Türk dünyası bir ailədir
Siyasət

Türk dünyası bir ailədir

Yeni dünya nizamında ikili standartların ön planda olması, ayrı-ayrı güc mərkəzlərinin təzyiq və təhdid siyasəti qütbləşməyə gətirib çıxarır. Sülh və sabitlik istəməyənlər bu bloku getdikcə genişləndirirlər. Xüsusilə türkofobiyanın tüğyan etməsi, milli və dini dəyərlərin alçaldılması qlobal oyunçuları strateji müttəfiqlər seçməyə sövq edir. Məhz bu amillər nəzərə alınaraq Türk dünyasının bir yumruq kimi birləşməsi zəruridir. Eyni köklərə, ortaq dilə, dinə və irqə sahib xalqların birliyi olduqca böyük potensialın varlığından xəbər verir.

Tarixin bütün dövrlərində Türk xalqları birliyi prioritet olmuşdur. Enişlər-yoxuşlar olsa da müasir dövrümüzdə bu həmrəylik daha çox özünü göstərir. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan məhz bu birliyin qurucularındandır. Keçmişə nəzər salsaq görərik ki, təzyiqlərə, bəşəri cinayətlərə məruz qalmasına  rəğmən türk dünyasının ümid işığı sönməmişdir. Belə ki, 1937-1938-ci illərdə, xüsusilə sovet dönəminin repressiya dalğasının tüğyan etdiyi dönəmlərdə türkdilli xalqların ən fəal nümayəndələri bu məfkurə uğrunda canlarından keçmişlər. Bu xalqlar qəlbində heç zaman alovu sönməyən Türk dünyası birliyi ideyasını qoruyub saxlamağı bacarmışlar. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan dövlətləri öz müstəqilliklərini əldə etdikdən sonra bu ideya daha geniş vüsət almışdır.

2009-cu ildə Naxçıvanda türkdilli dövlətlərin başçıları bir araya gəldilər və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaratdılar. Xüsusilə Türkiyə və Azərbaycanın iki qardaş ölkə kimi bu birliyə töhfəsi hələ uzun əsrlər boyu xatırlanacaq. Qeyd etmək yerinə düşər ki, fevralın 19-da Türkiyədə Prezident İlham Əliyevlə qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatında iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə görüşünün keçiriləcəyi bildirildi. Bununla bir daha deyə bilərik ki, Türk dünyasının ürəyi məhz ölkəmizdə döyünəcək.

7 fevral növbədənkənar prezident seçkilərinin qalibi olan ölkə başçımız fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Azərbaycanın xarici siyasət kursu ilə bağlı strateji seçiminə bir daha diqqət çəkdi. Milli maraqları prioritet istiqamət kimi müəyyənləşdirən bu diplomatiya birgə əməkdaşlığı mümkün edir. Belə effektiv siyasətin nəticəsidir ki, hazırda türk dünyasının daha da güclənməsində Azərbaycanın rolu getdikcə artır. Prezident İlham Əliyev 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi bəyanatında ölkələrimizi birləşdirən amillərə diqqət çəkərək vurğulayıb: “Mən mətbuat konfranslarında, öz çıxışlarımda dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”.

Şübhəsiz ki, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası bütün türk dünyasının qələbəsi kimi qəbul edilir. Xüsusilə, qardaş Türkiyənin Azərbaycana dəstəyi, regiondakı Türkiyə-Azərbaycan tandemi yeni mərhələdə sülh və sabitliyin qarantına çevrilib.

Bildiyimiz kimi, bu günlərdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edib. Ölkə başçımızla birlikdə Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edən Tokayev işğaldan azad olunan ərazilərin bərpasına Qazaxıstanın diqqətini bir daha göstərmiş oldu. Qeyd edək ki, Mərkəzin ərsəyə gəlməsi birbaşa Qazaxıstan liderinin öz təşəbbüsüdür. Bununla bir daha sübut olunur ki, Türk dünyası işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasına töhfələr verməyə hazırdır, Azərbaycanın qələbəsinə səmimi-qəlbdən sevinir. Bununla yanaşı, Mərkəzin açılması ortaq mədəniyyətimizin, tariximizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından böyük önəm daşıyır.

Ölkəmizin reallaşdırdığı siyasət müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsi olacaq. Prezident İlham Əliyev çıxışı zamanı bununla bağlı deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Nurlan ABDALOV,

“Respublika”.