İnamla, mətin addımlarla firavan sabahlara doğru
Siyasət

İnamla, mətin addımlarla firavan sabahlara doğru

Müasir Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, yeni inkişaf mərhələsinə qədəm qoyması ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi dövrə təsadüf edir. Mürəkkəb tarixi proseslərdən xalqımızı cəsarətlə çıxaran, ölkəmizi beynəlxalq aləmdə tanıdan ümummilli liderin müstəsna xidmətlərinin nəticəsidir ki, bu gün nəinki regionda, bütün dünyada irimiqyaslı iqtisadi layihələr Azərbaycanın iştirakı, xalqımızın milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dahi şəxsiyyətin müdrik siyasəti Azərbaycana hər zaman böyük uğurlar gətirmiş, bütün sahələrdə əldə olunan nailiyyətlər, yüksəliş beynəlxalq aləmdəki yerini müəyyənləşdirmişdir. Bu gün müstəqil siyasət yürüdən, heç bir ölkədən asılılığı olmayan, ərazi bütövlüyünü, suverenliyini tamamilə təmin edən dövlətimizin imzalar içində öz imzası var.

Azərbaycanlı olduğu ilə qürur duyan, bütün varlığı qədər sevdiyi xalqına, dövlətinə, dövlətçiliyinə xidmət etməyi həyat amalına çevirən ümummilli lider hər zaman doğma xalqından güc almış, tarixin sərt sınaqlarında millətinə arxalanmışdır. Dahi lider bütün mənalı ömrünü onun tərəqqisinə, intibahına həsr etmişdir. Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmiş, bütün fəaliyyəti boyu ölkəmizin tərəqqisinə çalışmışdır. Özündən sonra xalqına müdrik siyasətçi, məharətli lider, böyük sərkərdə qoyub gedən ümummilli lider özü qədər inandığı siyasi varisi İlham Əliyevin Azərbaycanı xoşbəxt gələcəyə aparacağını, onu zəngin, qüdrətli dövlətə çevirəcəyinə əmin idi. Bu əminliyi 2003-cü il 1 oktyabr tarixində xalqa müraciətində ifadə etmişdir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

20 il bundan öncə, 2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı xalqın böyük əksəriyyətinin seçki məntəqələrinə gələrək öz səsini İlham Əliyevə verməsi xalqın ulu öndər ideyaları işığında yaşamaq istəyinin təzahürü idi. Və həmin gün Azərbaycan xalqı arzusunu reallığa çevirməyi bacardı. Özünün xilaskarı, ümummilli lideri olan Heydər Əliyevi bundan 10 il əvvəl təkidlə rəhbərliyə gətirən xalq oktyabr ayının 15-də onun layiqli davamçısını dövlətinə Prezident seçdi. Azad, şəffaf, demokratik prinsiplər əsasında keçirilən seçkilərdə qalib gələn cənab İlham Əliyev oktyabr ayının 31-də paytaxtın Respublika Sarayında müasir Azərbaycanın qurucusu, böyük şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu şərəflə, vicdanla davam etdirəcəyinə sədaqət andı içdi: "Azərbaycan Respublikasının Prezidenti seçilməyimdə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm. Heydər Əliyevin siyasətini davam etdirəcəyəm… Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik".

Azərbaycan Prezidenti İlham Əliyev prezidentliyinin ilk dövrlərindən düşünülmüş, xalqının mənafeyinə xidmət edən siyasət həyata keçirdi. Ölkədə demokratiya, siyasi plüralizm, söz azadlığı təmin olundu. Azərbaycanın qüdrətli, nüfuzlu dövlətə çevrilməsi istiqamətində mühüm işlər görüldü, ölkə iqtisadiyyatı möhkəmləndirildi, beynəlxalq münasibətlər genişləndirildi, yeni əməkdaşlıq əlaqələri quruldu, ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar aparıldı, milli ordunun maddi-texniki bazası möhkəmləndirildi. Bütün bunların fonunda isə ölkə başçısı Azərbaycanın Ermənistan tərəfindən torpaqlarının işğalı ilə barışmayacağını, nəyin bahasına olursa-olsun ərazilərini düşməndən azad edəcəyini mötəbər kürsülərdən qətiyyətlə bəyan etdi.

