İkili yanaşmalar çaxnaşma törədir
Siyasət

İkili yanaşmalar çaxnaşma törədir

İkili standart. Dünyanın siyasi müstəvisində özünü qabarıq göstərən əsas problemlərdən biri də məhz budur. Bu gün Qərb dövlətləri və onların təmsil olunduqları bəzi beynəlxalq təşkilatlar dünyada gedən proseslərə ikili standartlarla yanaşırlar.

İkinci Qarabağ müharibəsinə qədər beynəlxalq təşkilatlar Ermənistanın münaqişənin həlli istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanılması cəhdlərinə, danışıqların pozulmasına yönəlmiş addımlar atmasına heç vaxt kəskin iradını bildirmədilər. Hətta düşmən ölkə münaqişənin həlli üçün mandat verilmiş ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin bəyanatlarında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və problemin sülh yolu ilə həlli təkliflərini də hesaba almırdı. Əslində, 1992-ci il martın 24-də ATƏT-in Minsk qrupu və onun 1997-ci ildən həmsədrləri olan ABŞ, Fransa və Rusiya münaqişənin ədalətli həlli üçün təcavüzkar ölkəyə qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Doğrudur, təşkilat Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyini bildirən sənədlər qəbul edirdi, lakin həmsədrlərin fəaliyyəti açıq-aydın göstərirdi ki, münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyiş olmayacaq. Çünki təcavüzkar ölkəyə qarşı heç bir əməli tədbir görülmürdü...

Bu isə ATƏT-in nüfuzuna xələl gətirməklə yanaşı, Minsk qrupuna olan ümidləri də heçə endirirdi. Maraqlıdır, fəaliyyət göstərdiyi 28 il ərzində qəbul edilən sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən danışılmadı, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz bildirilərək məsələnin yalnız bu qurum çərçivəsində həll edilməsinə üstünlük verildi. Halbuki ATƏT-in Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin icrasını reallaşdırmalı idi. Bu qətnamələr qeyd-şərtsiz Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxmasını tələb edirdi.

Nəhayət, Minsk qrupunun yoluna qoymalı olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan özü 44 gün ərzində, həm də hərbi yolla həll etdi. Həmsədrlər isə onilliklər boyu problemin sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırırdılar, lakin onlar sülhü heç vaxt təmin edə bilmədilər, onun əldə edilməsinin yolları beynəlxalq hüquqla dəqiq təsbit olunsa belə. Hələ 2020-ci ilin dekabrında Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev qrupun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını onların diqqətinə çatdırmışdı. 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı bununla bağlı danışarkən demişdi: "Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə göz qabağındadır, nəticə sıfır... və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib...".

Beləliklə, Minsk qrupu müəyyən sənədlər qəbul etsə də erməniləri saxta, ikiüzlü pafosla sülhə "çağırsa da" əslində sülhdən çox uzaq idi. Həyata keçirdiyi siyasətin görünməyən tərəfi azərbaycanlıları öz ata-baba torpaqlarından daha çox uzaqlaşdırmaq, yaddaşlardan silmək, Qarabağsız bir nəslin formalaşmasına nail olmağı təşviq edirdi. Elə o vaxt da onların ermənilərə xidmət etdiyi gün kimi aydın idi. Heç kəs olmasa da Azərbaycan onu belə qəbul edirdi: "fəaliyyətdə olan, fəaliyyətsiz təşkilat".

Müharibədən sonra həmsədrlərin Bakıya səfəri zamanı, bu dəvətsiz gəlişin hansı mahiyyət daşıdığını aydınlaşdırmağa çalışan dövlət başçısı onlara tutarlı cavab vermiş, cavabı əvvəlcədən bəlli olan sual ünvanlamışdı: "Siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz?". Təbii ki, bu sualın sadə bir cavabı vardı. Yenə də əllərini-qollarını sallaya-sallaya bölgəyə səfər etmək, Ermənistanda "İrəvan konyakı"ndan içib məst olmaq, Azərbaycanın gözəl təbiəti fonunda ləziz yeməklərdən yeyib feyziyab olmaq. Hərdənbir bir kağız parçasına imza atıb vədlər vermək, baş altına yastıq qoymaq və demək ki: "Səbir eylə, halva bişər, ey qora səndən!". Yəni elə 28 illik fəaliyyəti davam etdirmək. Bilmirəm, bəlkə azərbaycanlılar onların düşündükləri qədər sadəlövh görünüb bu "sülh carçılarına". Ancaq qeyd etdiyim kimi, Azərbaycan bu qrupun ikili yanaşmasını çox aydın görür, ona ümid bağlamır, sadəcə məqam gözləyirdi. Dövlət başçımız isə nəyi nə zaman etməyin lazım olduğunu gözəl bilirdi. Hadisələrin sonrakı gedişi də bunu təsdiqlədi...

Həyat göstərir ki, ikili yanaşma nə qədər uzun sürsə də bir gün əsl həqiqət üzə çıxır, necə deyərlər "yağı-yağ, ayranı-ayran olur". Vətən müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran məğlub ölkə başqa "ağa" axtarışına çıxanda yeni-yeni vasitəçilər peyda oldu. Ermənistan-Azərbaycan münasibətlərinin həlli iki, çoxtərəfli formatlarda müzakirələrə çıxarıldı: Soçi, Moskva, Brüssel, Praqa, Vaşinqton görüşlərində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyi dəfələrlə vurğulandı, ancaq bütün bunlar da söz olaraq qaldı. İkili yanaşma sərgiləyən bəzi qüvvələr açıq mübarizəyə keçdilər. Avropa İttifaqı Şurası, Avropa Parlamenti, AŞPA postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə dəstək göstərmək əvəzinə, Azərbaycana qarşı qarayaxma kampaniyasına başladılar. Fransa, ABŞ, Almaniya kimi güclər Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün məkrli planlarını reallaşdırmağa çalışdılar. Nəhayət, Fransanın ənənəvi ermənipərəst siyasəti həyata keçdi, Makron arzu və istəyinə çatdı. Avropa İttifaqının missiyası Ermənistan ərazisinə yerləşdirildi, onun sayı tədricən artırıldı. İndi Fransa bu ölkədə öz cəbbəxanasını yaradır, ermənilər silahlandırılır, onlara hərbi təlimlər keçirilir. Bir sözlə, haylar yeni müharibəyə hazırlaşırlar.

Azərbaycan isə müharibə istəmir, sülh istəyir, ölkəmiz müharibədə qalib gəlib, keçmiş "Dağlıq Qarabağ" münaqişəsi həllini tapıb, hər hansı müzakirələrə qayıdış yoxdur. Məsələyə ikili yanaşanlar isə bu çağırışlardan çox-çox uzaqdırlar. Bu gün davam edən Rusiya-Ukrayna, İsrail-HƏMAS müharibələri də bu yanlış münasibətdən qaynaqlanır.

Zümrüd QURBANQIZI,

"Respublika".