İran prezidenti etirazla qarşılandı
Digər xəbərlər

İran prezidenti etirazla qarşılandı

Bu il yanvar ayının 28-də İranın Xoy şəhərində baş verən 5.9 ballıq zəlzələdə 3 nəfər həyatını itirmiş, 900 nəfər yaralanmışdır. Zəlzələ nəticəsində binalara 20-50 faiz zərər dəymişdir. Təbii fəlakətdən bir həftə sonra – fevral ayının 5-də əraziyə “təşrif buyuran” İran prezidenti burada ciddi etirazlarla qarşılanıb. “Baş molla”nın belə qarşılanması, əslində heç də təsadüfi deyil. Belə ki, əsasən həmvətənlərimizin yaşadığı Xoya hadisədən sonra İran dövləti tərəfindən lazımi diqqət və yardımın göstərilməməsi ciddi narazılığa səbəb olmuşdur. Xain molla rejimi zəlzələdən əziyyət çəkən soydaşlarımıza laqeyd yanaşmış və onları bu çətin günlərində gözardı etmişdir. Güney Azərbaycanda yaşayan həmvətənlərimiz şaxtalı qış günlərində qızdırıcılar, çadırlar və digər lazımi təchizatlarla təmin olunmurlar. Lakin mollalar özlərini elə göstərirlər ki, guya soydaşlarımıza qayğı ilə yanaşırlar. Azərbaycan xalqına qarşı düşmən münasibət göstərən molla rejimi həmvətənlərimizin acınacaqlı vəziyyətindən öz xeyrinə istifadə edərək bir daha alçaq niyyətini bəlli edir. Qan donduran situasiya isə  soydaşlarımızın çörəklə imtahana çəkilmələridir. Baş verənlər bir daha İranın öz vətəndaşlarına sahiblik hissini itirdiyini təsdiqləyir. Buna görə də fəlakətə məruz qalmış həmyerlilərimiz hökumətdən əllərini üzərək beynəlxalq aləmdən yardım umurlar. Güneydə yaşayan soydaşlarımız valilik, fərmandarlıq və başqa qurumların rəsmi statistikada göstərdikləri yardım həcminin reallıqda ortada olmadığını, hakimiyyət məmurlarına yaxın olan şəxslərin yardımlardan özləri üçün istifadə etdiklərini söyləyirlər.

Molla rejiminin özü kimi, konstitusiyası da saxtadır. Burada yaşayan soydaşlarımızı etnik azlıq kimi qiymətləndirən “qonşumuz” öz vətəndaşlarını konstitusion hüquqlarından təcrid olunmuş vəziyyətində saxlayır. Özünü “din qardaşımız” kimi qələmə verən İran antimüsəlman, anti-Azərbaycan siyasəti ilə bütün islami dəyərləri əzib keçir. İranın Xoyda məskunlaşan azərbaycanlılara özünün yardım etməməsi kifayət deyilmiş kimi, digər yardımları da qəbul etmir. Ölkəmiz cənubdakı soydaşlarımıza yardım etməyə çalışsa da, İran bu cəhdlərin qarşısını almışdır. Xatırladaq ki, bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın zəlzələdən zərərçəkmiş bölgəyə səfəri də orada narazılığa səbəb olmuşdur. Hadisədən zərərçəkənlər etiraz edərək hakimiyyət nümayəndələrinin vədlərinin özünü doğrultmadığını iddia etmişlər. Molla rejiminin bu fəaliyyətləri onun bir daha mənfur düşmənimizdən fərqlənmədiyinin göstəricisidir. İran Ermənistan ilə işbirliyi qurur, ona hərtərəfli dəstək verir, birgə iqtisadi layihələr həyata keçirir. İranda yaşayan soydaşlarımız isə böyük ümidlərlə onlara ediləcək yardımı gözləyirlər…

Nəzrin ELDARQIZI,

“Respublika”.