Bəli, müstəqil Azərbaycan 20 il ərzində tərəqqiyə, inkişafa, quruculuğa, əmin-amanlığa doğru uzun yol qət etdi. Qarşıya çıxan hər bir problemin həlli istiqamətində məqsədyönlü iş aparıldı. Genişmiqyaslı islahatlar iqtisadiyyatın dinamik inkişafına imkan yaratdı, Azərbaycan sürətlə inkişaf edən bir ölkəyə çevrildi. Əldə olunan uğurlar iqtisadiyyatın əsas göstəricisi olan Ümumi Daxili Məhsulun artımını şərtləndirdi. Müəyyənləşdirilən hədəflərə çatmaq üçün qarşıya qoyulan bütün vəzifələr uğurla icra olundu. Sənaye potensialının inkişafı istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olduğunu bir daha təsdiq etdi. Ölkəmizə yatırılan xarici investisiyaların həcmi gündən-günə artmağa başladı. Azərbaycan beynəlxalq səviyyəli irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də icraçısına çevrildi. Yerli sahibkarların fəaliyyətinə geniş imkanların yaradılması daxili investisiyaların artımı ilə müşahidə olundu. Dövlətin valyuta ehtiyatları, büdcə gəlirləri çoxaldı. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrası respublikanın bölgələrinin inkişafı ilə yanaşı, yeni iş yerlərinin açılmasına, dövlətin qarşısında duran ən vacib məsələlərdən biri olan işsizlik faizinin minimum həddə düşməsinə səbəb oldu. Həmçinin beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırılan layihələr yoxsulluq səviyyəsinin azalmasına geniş imkanlar açdı. Sosial məsələlərin həlli istiqamətində düşünülmüş addımların atılması ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını, əməkhaqlarının, pensiyaların artmasını şərtləndirdi.

İlham Əliyevin Ali Baş Komandanlığı dövründə ölkəmizdə ordu quruculuğunun yeni mərhələsi başladı və Azərbaycan Ordusunun formalaşması, təkmilləşməsi istiqamətində təxirəsalınmaz tədbirlər görüldü. Ulu öndərin ordu quruculuğu siyasəti son 20 il ərzində nəinki uğurla davam etdirildi, eyni zamanda miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Bu istiqamətdə dövlət rəhbərinin atdığı çoxsaylı mühüm addımlar, həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan ordusunu adi, sıradan bir ordudan dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı. Maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbçilərin sosial təminatının gücləndirilməsi bu gün Azərbaycan Ordusunu dünyanın 50 ən güclü ordusu sıralarına yüksəltdi. Görülən işlər, qəbul edilmiş proqramlar, həyata keçirilən infrastruktur layihələr, sahibkarlara göstərilən dəstək, investisiya mühitinin yaxşılaşdırılması iqtisadi, eyni zamanda siyasi sahədə uğurların qazanılmasına əlverişli şərait yaratdı.

20 il prezidentliyi dövründə torpaqlarımızın 30 illik işğalına son qoyulması, ərazi bütövlüyümüzün, suverenliyimizin tamamilə bərpa olunması istiqamətində yorulmadan, usanmadan çalışan Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı ölkəmizin haqq səsini dünyanın diqqətinə çatdırdı. Bütün siyasi görüşlərində, xarici televiziyalara verdiyi müsahibələrində ölkə başçımız Azərbaycanın haqlı mövqeyindən çıxış edərək ölkəmizin ərazi bütövlüyünün pozulması, xalqımızın soyqırımlarına məruz qalması, vətəndaşlarımızın məcburi köçkün vəziyyətinə düşməsi faktlarının öz təsdiqini tapmasına nail oldu.

2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi üçün əks-hücum əməliyyatının keçirilməsinə əmr verdi. Artıq müstəqil Azərbaycanın düşməni məhv etməyə yetərincə hərbi potensiala malik olduğuna, yenilməz milli ordusunun formalaşdığına əmin olan ölkə başçısının bu qərarı da vaxtında, zamanında verilmiş, qalibiyyətə hədəflənmiş qərar oldu. Hər zaman düşünülmüş addım atan, qarşıya qoyduğu məqsədə çatmaq üçün hədəflərini dəqiq, düzgün müəyyənləşdirən İlham Əliyevin 30 il ərzində zəbt olunan torpaqları 44 gündə alması bunu bir daha sübut etdi. Bu gün Azərbaycan öz ərazilərini düşməndən geri alan, işğaldan azad etdiyi əraziləri heç bir ölkədən kömək istəmədən dünyanın ən son texnologiyaları əsasında yenidən quran qalib, qüdrətli, müstəqil dövlət olaraq qətiyyətli liderinin rəhbərliyi ilə inamla, mətin addımlarla firavan sabahlara doğru irəliləyir.

Mehparə ƏLİYEVA,

"Respublika".