İdman ölkəsi kimi dünyada şöhrət qazanırıq
İdman

İdman ölkəsi kimi dünyada şöhrət qazanırıq

Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən hər il martın 5-i respublikamızda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.

Məhz 1995-ci il martın 5-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri ilə görüşündə "idmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz" vədindən sonra ölkəmiz bədən tərbiyəsi və idmanın inkişafında yeni mərhələyə qədəm qoydu. Bütün idman ictimaiyyəti həmin tarixi günü Azərbaycan idmanında dönüş nöqtəsi hesab edir. Ölkəmizdə gənclər siyasətinin yaradıcısı da məhz ümummilli lider Heydər Əliyevdir. O, çıxışlarında Azərbaycanın gələcək inkişafının gənclərdən asılı olduğunu bildirir, hər zaman onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Ulu öndərin 1994-cü il iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 2006-cı ildə isə Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu. Gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirildi.

1997-ci ildən Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməsindən sonra bu sahə onun diqqət və qayğısı ilə əhatə olunub. Elə həmin dövrdən etibarən ölkəmizdə idmana diqqət daha da artdı. Maddi-texniki baza möhkəmləndirildi, idmançıların məşq şəraiti yaxşılaşdırıldı, onların yarışlara peşəkar səviyyədə hazırlaşması üçün lazımi tədbirlər görüldü. Bütün bu işlər qısa zaman ərzində öz bəhrəsini verdi. Sidney, Afina, Pekin, London, daha sonra Rio-de-Janeyro və Tokio olimpiadalarında respublikamızın idmançıları uğurla çıxış etdilər. 1996-cı ildən bəri ötən müddət ərzində atletlərimiz dünya liderləri qrupunda ilk 20-liyə daxil olub və Olimpiya hərəkatının ən fəal üzvləri kimi tanınıblar.

1996-cı ildə Olimpiadada güləşçimiz Namiq Abdullayev ilk dəfə olaraq medal qazandı. 2016-cı ildə isə Azərbaycan idmançıları Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazandılar. Bu da medal sayına görə milli komandamızı 14-cü yerə yüksəltdi. Təbii ki, gənc respublikamızın 20 il ərzində bu cür şərəfli yol qət etməsi dövlətimizin müstəsna xidmətlərinə bağlıdır.

Azərbaycan dünyada yalnız idmançılarının uğurları ilə şöhrət qazanmayıb, həm də beynəlxalq idman tədbirlərinin təşkilatçısı kimi tanınır. Beynəlxalq idman ekspertlərinin fikrincə, ölkəmiz artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib. Paytaxtımız dəfələrlə dünya miqyasındakı turnirlərə ev sahibliyi edib. 2015-ci ildə keçirilən ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Gənclərin Yay Olimpiya Festivalı, Formula1 Qran-Pri yarışları, futbol üzrə Avro 2020-nin qarşılaşmaları, UEFA Avropa Liqasının final oyunu və digər nüfuzlu yarışlar Azərbaycan idmanının ən parlaq səhifəsi kimi tarixə yazılıb. Dövlət başçısı ilə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyeva da ölkəmizdə idmanın inkişafına xüsusi önəm verir.

Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması bütün regionlarımızda yeni idman bazalarının yaradılmasına təkan verən ən böyük amillərdən biridir. İndi təkcə paytaxtda deyil, bütün bölgələrimizdə müasir olimpiya kompleksləri istifadəyə verilib. Bakıda ən müasir tələblərə cavab verən Heydər Əliyev adına İdman Konsert Kompleksi, Olimpiya Stadionu, Bakı İdman Sarayı, Milli Gimnastika Akademiyası, Su İdman Sarayı və digər idman kompleksləri fəaliyyət göstərir. Bundan başqa, Mingəçevirdə Beynəlxalq Avarçəkmə Mərkəzi, Qusarda Şahdağ, habelə Qəbələdə Tufandağ qış-yay komplekslərinin də istifadəyə verilməsi ölkəmizdə həm idmanın, həm də turizmin inkişafı üçün geniş imkanlar yaradıb. Həmçinin sakinlərin sağlamlığı üçün məhəllə və parklarda çoxlu sayda idman avadanlıqları quraşdırılıb. Bakı sakinləri -  cavanlar, uşaqlar, böyüklər bu qurğulardan istifadə etməklə həm dincəlir, həm də sağlamlıqlarını qoruyurlar.

Musa BAĞIRLI,

"Respublika".