İkitərəfli münasibətlərin yeni inkişaf mərhələsi
Siyasət

İkitərəfli münasibətlərin yeni inkişaf mərhələsi

Yaxın Şərqin Mesopotomiya düzənliyində, Dəclə və Fərat çayları vadisində yerləşən, paytaxtı nağıllar aləminin gözəl şəhəri Bağdad olan İraq. Bayatılarımızın, nənnilərimizin mayası Kərkük nəğmələri. Füzulinin, Nəsiminin ilham mənbəyi, şeir məbədi, soyumuz, kökümüz, dilimiz, mahnılarımız, bayatılarımız eyni olan Kərkük. Burada yazı dili Türkiyə türkcəsi olsa da, şifahi nitq Azərbaycan şivəsidir.

Hürufi şairi, ruh Tanrısı adlandırılan Nəsimi bir müddət Bağdadın 12 kilometrliyində yerləşən Nəsim kəndində Məhəmməd Füzuli isə babası ilə birlikdə Kərkükdə yaşayıb. Deyilənə görə, hələ də Kərkük qalasında Füzulinin vaxtilə yaşadığı ev qalır. 1556-cı ildə dünyasını dəyişən şair İraqın Kərbəla şəhərində, İmam Hüseyn məqbərəsinin yaxınlığında dəfn olunub. Bu mənada, ölkə bizə doğma olduğu kimi, İraq kərkükləri də qanında, canında azərbaycanlı məfkurəsi daşıyır. Onlar da xalqımızın bir parçası, uzaq coğrafiyalarda varlığımızdır.

Ötən ilin noyabr ayında Prezident İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bəyanat verərək bildirdi ki, 50 milyonluq Azərbaycan türkünün taleyi bizim üçün önəmlidir. Onların dilinin, milli varlığının qorunmasının rəsmi təəssübkeşi Azərbaycandır. Ümumiyyətlə, Azərbaycan-İraq münasibətləri uzaq tarixə söykənir. Hər iki dövləti bir-birinə birləşdirən ortaq cəhətləri çoxdur. Dini, mədəni əlaqələr əsrlər boyu mövcud olub. Bir çox azərbaycanlı alimlər məhz bu ölkədə, Nəcəf-Əl-Əşrəf şəhərində dini təhsil alaraq dünyada böyük nüfuza sahib olmuşlar. İraq qədim zamanlardan azərbaycanlılar üçün doğma məkanlardan olub.

İraq İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. 30 illik işğal dövründən sonra 44 günlük Vətən müharibəsində Qələbə qazanan ölkəmizin haqq işini və əldə etdiyi Zəfəri alqışlayan ölkələrdən biri də İraq olmuşdur. Qarşılıqlı münasibətlər zəminində Azərbaycan da İraqın çətin günlərində hər zaman ona dəstək olub. Ölkələrimiz bütün dövrlərdə bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edib. Birliyimiz və dostluğumuz özünü Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında da göstərib. Bu baxımdan, ölkələr arasında bütün sahələr üzrə əlaqələrin inkişafı zəruridir.

Hələ 1974-cü ildə İraq Respublikasının Bakı şəhərində Baş Konsulluğu fəaliyyət göstərirdi. Bu da ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu təsdiq edən sübutlardan biridir. Sovet İttifaqının dağılmasından sonra İraq Azərbaycanın müstəqilliyini tanıyan ilk on dövlətdən biri olmuşdur. Son illər ölkələrimiz arasında əməkdaşlıq daha sıx xarakter alıb. Noyabrın 19-da İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri qarşılıqlı əlaqələrin inkişafı üçün əhəmiyyətli olduğu qədər, əməkdaşlıqda da yeni səhifə açacaq. Səfər zamanı, həmçinin iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsi aparılıb, xüsusilə qarşılıqlı ticarətin artırılması, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetirilib. Bununla yanaşı, müdafiə sənayesi və turizm sahələrində əməkdaşlıq imkanları da müzakirə edilib. Görüşdə İraq prezidentinə Azərbaycan ilə Ermənistan arasında vəziyyət barədə məlumat verilib.

Sosial müdafiə, turizm, rəqəmsal texnologiya və nəqliyyat sahələrini təmsil edən qurumlar arasında memorandumun imzalanması hər iki ölkə arasında inkişafa daha da diqqət ayrılmasını özündə əks etdirir. Bundan əlavə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nu imzalayıblar ki, bu da regionda baş verən hadisələrə birgə münasibətin göstəricisidir. Yaxın günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Kərkük Mədəniyyət Dərnəyi arasında da əməkdaşlığa dair memorandum imzalanıb. Məqsəd Türk xalqlarının mədəni birliyinin möhkəmləndirilməsinə töhfə vermək, o cümlədən İraq Respublikası ərazisində tarixən məskunlaşmış və hazırda da orada yaşayan türkmənlərlə mədəni əlaqələri genişləndirmək, ortaq tarixi ənənələrin, etnik mədəni-mənəvi dəyərləri qarşılıqlı şəkildə öyrənmək və təbliğ etməkdir.

Memorandum çərçivəsində mədəniyyət, elm, təhsil, mədəni irsin öyrənilməsi və təbliği sahələrində təcrübə mübadiləsi aparılacaq. Azərbaycan Respublikasında İraq türkmənlərinin, İraq Respublikasında Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi abidələri, adət-ənənələri təbliğ olunacaq. Azərbaycan xalqının və İraq türkmənlərinin maddi və qeyri-maddi-mədəni irsinin öyrənilməsi, qarşılıqlı təbliği üzrə birgə elmi layihələr həyata keçiriləcək.

Hələ 2015-ci ildən Azərbaycan və İraq arasında birbaşa təyyarə reysləri açılıb ki, bu da ölkələr arasında turizmin inkişafında böyük rol oynayır. Hazırda isə Azərbaycan və İraq paytaxtları arasında ilk birbaşa uçuşun baş tutduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək".

Ramidə YAQUBQIZI,

"Respublika".