İcmanın əsas məqsədi əzəli yurdumuza sülh yolu ilə qayıdışın təmin edilməsidir
Digər xəbərlər

İcmanın əsas məqsədi əzəli yurdumuza sülh yolu ilə qayıdışın təmin edilməsidir

İyunun 20-də Qərbi Azərbaycan İcmasında (QAİ) "Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi" adlı tədbir keçirilib.

Bu barədə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qaçqın və məcburi köçkün probleminin həllində və beynəlxalq sülh, təhlükəsizlik və ədalətin bərqərar edilməsində əvəzsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə belə bir tədbirin keçirilməsini çox əlamətdar hadisə kimi dəyərləndirib.

Sonra o, 1989-cu ildə təsis edilmiş İcmanın tarixi, fəaliyyəti və məqsədləri barədə geniş məlumat verib. Ə.Ələkbərli deyib ki, İcmanın Qayıdış Konsepsiyasında qeyd edildiyi kimi, Qərbi Azərbaycana sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışın təmin edilməsi təşkilatın əsas məqsədidir.  İcma sədri Prezident İlham Əliyevin bu məsələdə daim nümayiş etdirdiyi prinsipial mövqenin, xüsusilə 2022-ci il dekabrın 24-də İcmanın inzibati binasını ziyarət etməsinin, orada proqram xarakterli çıxışının, Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstək göstərməsinin İcmanı xüsusilə ruhlandırdığını bildirib.

Ə.Ələkbərli dünyada qaçqın və məcburi köçkünlərin sayındakı artımdan narahatlığını ifadə edib, bu məsələyə beynəlxalq diqqətin cəlb olunmasında Ümumdünya Qaçqınlar Gününün əhəmiyyətini vurğulayıb. O, insan hüquqları və ədalət prinsiplərini rəhbər tutaraq, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdış hüququnun həyata keçirilməsi, habelə qayıtdıqdan sonra hüquq və təhlükəsizliyinin təmin olunması istiqamətində haqq işinə dəstək verməsi məqsədilə İcmanın beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışlarını bir daha təkrarlayıb.

Daha sonra 1988-ci ildə Ermənistandan qaçqın düşərkən böyük çətinliklərə düçar olmuş Zivər Muradova ağrılı xatirələrini bölüşüb, Vətənə qayıdışı səbirsizliklə gözlədiyini bildirib.

Tədbirdə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qaçqınlıq həyatını, orada dağıdılmış tarixi-mədəni abidələri, məzarlıqları əks etdirən fotosərgi nümayiş etdirilib, tarixi sənədlər və kitablar sərgilənib.

Sonda qaçqınlara həsr olunmuş "Üçüncü Missiya" adlı sənədli filmin təqdimatı baş tutub. Filmin direktoru Sənan Sultanov, ssenari müəllifi Vüsal Mətləbdir.

İyirmi altı dəqiqəlik filmdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya edilməsindən bəhs olunur. Filmdə tarixi videoxronika ilə yanaşı, deportasiyaya məruz qalmış insanların şahid ifadələri yer alıb. Ekran əsərinə, həmçinin Qərbi Azərbaycan İcması barədə ümumi məlumat, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binası ilə tanışlığı və Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə keçirdiyi görüşdən çəkilmiş videodan fraqmentlər də daxil edilib.

Qeyd edək ki, tədbirdə dövlət və hökumət nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

M.KAMAL,

“Respublika”.