İmperialist maraqlarını təmin etməyə çalışanlar
Siyasət

İmperialist maraqlarını təmin etməyə çalışanlar

ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrin "Dağlıq Qarabağın gələcəyi" adlandırılması belə qərəzli mövqeyin və məkrli niyyətlərin separatizmə verilən dəstəyin göstəricisidir.

Onu da unutmamaq lazımdır ki, separatizmi dəstəkləyən bu dövlət otuz ilə yaxın bir dövrdə ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olaraq vasitəçilik missiyasını icra edib. Hətta 44 günlük Vətən müharibəsindən sonra təşəbbüskarı olduğu "Vaşinqton formatı" çərçivəsində sülh danışıqlarına vasitəçilik edən Amerikanın əsas məqsədinin heç də sülh və sabitliyə töhfə vermək olmadığı artıq hər kəsə bəllidir. Digər tərəfdən, bütün dünya dövlətlərinin, hətta işğalçı Ermənistanın Azərbaycanın tərkib hissəsi olaraq tanıdığı Qarabağın gələcəyi ilə bağlı hər hansı bir dinləmələrin keçirilməsi dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə ziddir. Deməli, özünü beynəlxalq hüququn təmin olunmasının qarantı hesab edən Amerika Birləşmiş Ştatları öz imperialist maraqlarını təmin etmək üçün dövlətlərin ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsipini gözardı edir, həm də bu hüquqazidd addımlarını Azərbaycan dövləti üzərində təzyiq vasitəsinə çevirməyə çalışır.

Əslində, Amerikanın bu ikili standartı və riyakar humanizm siyasəti heç də yeni yaranmış reallıqlardan irəli gələn yanaşma deyil. 1992-ci ilin oktyabr ayında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən "Azadlığı Müdafiə Aktı" adlı qanun qəbul edib. Lakin sonradan qanunun 907-ci bölməsinə edilmiş düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan olunub. Bu məqamda belə bir sual yaranır. Niyə? Belə ədalətsiz qərarın qəbul edilməsində istisnasız olaraq Amerikadakı erməni lobbisinin təsiri qeyd edilməlidir. Azərbaycanı guya Ermənistanı blokadada saxlamaqda ittiham edərək beynəlxalq hüququ erməni lobbisinin maraqlarına qurban verən "qanun keşikçilərinin" ədalətsiz yanaşmaları əsasında qəbul edilmiş 907-ci düzəlişə görə yeni müstəqillik qazanmış və işğala məruz qalmış Azərbaycan Respublikası təxminən səkkiz ildən artıq bir dövr ərzində Amerikanın yardımından məhrum olmuşdur. Bu gün eyni ssenari yenidən təkrarlanır. Lakin unudulan əsas məqam ondan ibarətdir ki, artıq Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil və bu addımın hər hansı bir formada bizim üzərimizdə təsir mexanizmi yoxdur. Ona görə də qlobal sistemin aparıcı aktorlarının belə qeyri-konstruktiv mövqeyi, ədalətsiz yanaşmaları və ya təhdid ritorikası ancaq danışıqlar prosesinə zərbə vurmaqla sülh müqaviləsinin imzalanmasını gecikdirir, başqa hər hansı bir təsir gücü heç vaxt olmayıb və ola da bilməz.

Aytən QURBANOVA,

politoloq.