İctimai-siyasi proseslərdən yaranan zərurət
Siyasət

İctimai-siyasi proseslərdən yaranan zərurət

16 oktyabr 1992-ci ildə bir qrup ziyalı Yeni Azərbaycan Partiyasının yaradılması ilə əlaqədar ulu öndər Heydər Əliyevə müraciət ünvanlamışdır 

Ulu öndər Heydər Əliyev doğma Azərbaycanın, canından çox sevdiyi xalqının tərəqqisinə, intibahına, dövlətinin, dövlətçiliyinin əbədiliyinə sədaqətlə xidmət etmiş dahi şəxsiyyətdir. Müasir Azərbaycan tarixinin yaradıcısı olan ümummilli lider ölkəmizi dünya dövlətləri sırasına yüksəltmək, onu hərtərəfli inkişaf etdirmək, iqtisadiyyatını gücləndirmək istiqamətində misilsiz işlər görmüş, xalqımızı tarixin çətin sınaqlarından məharətlə çıxarmışdır. Ötən əsrin 90-cı illərində müstəqillik tariximizin çətin, mürəkkəb, olduqca riskli bir dönəmində respublikada hakimiyyət uğrunda gedən mübarizələr, daxili çəkişmələr, digər tərəfdən isə Ermənistanın torpaqlarımızı işğal etməsi ölkədə siyasi hərc-mərcliyə, özbaşınalığa gətirib çıxarmışdı. Xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan ulu öndər uzaqgörən siyasət yürüdərək tarixi dönüş yaratdı, Azərbaycanı dağılmaqdan, dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi.

Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Naxçıvandan başladı. Böyük siyasi xadim və dahi şəxsiyyət xalqın tələbi və iradəsi ilə hakimiyyətə gəlməyə razılıq verdiyini bəyan etdi: "Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə, üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm". 1990-1993-cü illərdə Naxçıvanın ən ağır vaxtlarında yenidən siyasi fəaliyyətə başlayan dahi lider qısa zaman kəsiyində Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. O illərdə Naxçıvanın ictimai-siyasi həyatında böyük canlanma, tərəqqi dövrü başlandı. Muxtar Respublikanın Ali hakimiyyət orqanında dəyişiklik edildi, üçrəngli dövlət bayrağı və digər dövlət rəmzləri haqqında qərarlar qəbul olundu. 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Bu seçimlə ulu öndər ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Ümummilli lider eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Bu, xalqın hər zaman arxalandığı, etibar etdiyi Heydər Əliyevin müdrik və yenilməz siyasətinin təcəssümü və eyni zamanda Azərbaycanın milli müstəqilliyinə doğru atdığı ilk addım idi. Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi dövrdə muxtar respublikada ictimai-siyasi şəraiti stabilləşdirmək üçün əhəmiyyətli tədbirlər həyata keçirildi, getdikcə güclənən erməni təcavüzünün, düşmənin yaratdığı blokadanın ağır nəticələrinin qarşısının alınması üçün düşünülmüş çevik siyasət yürüdüldü.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə respublikaya rəhbərlik edənlərin səriştəsizliyi ucbatından dövlətin müstəqilliyini möhkəmləndirmək, dayaqlarını gücləndirmək mümkün olmamışdı. Ermənistanın işğal siyasəti, ölkə daxilindəki çəkişmələr uzun illərdən sonra yenidən qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Azərbaycanın belə çətin anında ümummilli liderin ətrafında sıx birləşən bir qrup ziyalı onun rəhbərliyi ilə yeni partiya yaratmaq məqsədilə 1992-ci il 16 oktyabr tarixində ulu öndərə müraciət etdilər: "Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir". Müraciəti imzalayan ziyalılar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, həmçinin bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Heydər Əliyev 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Böyük şəxsiyyət yaranmış vəziyyətdən çıxış yollarını da müdriklik və uzaqgörənliklə göstərirdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".

1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi və ulu öndər yekdilliklə partiyaya Sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi. Proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişlənir, partiya üzvlərinin sayı gündən-günə çoxalır.

1992-ci ildə yaranması, ümummilli lider Heydər Əliyevin partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə idi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər müstəqillik yolunu seçən insanların əzm və iradəsini qıra bilmədi. Həmin dövrü ulu öndər belə xatırlayırdı: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır".

Mehparə ƏLİYEVA,

"Respublika".