Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi
Digər xəbərlər

Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi

Söz vaxtına çəkər, üç il bundan əvvəl sentyabr ayının əvvəlində Ermənistan silahlı qüvvələri Azərbaycanın dövlət sərhədindəki mövqelərimizi, sərhəd kəndlərimizi davamlı olaraq atəşə tutur, eyni zamanda işğal etdikləri torpaqlarımızdan keçmiş təmas xəttindəki hərbi, mülki obyektləri dağıtmağa və ələ keçirməyə çalışırdı. Xalqımız ötən 30 il ərzində heç zaman işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm və qətiyyət göstərdi. Düşmən isə daha da azğınlaşır, təxribatlar törədir, "yeni torpaqlar üçün yeni müharibə" çağırışı edirdi.

Bütün bu təxribatlara baxmayaraq, dövlətimizin başçısı İlham Əliyev qətiyyətlə, çoxşaxəli, prinsipial, dürüst xarici siyasət yürüdür, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal iş aparır, sıx əlaqələr qurulur, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir, ölkəmizin nüfuzunu artırırdı. Ölkəmizin müdafiə sənayesi inkişaf etdirilir, ordu quruculuğuna böyük diqqət göstərilir, hərbi birliklər ən müasir və modern silahlarla təchiz edilir, ən əsası isə orduda vətənpərvərlik geniş təbliğ edilirdi. Və nəhayət, gün gəldi ki, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi. Ermənistan isə bütün xəbərdarlıqlara baxmayaraq, Azərbaycana qarşı təxribatlarını artırır, yeni ərazilər işğal etməyə cəhd göstərirdi. Azərbaycanın hərb tarixinə yazılan 2020-ci il 27 sentyabr günü səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, düşmən ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.

Rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində düşmənin murdar tapdağından azad etdi, igidlərimiz ən keçilməz sədləri aşaraq düşmən ordusunu darmadağın etdi. Əsgər və zabitlərimiz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfər tarixini yazdı. Müzəffər hərbçilərimiz dünyanın gözü qarşısında yeni dövrün müharibəsini qələbə ilə başa çatdırdılar. Qürur hissi ilə deyə bilərik ki, 44 günün hər anı Qələbə və Zəfər günü kimi yaddaşlara həkk olundu. İgid oğullarımızın qanı və canı bahasına yeddi rayon, Şuşa şəhəri, Suqovuşan və Talış qəsəbələri, keçmiş Hadrut rayonu, keçmiş Martuni rayonunun böyük hissəsi Ermənistanın işğalından azad edildi. Tarixi ədalət qələbə çaldı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Cəsarətlə demək olar ki, Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini nümayiş etdirdi.

Ötən 20 ilə nəzər salsaq görərik ki, bu zaman kəsiyində dövlətimizin başçısı var gücü ilə çalışıb ki, təcavüzkarın və zərərçəkmiş tərəfin kim olduğunu dünyada hər kəs bilsin. Məhz belə də oldu.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin əks-hücum həmlələri, yüksək döyüş taktikası, peşəkarlığı düşmən ölkənin hərbi qüvvələri arasında çaxnaşmaya səbəb oldu, mənəvi-psixoloji və hərbi üstünlüyümüz otuz il ərzində lovğalanan, erməni ordusunun, dünya erməni lobbisinin, diasporunun, şovinistlərin sərsəm xəyallarını darmadağın etdi. Və dərhal da öz ağalarına, havadarlarına zəng edərək yalvarırdılar ki, nəyin bahasına olursa-olsun Azərbaycanı dayandırın. Qanlı döyüşlərin getdiyi cəbhə xəttindən uzaqlarda isə informasiya müharibəsi başlamışdı, erməni havadarları müxtəlif informasiya və televiziya kanallarının nümayəndələrini Azərbaycana göndərir, əsası olmayan, qərəzli suallarla hadisələri başqa səmtə yönəltməyə cəhdlər edilirdi. Bəri başdan deyək ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin də qarşısı layiqincə alındı. Döyüşlərdə olduğu kimi, Azərbaycan informasiya cəbhəsində də Ermənistanı üstələdi. Ermənistanın yaydığı yalan xəbərlər təkzib olundu, dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı.

