İnsan qatilləri gec-tez qanun qarşısında cavab verəcək
Digər xəbərlər

İnsan qatilləri gec-tez qanun qarşısında cavab verəcək

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə respublika prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Həmin dövrdə Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə kəndə silahlı basqın edib, 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Baş prokurorluqdan verilən məlumata görə, Vaqif Xaçaturyan qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Vaqif Xaçaturyan barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Axtarış tədbirləri nəticəsində o, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Həmin faciəli anların canlı şahidi olan və düşmən tərəfindən işgəncələrə məruz qalan Meşəli kənd sakini Kamran Rəcəbovun ailə üzvləri ilə həmsöhbət olduq. Kamran Rəcəbov söhbətində bildirdi ki, qırğın olan gün mən də orada idim. Səhər tezdən kəndimizə güclü hücum oldu. Rus əsgərləri ilə birlikdə ermənilər kənd sakinlərinə amansız işgəncələr verirdi. Tutulan Vaqif də onların arasında idi. O vaxta qədər onun özünü yaxşı tanımasam da, atasını və qardaşı İlyanı yaxşı tanıyırdım. 366-cı motoatıcı batalyonun əsgərləri ilə birlikdə Badara kəndinin sakinləri də Meşəli sakinlərinə qarşı vuruşurdular. Vaqif Badara kəndindən olsa da, Xankəndidə yaşayırdı. Çox millətçi idi, həmkəndlilərimizə dəhşətli işgəncələr verirdi. Həmin vaxt mən könüllü batalyonun üzvü idim. Qızğın döyüşlərdə yaralanmışdım. Yaxşı yadımdadı, ermənilər kəndimizə soxulan kimi Novruz dayının evini yandırdılar. Qarşılarına çıxan qocaya-uşağa aman vermirdilər.

Söhbətə qoşulan Kamranın oğlu, qazi İmran RƏcƏbov qeyd etdi ki, ermənilər bizim kənddə yaşayan Hüseyn dayını, onun həyat yoldaşını və 15-17 yaşlarında olan iki qızını evdə diri-diri yandırdılar. Oğlu Allahverdi polisdə işləyirdi, şəhid oldu. O biri oğlu polis əməkdaşı Baratı isə əsir aparırdılar, əllərini bağlamışdılar. Xilas olmaq üçün özünü körpüdən çaya atmışdı. Kənd camaatı onu çayda tapmışdı. Əvvəlcə elə biliblər ki, ölüb. 60 yaşıyış evindən ibarət olan kəndimizdə 25-dən artıq şəhid olub. Atam həmin vaxt könüllü xidmətdə idi, camaatı xilas etmək üçün düşmənin qarşısına çıxaraq bizə dedi ki, kənd sakinləri ilə birlikdə özünüzü qorumağa çalışın. Düşmən dinc sakinləri də qətlə yetirirdi. Azyaşlı iki qardaşım vardı, ortancıl qardaşım Kamalı kənd sakinləri Şirin və Mahir müəllim kənddən birtəhər çıxartdılar. Balaca qardaşım Mərhəmət 1 yaş yeddi aylıq idi, yolda onu don vurmuşdu, Ağdamda dəfn etdilər.

Vaqif kimi qaniçən bir terrorçunun saxlanılması bizi xeyli sakitləşdirdi. Təsəllimiz odur ki, qəddar düşmən gec də olsa cəzasını alacaq.

M.NƏRİMANOĞLU,

"Respublika".