Ölkəmizin sənaye potensialı müasirləşir
İqtisadiyyat

Ölkəmizin sənaye potensialı müasirləşir

Azərbaycanda sənayeləşmə siyasəti uğurla həyata keçirilir, ölkənin sənaye potensialı müasirləşir və güclənir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının  Prezidenti.

Son 20 ildə Azərbaycan dünyada həm də inkişaf tempi baxımından nümunəvi dövlətlərdən biri kimi qəbul olunmaqdadır

Qeyri-neft sahəsinin inkişafı və sənayeləşmə Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan, iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir. Azərbaycanda son 20 ildə rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Dövlət başçısının "Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir" prinsipinə əsaslanmaqla digər istiqamətlərlə yanaşı, qeyri-neft sənayesinin inkişafına da xüsusi önəm verilir. Mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması, innovativ metodlarla sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli və nəticəyönümlü tədbirlər həyata keçirilir. Son 20 il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının illik dəyəri 21,6 dəfə artaraq 4 milyard manatdan 86,4 milyard manata çatıb. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2002-ci ildə 54,9 faiz olduğu halda, 2022-ci ildə 87,6 faiz təşkil edib. 2002-2022-ci illərdə ölkənin qeyri-neft-qaz sənayesində istehsalın həcmi 1,6 milyard manatdan 17,7 milyard manata çatıb ki, bu da 4,3 dəfə real artımdan xəbər verir. İqtisadi diversifikasiyada sənayenin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması bu kontekstdə dəyərləndirilə bilər.

Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin inkişafının təmin edilməsinə, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması baxımından xüsusilə əhəmiyyətlidir. Sənayenin inkişafına yönəlmiş əhəmiyyətli mexanizmlərdən biri dövlət başçısının təşəbbüsü ilə sənaye zonalarının - sənaye parkları və məhəllələrinin yaradılmasıdır. Ölkədə 7 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları, 5 sənaye məhəlləsi - Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri yaradılıb. Azərbaycanda sənaye zonalarında ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. Cari ilin birinci yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən satılan  1,4 milyard manatlıq məhsulun 33,2 faizi, yəni 470,6 milyon manatlıq hissəsi ixracın payına düşür.

Sənayenin inkişafına dair proqramların icrası nəticəsində regionlarda sənayeləşmə prosesi geniş vüsət almışdır. İndi ölkəmizdə böyük imkanlara malik istehsal müəssisələri, sənaye obyektləri mövcuddur. İqtisadi sferada islahatların davam etdirilməsi və həyata keçirilən digər tədbirlər sənayenin inkişafına müsbət təsir göstərir. Bu səbəbdən, Azərbaycan dünyada həm də sənayenin inkişaf tempi baxımından seçilən dövlətlərdən biri kimi qəbul olunur. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi kursa uyğun olaraq reallaşdırılan sənayeləşmə siyasəti uğurla davam edir və bu sahədə yeni istiqamətlərin müəyyənləşdirilməsi ölkə iqtisadiyyatının ümumi inkişafına da mühüm töhfələr verir. 2023-cü ilin birinci yarısında sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 faiz (470,6 milyon manat) olub. Yeni çağırışlar dövründə Azərbaycan ixracın genişlənməsinə nail olmağı hədəfləyib. Ölkədə aparılan məqsədyönlü islahatlar çərçivəsində ixracın səmərəli təşviq mexanizmi işə salınıb, xarici ölkələrə "Made in Azerbaijan" brendi ilə məhsul ixracı davam edir. Sənaye zonalarında istehsal edilən məhsullar 50-dən artıq ölkəyə ixrac olunur.

Sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onlara vergi və gömrük güzəştləri əldə etmək üçün əlverişli şərait yaradan və 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexanizmi çərçivəsində 7 ildən artıq müddət ərzində 583 layihə təşviq olunub. Layihələrin icrası nəticəsində iqtisadiyyata 5,6 milyard manatdan artıq investisiya yatırılması, 38,6 mindən çox iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək dəyəri 1,8 milyard manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular ölkəyə güzəştli şərtlərlə idxal edilib və müasir istehsal sahələri qurulub. Təşviq edilmiş layihələrin icrası nəticəsində yeni məhsullar istehsal edən müəssisələr yaradılıb.

Azərbaycan Prezidentinin 20 dekabr 2022-ci il tarixli Fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi təkmilləşdirilib. İnvestisiya təşviqi sənədi 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları və müvafiq ərazilərdə həyata keçirilən, eləcə də dövlət başçısı tərəfindən müəyyən edilən istiqamətlər üzrə strateji layihələrə verilir. Yeni meyarlara ekoloji nöqteyi-nəzərdən əhəmiyyətli olan tullantıların təkrar emalı fəaliyyət sahəsi əlavə olunub, turizm üzrə fəaliyyət sahələri genişləndirilib. Mexanizm çərçivəsində layihələr üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların əhatə dairəsinin dəqiqləşdirilməsi məqsədilə malların  siyahısı təsdiqlənib. Hazırda strateji layihələr üzrə istiqamətlərin müəyyən olunması ilə bağlı iş aparılır. İşğaldan azad edilmiş ərazilərdə azad iqtisadi zonalar, aqroparklar yaradılır. Əlavə olaraq, geniş infrastruktur layihələrin həyata keçirilməsi, hava limanlarının açılması həmin bölgələrin ixrac potensialı və sahibkarlığın inkişafına xidmət edəcək. Bölgədə iqtisadiyyat inkişaf etdikcə, məşğulluq imkanları da yaranacaq, bu da yeni iş yerləri deməkdir.

Mustafa KAMAL,

"Respublika".