İctimai Televiziya Azərbaycanın efir məkanında özünəməxsus yer tutur
Sosial həyat

İctimai Televiziya Azərbaycanın efir məkanında özünəməxsus yer tutur

Bu kanal 2005-ci il avqustun 29-da fəaliyyətə başlayıb

Azərbaycanda televiziya tarixi o qədər də qədim deyil. Belə ki, ölkəmizdə ilk televiziya radionun yaranmasından 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. 1956-cı ilin fevralına qədər sınaq verilişləri yayımlanan televiziyada ilk veriliş günündə ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Açılışı "Göstərir Bakı!" kəlməsi ilə edən Nəcibə Məlikova televiziya tamaşaçılarını yayım münasibətilə təbrik etdi. Daha sonra, ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi. Respublikamızın ilk milli televiziya kanalı AzTV-nin yaranması ölkəmizdə bu sahənin inkişafına mühüm təkan verdi. Həmin gündən etibarən uğurlu inkişaf yolu keçən televiziya artıq çiçəklənmə dövrünü yaşayır desək, yanılmarıq.

Artıq Azərbaycanda kifayət qədər müxtəlif yönümlü televiziya kanalları fəaliyyət göstərir. Bu televiziyalar arasında İctimai Televiziyanın özünəməxsus yeri var. 2004-cü il sentyabrın 11-də "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikası qanununun qəbul edilməsi ilə İctimai Televiziya yarandı. Məhz bu cür hüquqi baza formalaşdırıldıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına nail olundu. Sözügedən demokratik ideyanın reallaşmasının memarı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini sıxmaqla İctimai Televiziya və Radio Yayımına xeyir-dua verdi. Bu möhtəşəm tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi.

Bu qanun İctimai TV-nin müstəqil, tərəfsiz, qərəzsiz və doğru-dürüst informasiya çatdırmasını, plüralizm, dözümlülük, rəngarənglik və başqalarından fərqlənmək prinsiplərini ehtiva edir. İctimai Televiziya uğur üçün keyfiyyəti əldən verməməklə, dini və milli tolerantlığı təbliğ etmək, etnik mədəniyyətlərə hörmət hissləri aşılamaq kimi bir sıra vacib öhdəlikləri icra edir. İctimai Televiziya hazırda dövlətimizin efir məkanında tamamilə fərqli, rəngarəng və dolğun proqram siyasəti həyata keçirir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan teleməkanında özünəməxsus üslub formalaşdırmağı bacaran İctimai Televiziya qanunla qarşısına qoyulan tələbləri kifayət qədər peşəkarlıqla yerinə yetirir. Yüksəkixtisaslı kadrlarla, efir üslubunu formalaşdıran, ən müasir texnologiyalarla təchiz olunmuş telekanal geridə qoyduğumuz illər ərzində dünyanın bir sıra beynəlxalq teleradio cəmiyyətlərinə üzv olub. Bununla yanaşı, İTV çoxlu sayda televiziyalarla geniş əməkdaşlıq layihələri həyata keçirib. İctimai Televiziyada efirə gedən verilişlər mövzuların aktuallığına görə xüsusi maraqla qarşılanır. Bir məqamı da qeyd edək ki, İctimai Televiziyanın yayım siyasətində tariximizin, mədəniyyətimizin və incəsənətimizin ayrı-ayrı sahələrinin inkişafı barədə maarifləndirici verilişlərə də böyük önəm verilir. Başqa sözlə, İctimai Televiziya nəinki milli-mənəvi və əxlaqi dəyərləri ön plana çəkir, hətta tariximizin şərəfli səhifələrinin öyrənilməsinə, mədəniyyət və incəsənətin müxtəlif sahələrinə ayrıca proqramlar həsr edir. Bu gün İTV-də yayımlanan verilişlər, doğrudan da, öz müxtəlifliyi ilə seçilir. "Sabahın xeyir, Azərbaycan!", "Vətən uzaqda deyil", "Din və cəmiyyət", "Qarabağ gündəliyi", "Ustad dərsi" kimi verilişlər adlarından da göründüyü kimi, spesifikliyi ilə müstəsna rola malikdir.

Bundan başqa, "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikasının qanununda da proqramlarda milli-mənəvi dəyərlərin, milli adət və ənənələrin, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirmək daha məqsədəuyğun hesab edilir ki, bu da İTV tərəfindən uğurla həyata keçirilir. Bu gün İTV mədəniyyət və incəsənətin rəngarəngliyinə xüsusi diqqət ayırır. Ümumilikdə, telekanalda milli şüurun qorunması, Türk dünyasına çıxış, TRT ilə həyata keçirilən ortaq yayımlar telekanalın fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. İctimai Televiziya, həmçinin milli və dövlətçilik maraqlarının qorunmasında, cəmiyyəti narahat edən problemlərin işıqlandırılması kimi məsələlərdə də teleməkanda həmişə öndədir. Bir məsələni də qeyd edək ki, İctimai Televiziyanın fəaliyyətə başlaması ölkə mədəniyyətinin, incəsənətinin beynəlxalq aləmdə tanınması, həmçinin təbliği istiqamətində daha bir yeniliyin əsasını qoyub. Belə ki, Azərbaycan dünyanın ən böyük musiqi yarışması sayılan "Eurovision" mahnı müsabiqəsində iştirak hüququ qazanıb.

Son olaraq deyə bilərik ki, ölkəmizin efir məkanında İctimai Televiziya bir sıra yeniliklərə imza atır, qarşıda duran vəzifələrə doğru inamla addımlayır.

Nurlan ABDALOV,

"Respublika".