İlana zəhər verən...
Digər xəbərlər

İlana zəhər verən...

İkinci Qarabağ müharibəsində qələbə qazanandan sonra Azərbaycana olan münasibət tamamilə dəyişdi. Qələbəmizi alqışlayıb, yanımızda olan dövlətlər çox gözəl anlayırdılar ki, bu, Azərbaycanın haqq işidir. 30 il düşmən işğalında qalan torpaqlarını, ərazilərini azad etmək dövlət sərhədinin bərpasıdır. Ermənistan isə işğalçı dövlət kimi qınanılmalıdır. Digər dövlətlər isə  iç üzlərini göstərməklə xain, xəbis niyyətlərini ortaya qoydular. Açıq şəkildə bizə qarşı qərəzli mövqe tutdular. Sözsüz ki, həmin dövlətləri narahat edən əsas məsələ Azərbaycanın regionun əsas güc mərkəzinə çevrilməsidir.

Bu, birmənalı şəkildə reallıqdır. Düzdür, bu işdə ön sırada dayanan Ermənistan düşmən dövlət kimi belə də davranmalı idi. Çünki uzunmüddətli işğal dövründə ərazilərimizi hərtərəfli istismar etmiş,  sərvətlərimizdən yetəri qədər faydalanmışdır. Ötən 30 il müddətində hayların hakimiyyətdə olan bütün dövlət başçıları özlərinin kəskin mövqeyi və qəti düşmənçilik prinsipləri ilə heç də bir-birindən fərqlənməmişlər. Azərbaycan dəfələrlə barışıq, sülh mövqeyindən çıxış etsə də, Ermənistan istər daxili, istərsə də xarici havadarları sayəsində vəziyyəti daha da gərginləşdirmişdir. Artıq səbr kasası dolan Azərbaycan xalqı və dövləti 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ermənilərin "Qarabağ Ermənistandır nöqtə", şüarına "Qarabağ Azərbaycandır" nida möhürünü vurdu.

Əli hər yerdən üzülən haylar bəlkə də qaytardılar prinsipi ilə yeni havadarlar, arxa-dayaqlar axtarmağa başladı. Boş xülyalar, yalançı vədlər verən, elə Paşinyan ağılda olan bəzi liderlər öz sərsəm çıxışları ilə nə qədər aciz və primitiv olduqlarını bir daha göstərdilər. Xüsusi canfəşanlıq edən dövlət rəhbərlərindən biri də, Fransa prezidenti Emmanuel Makron oldu. Bu, təcrübəsiz dövlət başçısı Ermənistanın belə demək mümkünsə olmayan hüquqlarının müdafiəsinə qalxdı. İlana zəhər verən kərtənkələ kimi, Makron Paşinyanın əlinə bel, dilinə də fel verdi.

Reallıq isə ondan ibarətdir ki, dövlətlərin ərazi bütövlüyü, toxunulmaz sərhədləri var. Bunu anlamayan və yaxud da anlamaq istəməyən liderlər isə nə qədər naşı olduqlarını və siyasi arenada yamaq kimi görsəndiklərini əməli işləri ilə təsdiq edirlər. Müsyö Makron əgər, səriştəli,  savadlı siyasətçi və dövlət rəhbəri olsaydı, o zaman onun az-çox tarixdən də məlumatı olardı. Bu arada kimsə gec də olsa Makrona başa salmalıdır ki, ermənilər Qafqaza məxsus deyillər. Onlar Qafqaza, Azərbaycan torpaqlarına son əsrlərdə, lap elə yaxın bir zaman kəsiyində məqsədli şəkildə yerləşdirilmişlər. Yox, əgər erməni xalqına bu qədər ürəyi yanırsa, o zaman, bütün Ermənistanı yığışdırıb öz məmləkətinə apara bilər. Buna heç kimin etirazı yoxdur. Əslində, Makron ilə Paşinyanı birləşdirən ortaq və oxşar cəhətlər çoxdur. Makron ilə onun sələfləri ermənilər kimi torpaq zəbt etməyi, ərazi işğal etməyi gözəl bacarırlar. Əgər, Makron uzaq Avropadan Qafqaz sərhədlərinə sarı boylanıb, ermənilərin güya tapdanan hüquqlarını müdafiə etməyə çalışırsa,  o zaman uzaqlara getməyə ehtiyac yoxdur, zəhmət çəkib, öz daxilində illərdir çəkişmələrə, müzakirələrə səbəb olan Korsika məsələsini həll etsin. Fransızlar tərəfindən korsikalıların əlindən alınmış azadlıqlarını müdafiə etsin. Bu, daha məqsədəuyğundur.

Siyasi aləm nə qədər mürəkkəb, qəliz olsa da, burada liderlərin birinin digərinə təsir etmək, məsləhət vermək gücü və iqtidarı var. Ancaq haqqı nahaqqa verməmək şərti ilə. Bəlkə də, bu köhnə bacıları birləşdirən hansısa doğmalıq, qohumluq əlaqələri var. Amma yaxşı olar ki, Makron balaca bacısı Paşinyanı da qarşısına qoyub yaxşı-yaxşı düşünsün, vaxtını, zamanını boş, mənasız şeylərə sərf eləməsin.

Müsyö Makron, Qafqazda münaqişələr, müharibələr baş verə bilər. Amma Qafqaz özünüidarəni itirə bilməz. Sizin kimi dövlət başçıları uydurma haqq-ədalət axtarışına çıxmaqdansa yaxşı olar ki, Azərbaycan-Ermənistan sərhədinə yaxşı nəzər salasınız.  Sərhədlərin haradan başlayıb, harada bitdiyini öyrənəsiniz. Sərsəm bacın Nikolla boş xülyalardan, axmaq fikirlərdən əl çəkəsiniz. Yaxşı olar ki, öz daxili problemlərinizlə məşğul olasınız. Hazırda Fransa od içindədir, Paris dağılır. Amma bu dəfə Parisi dərviş Məstəli şah yox, elə firənglərin özləri dağıdırlar. Ölkədə anarxiya, özbaşınalıq pik həddədir. Xalq, öz hüquqlarını tələb edir. Nə demiş atalar, "su səhəngi, suda sınar". Yaxşı olardı ki, siz millətinizin tapdalanmaqda,  əzilməkdə olan hüquqlarını müdafiə edəsiniz.

17 yaşlı yeniyetmə Naelin günahsızcasına qətlə yetirilməsi ilə başlanan iğtişaşlarda yüzlərlə fransalı saxlanılıb. İctimai asaşiyi qorumaq üçün əlavə 45 min polis qüvvəsi cəlb edilib. Polislərin çoxluğunu isə iğtişaşların və zorakılığın qarşısı alınması ilə əlaqələndirirlər. Müsyö, əgər xalq öz hüququnu tələb edirsə, burada hansı zorakılıqdan söhbət gedə bilər? Bu gün, sizin köməyinizə firənglərin daha çox ehtiyacı var, nəinki ermənilərin. Zəhmət çəkib siyasətlə məşğul olun, səyahətlə yox.

Ramidə YAQUBQIZI,

"Respublika".