İqlim dəyişmələri ilə mübarizədə yeni mərhələ
Ekologiya

İqlim dəyişmələri ilə mübarizədə yeni mərhələ

"Yaşıl dünya naminə həmrəylik ili"      

İqlim dəyişmələri bu gün kainatı narahat edən qlobal problemlərdən birinə çevrilib və dəyişmələrin canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Bu gün dünyanın bir çox ölkəsi iqlim dəyişmələrindən ciddi şəkildə əziyyət çəkir, nəinki dövlətlərin iqtisadi vəziyyətinə, həmçinin insanların səhhətinə də ziyan vurur. Son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə istilik effekti yaradan qazlardan təşkil olunan antropogen amillərlə əlaqədardır. Bu qazlara karbon, metan, azot oksidi, azot-1 oksid və xlor-flüor birləşmələr daxildir. Son dövrlər planetdə tufanların, çovğunların intensivliyi ilə yanaşı, tezliyi də artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda sel, daşqın hadisələrinin sayında da artım müşahidə olunur. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmır.

Bu problemlərə diqqətin artması isə özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi-praktiki konfransların keçirilməsində büruzə verir. Ölkəmiz bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək. Bu cür mötəbər toplantının Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən etimadın əyani sübutudur. Çünki iqlim dəyişmələri ilə mübarizə üçün real maliyyələşdirilmələrin aparılması, vəsaitlərin cəlb olunması əsas tələblərdəndir. Respublikamız da bu sahədə böyük təcrübəyə malikdir. Hər il dünyanın müxtəlif ölkələrindən olan hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün müxtəlif çağırışlar edirlər. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ilk toplantısı 1995-ci ildə Berlin şəhərində baş tutub. Tədbirin hər il keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişmələri ilə mübarizəni gücləndirməkdir. Toplantının cari ildə Azərbaycanda keçirilməsinə qərar verilməsi dövlətimizin qlobal iqlim dəyişmələri ilə mübarizədə beynəlxalq səylərə dəstək verməsi ilə əlaqəlidir.

1990-cı illərin ortalarından etibarən sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə baş tutan sessiyalarda isə iqlim dəyişmələri ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi ətrafında danışıqlar gedib. Saziş 2015-ci ildə qəbul olunub və bu günədək Sazişə ümumilikdə Azərbaycan da daxil olmaqla 195 ölkə qoşulub. Bu cür mötəbər tədbirə evsahibliyinin Bakıya həvalə olunması bir daha onu göstərir ki, "yaşıl enerji"ni təşviq edən, istixana qazı emissiyalarını azaldan və xarici siyasətdə ölkənin dayanıqlı inkişaf yollarına diqqətçəkən Azərbaycan qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri daha da gücləndirəcək, dövlətimiz prosesə töhfə verməklə bir daha dünyanın diqqət mərkəzində olacaq.

Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Respublikamızın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavat təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji üzrə 380 meqavatdır. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35% azaldılmasını proqnozlaşdırıb. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən olunub ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.

Bu gün işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ torpaqları "yaşıl enerji" zonası elan edilib. Bu ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulub. Azərbaycan hazırda "yaşıl kənd təsərrüfatı", "yaşıl nəqliyyat", "ağıllı şəhərlər", "ağıllı kəndlər" kimi layihələri də uğurla tətbiq edir. Ölkəmiz neft hasilatında öz sözünü demiş dövlətlərdən olsa da, "yaşıl enerji" ilə bağlı da bir çox layihələr reallaşdırır. Külək, günəş elektrik stansiyalarının tikintisi də bunun əyani sübutudur. İkinci Qarabağ savaşında qazandığımız qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərdə bu layihələrin tətbiqi özünü daha aydın büruzə verir. Bu gün uğurla davam edən Böyük Qayıdış proqramı bütün cəmiyyət tərəfindən dəstəklənir. On illər boyu xarabalığa çevrilmiş Qarabağda artıq "ağıllı şəhərlər", "ağıllı kəndlər", müasir su anbarları, suvarma sistemlərinin tikintisi kimi böyük işlər həyata keçirilir. Yaxın gələcəkdə Qarabağın "yaşıl enerji" zonasına, ətraf mühitin sağlam olduğu əraziyə çevrilməsi nəzərdə tutulub. Eyni zamanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması haqqında sərəncamda da Azərbaycanın 2024-cü il ərzində "yaşıl enerji" sahəsində çoxsaylı tədbirlər həyata keçirəcəyi öz təsdiqini tapıb. "Yaşıl enerji"nin inkişafı, yeni mənbələri, texnologiyaları tapmaq kimi məsələlər də daim diqqət mərkəzindədir. İqlim problemi üçün konkret maliyyə vəsaitinin ayrılması, fond yaradılması da bu qəbildəndir. Şübhəsiz, cari ildə keçirilməsi nəzərdə tutulan COP29-da daha mühüm qərarlar qəbul olunacaq. Azərbaycanın bugünkü nüfuzuna, ölkəmiz tərəfindən beynəlxalq aləmdə görülən işlərə nəzər yetirsək, doğrudan da bu, real görünür. Bir sıra nüfuzlu ölkələrin liderlərinin, eləcə də bu sahə üzrə mütəxəssislərin Azərbaycanda toplanması yeni təşəbbüslərin, istiqamətlərin müəyyənləşməsinə mühüm töhfə olacaq. BMT-nin ən böyük tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq. Azərbaycan bu cür mötəbər tədbirə evsahibliyi etməklə ölkəmizin nəinki bu istiqamətdə, hətta bütün sahələrdəki inkişafını dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.

Yeri gəlmişkən, ölkəmizin bu uğuruna sevinənlər, Azərbaycana dəstək göstərənlərlə yanaşı, bunu qısqanclıqla qarşılayanlar da oldu. Fransa başda olmaqla Almaniya və bəzi Qərb dövlətləri COP29-un Azərbaycanda keçirilməsinə mane olmağa çalışdılar. Hətta onlar Ümumdünya Şəhərlər Forumunun da Bakıda keçirilməməsi üçün BMT İnsan Məskənləri Proqramına (UN-Habitat) təzyiqlər də göstərdilər. Əsassız səbəblərlə mötəbər tədbirin respublikamızda baş tutmasının qarşısını almağa çalışan qüvvələrin oyunları, şübhəsiz ki, nəticə vermədi. Dövlətimizin beynəlxalq arenada yüksək etimad qazanması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində atdığı addımlar "böhtançıların" planını fiaskoya uğratdı.

Nəzrin ELDARQIZI,

"Respublika".