göstərdiyini vurğulayıb.

Konfransda çıxış edən Qazi Universitetinin  prorektoru Yücel Gelişli, ortaq elmi konfransın əsas məqsədindən və önəmindən danışıb. Ulu Öndər Heydər Əliyevin qlobal liderlik keyfiyyətlərinə malik olduğunu vurğulayan prorektor, görkəmli dövlət xadiminin çoxşaxəli, zəngin həyat və fəaliyyətində Türk Dünyasının xüsusi və mühüm yerə sahib olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İslam Quliyev çıxışı zamanı, qardaş ölkələrin universitetləri arasında əməkdaşlığın inkişafından bəhs edib və MDU-nun bu sahədə aktivliyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı yönündə  misilsiz fəaliyyətlərindən danışıb.

Esmira YAZKAN ASLANOVA,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.