Siyasət

"Makron nəfəsi kəsilmiş ata mərc qoşur"

Rusiya-Ukrayna müharibəsi başladıqdan dərhal sonra Qərb bütün imkanları və vasitələri ilə Moskvaya zərbə vurmaq planları qurdu. Rusiya bütün dəyirmi masalardan, beynəlxalq tədbirlərdən və idman yarışlarından uzaqlaşdırıldı.  Davam edən sanskiya və embarqolar hələ ki, nəticəsizdir. Fürsət tapan kimi açıq-aşkar rəsmi Moskvaya təhdidlər yağdıran Fransa bu gün NATO qoşunlarının Ukraynaya göndərilməsi məsələsini müzakirəyə çıxarır. Buna görə Kreml də planlarının olduğunu gizlətmir. Belə ki, Rusiya Prezidenti Vladimir Putin ötən çıxışlarının birində deyib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının, yəni NATO-nun Ukraynaya qoşun yeridəcəyi təqdirdə Qərb nüvə təhlükəsi ilə üz-üzə qalacaq. Bu isə Qərbin son həmlələrinin də uğursuz olduğuna bir işarədir.

Ötən ay baş tutan Münxen Təhlükəsizlik Konfransı prezident Emmanuel Makronun deyəsən xoşuna gəlməyib. "Ukrayna planı" puça çıxan avantürist Qərbin "sözçüsü" rolunda çxış edən E.Makron son gedişi edib. Belə ki, Rusiya əleyhinə hazırlanan "peşka" Ermənistan başladılan yeni təxribat oyunun əsas hissəsində yer alır. Ermənistanın baş naziri Nikol Paşınyanın Münxendən dərhal sonra Parisə yollanması da son motivlərin dəqiqləşdirilməsi məqsədi güdürdü. Öz "ağa"sına İrəvandan səslənməyə cəsarət etmədiyi üçün Fransaya gedən Ermənsitan baş naziri burada ona verilən mətni üzündən oxuyaraq Rusiyanı tənqid edib, KTMT-də fəaliyyətini dondurduğunu bildirib. Azərbaycanın düşünülmüş siyasəti nəticəsində Almaniya kimi müttəfiqdən məhrum edilən pozucu Qərb dairələri son həmləni də Ermənistan üzərindən etməyə cəhd edirlər.

Bu gün Rusiya ilə müharibə aparan Ukrayna öz lideri Volodimir Zelenskinin rəhbərliyi altında nəhəng dövlətə qarşı demək olar ki, tək müharibə aparır. Hadisələrin axarı onu göstərir ki, Ukrayna bu savaşda məğlub olmağa doğru gedir. Məhz bunu görən "qoca qitə" Kiyevdən əlini yavaş-yavaş çəkir, uduzulan cəbhəni yenisi ilə əvəz etməyə çalışır.

 Lakin Ermənistan Ukrayna qədər qətiyyətə və müstəqil siyasətə malik deyil. Bunu hayların özləri də yaxşı bilirlər. Buna görə də Rusiya əleyhinə açıqlamalar son vaxtlar gün üzünə çıxır ki, bu da Qərb ermənilərə havadarlıq edəndən sonra başlayıb. Ermənistan "ağa"sına arxalanaraq illüziyalara əsaslanan addımlar atır, öz siyasətini imitasiya üzərində qurur. Necə ki İkinci Qarabağ müharibəsindən sonra öz üzərinə öhdəliklər götürən Ermənistan demək olar ki, hər gün atəşkəsi pozur. Lakin ötən ilin sentyabrında Azərbaycanın öz gücünə yaratdığı sabitliyi pozmağa cəsarət etməyən Ermənistan 2024-cü il başlayan kimi şərti sərhəddə təxribat törətməsinin əsl səbəbi də məhz Avropa İttifaqının havadarlıq etməsidir.

Fransa Ermənistanı Azərbaycana və Rusiyaya qarşı ideloji müharibəyə hazırlayır. Köçəri haylar isə məhvə doğru getdiklərinin fərqində deyillər. İkinci Qarabağ müharibəsindən sonra gənc ermənilərin müharibəyə psixoloji olaraq hazır olması üçün ən azı 10 il vaxt lazımdır. Əlverişli imkan yaransa belə, haylar heç vaxt müharibə aparmaq əzmində ola bilməzlər, onlar ancaq arxadan vurub qaçmağı bacarırlar. Ümumiyyətlə isə Azərbaycanın Ermənistana hücum etmək kimi planı yoxdur. Bu Avropa xəyalpərəstlərinin "qəribə yuxu"larından başqa bir şey deyil. Sülhə doğru yönələn Ermənistana qonşu ölkələrin kəşfiyyat məlumatlarını ötürmək, onlara silah yardım etmək və "populist lider" yaratmaq əsl avantürist yanaşmaya xas addımlardır. Rusiyalı politoloq Oleq Kuznetsov isə bu barədə gözəl bir fikir səsləndirib. O, deyib ki, rəsmi Bakının Yelisey sarayı ilə hər hansı siyasi əlaqələri dayandırması faktı şəxsən Makronun sifətinə vurulan möhkəm sillə idi və onun səsi "Köhnə dünyada" olmasa da, bütün İslam aləmində eşidildi. E.Makron isə Ermənistanın timsalında nəfəsi kəsilmiş ata mərc qoşaraq öz rəzilliyini unutdurmaq istəyir. Amma nə fayda?

Tacir SADIQOV,

"Respublika".