Yurd həsrəti bizi üzürdü. Dağlarında, qayalarında izimiz qalan, əcdadlarımızın ruhu dolaşan yurd yerlərimiz hər an bizi səsləyirdi. Düşmənlərimiz fitnə-fəsadla, şər-böhtanla, hiyləgərliklə, min bir oyun quraraq böyük bir eli yıxdılar, elə bildilər ki, onu yıxandan sonra bu eli öldürdülər, daha dirilən, dirçələn deyil. Yanıldılar... Sinəsindən və kürəyindən yaralanan bu el yenidən ayaqüstə qalxa bildi, bütün haqsızlığa, deportasiyaya, faciələrə sinə gərdi, hər kəs ürəyində, qəlbində, bütün varlığında itirdiyi yurd yerlərini yaşatdı. Bizə beşik olmuş, qibləmizi, izimizi köksündə yaşadan doğma yurd haqqındakı xəyallarımızın, arzularımızın üstünə yenidən işıq düşdü.

İndi rayonun nəbzi qələbə sevinci, ruh yüksəkliyi ilə döyünür. Ağdamda çox böyük və nəhəng işlərə, Ağdamın xarabalıqlarının yerində "ağıllı şəhər" tikilməyə başlanılıb. "Elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır". Ovqatımızı, ruhumuzu, duyğularımızı, arzularımızı təzələyən bu sözləri Azərbaycan xalqına misilsiz qələbələr bəxş edən Qalib Ali Baş Komandan İlham Əliyev mayın 28-də Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Bu yerlərdə insanı əzən, incidən və qəzəbləndirən bir mənzərə ilə qarşılaşırıq. Demək olar ki, bütün evlər, ictimai binalar, məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları tamamilə uçurulub, talan, qarət edilib, yollar dağıdılıb.

Sentyabrın 27-dən, İkinci Qarabağ müharibəsi başlayan gündən Ali Baş Komandanımızın bütün çıxış və müraciətlərini hamımız maraqla, həyəcanla izləmişik. Xalqımız dövlət başçısının ətrafında yumruq kimi birləşdi, bu möhtəşəm birlik nəticəsində düşmən üzərində parlaq Qələbə qazanıldı. Qalib ordumuz Ermənistanın 30 ildə uydurduğu mifi cəmi 44 günə yerlə-yeksan etdi, işğal altında qalan torpaqlarımız azad edildi. Döyüş səngərində Ermənistan ordusu darmadağın edildi, onlar silah-sursatlarını ataraq qaçmağa başladılar və rüsvayçı şəkildə məğlub oldular. Xalq-iqtidar birliyinin sarsılmazlığı qarşısında Ermənistan və onun havadarları tab gətirə bilmədilər. Qalib ölkənin Prezidenti xalqımızın yeni hərb tarixini, şanlı qəhrəmanlıq tarixini yazdı, qanlı döyüşlər zamanı işğalçı ölkənin hərbçilərinin böyük əksəriyyəti məhv edildi, qalanları isə torpaqlarımızdan qovuldu. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 il 4 aydan sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı. Prezidentimiz İlham Əliyev Ağdam Cümə məscidinin qarşısından Ermənistana, havadarlarına və qondarma, cinayətkar xunta rejiminə xəbərdarlıq etdi ki, heç bir status olmayacaq. Azərbaycan bununla Qarabağla bağlı mövqeyini bütün dünyaya bir daha açıqladı. Dövlət başçısı münaqişənin bitdiyini də elan etdi. Bu da beynəlxalq vasitəçi kimi regionda marağı olanlara diplomatik cavab idi. Bu, ATƏT-in keçmiş Minsk qrupunun da fəaliyyətinin başa çatması demək idi. Rəsmi Bakı bununla da Qarabağ məsələsini heç kimlə müzakirə etməyəcəyini beynəlxalq ictimaiyyətə çatdırdı. Şanlı qələbədən sonra Cənubi Qafqazda yaranan yeni geocoğrafi vəziyyət bölgədə yeni beynəlxalq layihələr üçün də yol açdı.

