Səriştəsiz hakimiyyətin uğursuz koordinasiya əməliyyatından 32 il ötür
Tarix

Səriştəsiz hakimiyyətin uğursuz koordinasiya əməliyyatından 32 il ötür

Birinci Qarabağ müharibəsi öz ağrı-acısı ilə Azərbaycan xalqının yaddaşında əbədi qalıb. Azğınlaşmış erməni terrorçularının qarşısında sistemsiz, səriştəsiz vahid mərkəzdən alınan qeyri-səlis koordinasiyalar hesabına faciə ilə bitən müharibənin kədərli, bir o qədər də sirli epizodundan biri də 1992-ci il yanvarın 25-26-da Şuşada yerləşən Daşaltı kəndinin işğaldan azad olunması üçün başladılan əməliyyat idi. Həmin uğursuz əməliyyat zamanı neçə-neçə igid Azərbaycan oğulları şəhid oldu. Bu baxımdan, həmin tarixi və bəzi sirli məqamları üzə çıxarmaq gələcəkdə eyni səhvlərin təkrarlanmaması üçün olduqca vacibdir.

1991-ci ilin sonlarına yaxın yaşayış məntəqəsini düşməndən təmizləmək üçün ayrılmış şəxsi heyətə iki istiqamətdə hücum əmri verilir. Hücum Nəbilər kəndi istiqamətində və Daşaltı kəndinin cənubundan həyata keçirilir. Lakin reallıq o idi ki, Daşaltının azad olunması üçün görülən işə əməliyyat demək olmazdı. Çünki hər bir əməliyyat idarə olunan prinsip üzərində qurulur. Əməliyyatı isə birbaşa zabitlər, cavabdeh şəxslər idarə etməlidir. Nə qədər acınacaqlı olsa da, Daşaltı əməliyyatının başlayacağını artıq 2-3 gün əvvəl hamı, o cümlədən düşmən də bilirdi. Bu isə məxfiliyi pozur və ermənilərin bu əməliyyata hazırlıq görməsinə şərait yaradırdı. Həmin dövrdə döyüşü idarə edənlərin Daşaltı əməliyyatlarında yol verdikləri bu səhvdən düşmən maksimum yararlandı. Batalyon kəndə girəndən sonra düşmən heç bir müqavimət göstərmədi. Bu, əslində döyüşün taktikalarından biri idi. Belə ki, ordumuzun kəndə girməsinə imkan verən düşmənin planı onları mühasirəyə almaq idi. Belə də oldu. Plansız və əlaqəsiz şəkildə keçirilən əməliyyat ağır faciə ilə nəticələndi. Arxadan gələn batalyonu düşmən zənn edən ön hissə onlara atəş açmağa başladı. Nəticədə ciddi itki verildi. Bundan faydalanan düşmən isə mühasirəyə aldığı azsaylı əsgərlərimizi gülləbaran etdi.

Əməliyyatın bütün iştirakçıları vətənpərvər, ölməyə hazır olan igid oğullar idilər. Amma təəssüf ki, o dövrdə düşməni Daşaltıdan qovub çıxarmaq üçün kifayət qədər silah-sursatları yox idi. Müstəqilliyimiz 3 ay əvvəl bərpa olunmuşdu və hərb sahəsində çatışmazlıqlar çox idi. Üstəgəl, plansız hücum, kortəbii döyüş taktikası və bütün bu amillər Daşaltı əməliyyatını uğursuzluğa apardı. Daşaltıda döyüşmək üçün səngərlər, evlər, məntəqələr, atəş nöqtələri var idi. Bu da düşmənin üstünlüyünü artırırdı. Çünki Azərbaycan tərəfi əməliyyata başlayan zaman düşmən artıq gizlənmişdi. Buna görə də batalyon ağır itkilərlə geri çəkilməyə məcbur oldu. Məhz Daşaltıdakı erməni bölmələri 1992-ci ilin mayında Şuşaya hücumda da əsas iştirakçılardan olmuşdu.

Əməliyyatın uğursuz olmasında əsas səbəblərdən biri də rabitə sisteminin zəif qurulması idi. Rabitənin yaxşı qurulmaması bölmələrin hərəkətlərində uyğunsuzluğa səbəb olur, komandanlığı tabeliyində olan qoşunların nəyə ehtiyacı olduğu və vaxtında məlumat almaq imkanından məhrum edirdi. Bölmələrin kifayət qədər rabitə vasitələri olmadığından Şuşa milisinin rəisi əməliyyatı həyata keçirmək üçün "Viola" radiostansiyaları ayırmışdı. Bu radiostansiyalar müasir tələblərə cavab vermirdi. Bunu fürsət bilən ermənilər Azərbaycan bölmələri arasında rabitə əlaqəsinə tez-tez müdaxilə edirdilər. Bundan əlavə, müdafiə naziri ilə qərargah, eləcə də digər komandirlər arasında koordinasiyanın olmaması ümumi vəziyyətə təsir göstərən digər amil idi. Komandirlər yüksəkvəzifəli şəxslərin komandalarını icra etməkdən boyun qaçırırdı. Əməliyyatın uğursuz olmasının yekun səbəbləri kimi, düşmənin və ərazinin kəşfiyyatının dərindən aparılmaması, qarşı tərəfin bilavasitə ehtiyat qüvvələrinin yerinin və mümkün hərəkət üsullarının müəyyən olunmaması, əməliyyatda iştirak edəcək tərəflərin qüvvə nisbətinin tam nəzərə alınmaması göstərilirdi.

Top və zirehli texnika az idi. Texnika və silahlar döyüş əməliyyatlarına tam hazır deyildi, döyüş bölmələri arasında idarəolunma demək olar ki, yox idi, yerli əhali arasından seçilmiş bələdçilər ərazini hərbi nöqteyi-nəzərdən zəif tanıyırdı, ehtiyat qüvvəsi ayrılmamışdı, əməliyyat planı, döyüş əmrləri və sərəncamları sənədləşdirilməmişdi.

Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki versə də, düşmənin 80 döyüşçüsünü məhv etməyi bacardı.

Daşaltı uğursuzluğu ümumi əhvali-ruhiyyəyə, ölkədəki siyasi vəziyyətə ciddi təsir göstərdi. Əməliyyatdan bir gün sonra saat 16:20 radələrində Şuşa şəhərinə yaxınlaşan mülki helikopterin erməni bölmələri tərəfindən vurulması ikinci ağır zərbə oldu. Hadisə zamanı 47 nəfər həlak oldu. Daha sonra eyni ssenari ilə Xocalı şəhərinin blokadadan çıxarılması üçün Əsgəran istiqamətində əməliyyat planlaşdırıldı. Lakin bu əməliyyatlar da Daşaltı kimi uğursuzluqla nəticələndi. Qarşıda bizi Malıbəyli, Qaradağlı və Xocalı faciələri gözləyirdi.

Daşaltının tutulması Şuşanın işğalına gətirib çıxarsa da, 28 ildən sonra qəhrəman Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində Daşaltını işğaldan azad etdi və bununla da Şuşaya yol açıldı. Hərb tariximizin ən parlaq qələbələrindən olan bu hadisə ilə müzəffər Ordumuz 28 il əvvəlki uğursuzluğu müvəffəqiyyətlə əvəz etdi və şəhidlərimizin qisası alındı. Beləliklə, 32 il daş altında yatan Daşaltı 2020-ci ildə öz azadlığına qovuşdu.

Tacir SADIQOV,

"Respublika".