İkitərəfli əlaqələrin yeni mərhələsi
Siyasət

İkitərəfli əlaqələrin yeni mərhələsi

Azərbaycan və Qazaxıstan arasında münasibətlər möhkəm əsaslar üzərində qurulub. Xüsusilə, Azərbaycan son dövrlər Mərkəzi Asiyada olan dövlətlərə böyük diqqət ayırır. Qazaxıstan həm də Türk Dövlətləri Təşkilatının üzvüdür və qeyd edək ki, bu təşkilatın böyük gələcəyi olacaq.

TDT ailəsi sosial, iqtisadi, enerji və nəqliyyat sahələrində və yaxınlaşma nöqteyi-nəzərindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada Kasım-Jomart Tokayevin ölkəmizə səfəri də mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə lideri arasında sıx dostluq münasibətləri vardır. Bu da özünü aydın şəkildə büruzə verir. Bu cür yaxın münasibətlər dövlətlərimizin, xalqlarımızın rifahına bilavasitə təsir göstərir. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman müdafiə edib. Qeyd etmək lazımdır ki, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi də ikitərəfli münasibətlərə bir töhfədir. Bundan başqa, gələcək əlaqələrin inkişafını da stimullaşdırır. Düşünürəm ki, iki dövlət arasında münasibətlərin bütün spektrlər üzrə əməkdaşlığını genişləndirilməsi üçün yaxşı potensial mövcuddur. Gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan müxtəlif layihələr, iş birlikləri xalqların yaxınlaşmasına daha da təkan verəcəkdir. Zəngəzur dəhlizinin açılması, Orta Dəhlizin istifadəyə verilməsi ölkələr arasında münasibətlərə əhəmiyyətli dərəcədə təsir edəcək və buna hər iki tərəf böyük səylə çalışır.         

İlyas HÜSEYNOV,

politoloq.