İmişlinin pambıq və taxıl qayğıları
Region

İmişlinin pambıq və taxıl qayğıları

Fermerlərin maddi və sosial rifah halının daha da yaxşılaşdırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir addım atılıb.

Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər "ağ qızıl"ın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Sabit Səmədov söhbət zamanı bildirdi ki, cənab Prezident pambıqçı əməyinə daim diqqət və qayğı göstərmişdir. Əvvəllər pambıq istehsalında, emalında, hazır məhsulun satışında mövcud olan süni əngəllər artıq aradan qaldırılmışdır. Pambığın alış qiymətinin hər il artırılması bu qayğının daha bir parlaq nümunəsidir. İndi məhsulun əkilib becərilməsində maşın-mexanizm, dərman preparatları sıradan çətinliklər yoxdur. İdarə rəhbəri bildirdi ki, şirkətlər arasında əldə olan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri 2023-cü ilin məhsulu üçün hər tona 1-ci növün qiyməti 800 manata, 2-ci növün qiyməti 780 manata, 3-cü növün qiyməti 740 manata, 4-cü növün qiyməti isə 700 manata qaldırılıb.

Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 180 manat subsidiya ödənilir. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunur. Sabit Səmədov bildirdi ki, İmişli rayonunda əkinəyararlı 39827 hektar suvarılan sahə var. Ötən təsərrüfat ilində İmişlidə 7011,9 hektar gəlirli və ölkəmiz üçün ənənəvi sahələrdən olan pambıq əkilib becərilmiş, hər hektardan 30,1 sentner məhsul əldə edilmişdir. 2023-cü il üçün də rayonda bu sahə artırılaraq ("MKT İK" MMC 3707.2, "Azərpambıq" MMC 1325, "P-Agro" MMC 1030, "Kürdəmir-Pambıq" ASC 276, "Aztəsərrüfat" MMC 905, "Apeks Agro" MMC 130, "AŞİB" MMC 219.2 hektar olmaqla) ümumilikdə 7592,4 hektarda pambıq əkilib. Məhsulun qəbul vaxtı fermerlərə yüksək səviyyədə diqqət və qayğı göstərilir, verilən məhsulun növlərinin təyyin edilməsi və qiymətinin dəyərləndirilməsində neqativ hallara yol verilmir. Əlbəttə, fermerlər onlara yaradılan bu münbit şəraitə və dəstəyə görə cənab İlham Əliyevə minnətdarlıqlarını bildirərək, məhsuldarlığı bu il daha yüksək olacağını əminliklə bəyan edirlər. Hazırda becərmə traktorlarından istifadə etməklə altıncı, yeddinci becərmə işləri aparmaqla, yüksək səviyyədə aqrotexniki qulluq göstərilməkdədir. Pambıq sahələrində dərmanlama işlərini vaxtlı-vaxtında həyata keçirmək üçün traktorlarda lazımi aqreqatlar quraşdırılaraq hazır vəziyyətdədir.         

Sabit Səmədov söhbət zamanı vurğuladı ki, ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr rayonumuzda uğurla icra olunur. Belə ki, dövlət rəhbərliyi tərəfindən göstərilən qayğını, dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafına xüsusi maraq göstərirlər. DAİM direktoru söhbət zamanı icra hakimiyyətinin başçısı Elçin Rzayevin onlara göstərdiyi diqqət və qayğını xüsusi olaraq qeyd etdi və bildirdi ki, ümumiyyətlə, rayon rəhbərinin köməyinə ehtiyacımız var, Elçin müəllim bu köməkliyini hər zaman bizə göstərib. Belə ki, kənd icra nümayəndələri, bələdiyyə sədrləri, o cümlədən fermerlərlə nəsə bir problemlərimiz olanda o da rayon rəhbərliyinin köməkliyi ilə həllini tapır.

S.Səmədov qeyd etdi ki, rayonda 2022-ci ilin məhsulu üçün 17629 hektar dənli bitkilər əkilmişdir. Onun 9275 hektarı buğda, 8354 hektarı arpa olmuşdur. Cari ilin məhsulu üçün isə bu rəqəm artaraq 17913,3 hektar sahədə dənli bitkilərin əkini aparılıb ki, onun 10919,6 hektarı buğda, 6993,7 hektarı arpa sahəsi olmuşdu. Biçinin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün 33 ədəd taxılbiçən kombayndan istifadə etməklə rayonda dənli bitkilərin biçini başa çatmışdır. Bu il dənli bitkinin biçinində rayon üzrə ümumi məhsuldarlıq hər hektardan 39,6 sentner olmuşdur. Bunun da 40.1 sentner buğda, 38.18 sentner arpa olmaqla 43752.1 ton buğda, 27169.1 ton arpa tədarük edilmişdir ki, bu da 70921.2 ton dənli bitkinin əldə olunmasıdır. Əminliklə deyə blərik ki, İmişli rayonu bu təsərrüfat ilini də uğurla başa vuracaq.      

Ərəstun ABDULOV,

"Respublika".