İnsanlığa qarşı törədilən dəhşətlicinayətdən 32 il keçir
Tarix

İnsanlığa qarşı törədilən dəhşətlicinayətdən 32 il keçir

Həyat şirin, yol çətin, ölüm ucuz, can baha,

Baş qaldırıb ağrılar, dözmür ürəklər daha.

Təslim olmaq yaraşmaz bu gün ağrıya, aha,

Yalvarmaq istəyirəm peyğəmbərə, Allaha,

Haqqımı qaytarmağa bir ömür də borc alım

Xocalım, ay Xocalım!

Zəlimxan YAQUB.

Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olan Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımları kimi insanlığa sığmayan qanlı cinayətlərdən heç də geri qalmır. Azərbaycan uzun illər ərzində ermənilərin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, xalqımız öz dədə-baba yurdlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt etməklə əliyalın əhaliyə qarşı soyqırımı törətdilər. Hadisələrdən bir gün öncə düşmən şəhəri gecəyarı toplardan və ağır zirehli texnikadan atəşə tutdu. Atəş nəticəsində Xocalıda böyük miqyasda yanğınlar törədildi və fevralın 26-sı şəhər tamamilə alova büründü. Bu cür ağır şəraitdə amansız düşmənin mühasirəsində qalan təqribən 2500 nəfər Xocalı sakini yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidilə şəhəri tərk etmək məcburiyyətində qaldı. Əfsuslar olsun ki, bu, baş tutmadı. 366-cı motoatıcı alayın hərbçiləri ilə əlbir olan haylar Xocalını viran günə salmaqla əhaliyə qarşı qətliam həyata keçirdilər. Xocalılıların başına qara bulud kimi çökən silahlı dəstələrin əsas məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, Xocalını yer üzündən birdəfəlik silmək idi. Bunun arxasında da bir sıra mühüm səbəblər dayanırdı. Birincisi, lap qədimdən müasir dövrə qədər tarix və mədəniyyət abidələri məhz Xocalıda idi. Bundan başqa, şəhərin coğrafi mövqeyi də çox əlverişli idi.

Ümumilikdə, 7000 nəfər əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Xocalıda məskunlaşan əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olurdu. Şəhərdə, eyni zamanda toxuculuq fabriki, 4 məktəb də vardı. Lakin düşmən bir gecədə şəhəri xarabaya çevirdi. Soyqırımı nəticəsində 5379 nəfər xocalılı deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı ki, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.  487 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı, 8 ailə tam məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərindən hər ikisini itirdi. 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə ilə öldürüldü. Xain hayların qətliamı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan dəydi.

XX əsr dünya tarixinin ən qəddar qətliamlarından olan Xocalı soyqırımı haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir. Məhz ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına ilk dəfə dövlət səviyyəsində münasibət bildirildi. 1994-cü il fevralın 24-də Heydər Əliyevin təşəbbüsü ilə Xocalıda baş verənlər Milli Məclisdə müzakirə olundu. Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə 26 fevral - Xocalı faciəsi günü elan edildi. Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verildi. Sözügedən fərmanla, beynəlxalq insan haqları haqqında aktlar, BMT Nizamnaməsi, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətli cinayət kimi tanınmasına şərait yaratdı. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. 

O dəhşətli gecənin fəsadları bu gün də özünü büruzə verir. Belə ki, fevralın 21-də Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Xocalı şəhəri ərazisində bərpa-quruculuq məqsədilə qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanıb. Ərazidə hələ də davam edən qazıntılar zamanı ilkin olaraq müəyyən edilmiş insan qalıqlarının əsasən qadın və uşaqlara aid olması, onların əllərinin kəndirlə bağlanması və işgəncələrlə qətlə yetirilməsi faktları üzə çıxıb. Ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olduğu ehtimal edilir. Bu, bir daha Hayastanın xalqımıza qarşı yürütdüyü nifrət və soyqırımı siyasətini, insanlıq əleyhinə törətdiyi müharibə cinayətlərini təsdiqləyir.

Bu gün artıq Xocalıda qətlə yetirilənlərin ruhu şaddır. Çünki 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, 30 illik işğala son qoyuldu, torpaqlarımız düşmən tapdağından təmizləndi. Hazırda Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhərinə də yeni nəfəs gəlir. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir. Xocalı şəhərinin ərazisində 280-dən çox fərdi evdə əsaslı bərpa-quruculuq işləri görülür. Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb. Şəhər ərazisinin məişət tullantılarından və yabanı bitkilərdən təmizlənməsi, abadlaşdırılma və yaşıllaşdırma prosesi də davam edir. 

Nəzrin ELDARQIZI,

"Respublika".