Azərbaycanın tarixi zəfəri regionda təhlükəsizlik və sülhü təmin etməklə qlobal miqyasda da böyük əhəmiyyətə malik olduğunu dünyaya nümayiş etdirdi. Qələbədən sonra Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı. Məlum üçtərəfli Bəyanatın müddəalarına əməl olunmaması, müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarəti altında olan regionda erməni separatçılarının tör-töküntülərinin, Ermənistan silahlı qüvvələrinin qalması, qanunsuz silahlı dəstələrin tərk-silah olunmaması, ölkənin suverenliyini və ərazi bütövlüyünü pozan, təhlükəsizliyini təhdid edənlərin terror törədib təxribatla məşğul olması, başqa bu kimi qanunazidd əməllər qəbuledilməz idi, hər şeydən əvvəl doğma yurd yerlərinə qayıdan insanların təhlükəsizliyinə mane olurdu.

Özünü dünyaya məzlum xalq kimi təqdim etməyə vərdiş edən erməni şovinistlər əslində yırtıcı, terrorçu, vəhşi bir toplumdur. Separatçı ermənilər, oradakı xunta rejimi Qarabağda sağalmaz bir yara idi, qədim Xankəndi terrorçuların yuvasına çevrilmişdi. Üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilmir, Ermənistan ordusunun tör-töküntüləri tərk-silah edilmir, əksinə, Qarabağda və Şərqi Zəngəzurda terror törədilir, dinc azərbaycanlılar, polislər və hərbi qulluqçular həlak olur, ağır yaralanırdılar. Təbii ki, belə dözülməz vəziyyət uzun zaman davam edə bilməzdi, çünki erməni həyasızlığı daha da azğınlaşırdı. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında gizlənən erməni silahlı dəstələri səngərlər qazır, hərbi texnikaları təmas xəttinə cəmləyir, yolları və keçidləri minalayırdı. Məhz, bu səbəblərə görə sentyabrın 19-da səhər tezdən Azərbaycan ordusunun bölmələri Xankəndi və ətraf ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən erməni silahlı qüvvələrini tərk-silah etmək, onların cəmləşdikləri əraziləri sərrast atışla məhv etmək, terror yuvalarını dağıtmaq üçün lokal antiterror tədbirlərinə başladılar. Elə ilk saatlarda Ermənistan silahlı qüvvələri birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edildi. Lokal antiterror tədbirləri uğurla aparıldı, Xankəndi və ətraf ərazilərdə yaşayan erməni mülki əhali və infrastruktur tədbirlərin hədəfinə çevrilmədi. Ermənistan silahlı qüvvələrinin Qarabağdakı mövqelərinə, onların uzunmüddətli atəş nöqtələrinə, eləcə də döyüş obyektlərinə və hərbi obyektlərə zərbələr endirildi. Çox böyük peşəkarlıqla həyata keçirilən antiterror tədbirlərində 23 saat ərzində xunta rejimi, Ermənistan ordusunu tör-töküntüləri ağ bayraq qaldırdılar, Azərbaycanın şərtlərini qəbul etdiklərini bildirdilər. Bir günə antiterror tədbirlərini başa çatdıran, bütün qələbələrimizin memarı, cəsur sərkərdə, Qarabağ fatehi, Prezidentimiz İlham Əliyevin böyük humanistliyi sayəsində Xankəndidə və ətraf ərazilərdə yaşayan dinc erməni ailələri zərər görmədilər. Dövlətimizin başçısının xalqımıza müraciətində qətiyyət və möhkəm inam hissi ilə bildirildi ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.

Natiq CAVADOV,

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru,

iqtisadiyyat üzrə elmlər doktoru, professor.