Azərbaycan-Rusiya əlaqələri ikitərəfli səmimi münasibətlərə əsaslanır
Siyasət

Azərbaycan-Rusiya əlaqələri ikitərəfli səmimi münasibətlərə əsaslanır

Müstəqiliyin ilk illərində Azərbaycan və Rusiya arasında münasibətlərdə müəyyən çatlar əmələ gəlsə də, ümummilli lider Heydər Əliyevin ikinci dəfə respublikamıza rəhbərliyə gəlişindən sonra hər iki ölkə regional və beynəlxalq müstəvidə əlaqələrini normal məcraya daşıya bilib. 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" ilə Azərbaycan-Rusiya münasibətlərinin hüquqi bazası yaranıb. Ulu Öndərin 2002-ci ilin yanvarında Rusiyaya dövlət səfəri iki qonşu respublika arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Səfər zamanı imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib. Əməkdaşlığın daha da sıx olmasında qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən görüşlərdə müzakirə olunan və gündəmə gətirilən məsələlər mühüm rol oynayır.

Bu gün iki dövlət öz əlaqələrində qonşuluq prinsipinə riayət etməklə yanaşı, müttəfiqlik məsələsinə də xüsusi önəm verirlər. Prezident İlham Əliyev Rusiyaya son səfəri çərçivəsində Vladimir Putin ilə təkbətək görüşdə dediyi fikirlərdə də bu amili xüsusi vurğuladı: "Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik". Şimal qonşumuzla demək olar ki, bütün sahələrdə, ən əsası isə siyasi sahədə əməkdaşlıq böyük əhəmiyyətə malikdir. 70 il eyni imperiyanın tərkibində yer alan hər iki ölkə müstəqillik əldə etdikdən sonra əməkdaşlığını daha da genişləndirib.

Hazırkı vəziyyətdə rəsmi Bakı və Moskva bölgədə gedən proseslərin dialoq əsasında həllini vacib sayır. Son olaraq Rusiya sülhməramlılarının Qarabağ ərazisini vaxtından əvvəl tərk etməyə başlaması deyilənləri təsdiq edir. Bu da ona işarədir ki, bu prosesdə Azərbaycan və Rusiya liderləri yüksək siyasi mədəniyyət şəraitində anlaşıblar. Qeyd edilməlidir ki, əlaqələrin rəsmi müttəfiqlik səviyyəsinə qalxmasında Prezidentlər İlham Əliyev və Vladimir Putinin şəxsi dostluğu xüsusi önəm daşıyır. Dövlət başçımızın siyasi arenada böyük nüfuza sahib olması, xarici ölkə rəhbərləri tərəfindən hörmətlə qarşılanması və iş fəaliyyətinə yüksək qiymət verilməsi Azərbaycanın qazandığı uğurlarda bilavasitə mühüm rol oynayır.

Aprelin 22-də Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə keçirilən tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi bu ölkədə dövlət başçımızın yüksək nüfuza malik olduğunu göstərir. Həmin tədbirdə Vladimir Putin tərəfindən Ulu Öndər haqqında deyilən xoş sözlərdən də aydın olur ki, dahi şəxsiyyət digər xalqların həyatında da beynəlxalq əhəmiyyətli layihələrin müəllifidir.

Məlum olduğu kimi, BAM dünyanın ən böyük dəmir yolu arteriyalarından biridir və XXI əsrdə qlobal logistika rolunu oynayır. Bu cür nəhəng layihənin ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edib. Heydər Əliyev olmasaydı, dünyanın ən uzun nəqliyyat dəhlizi sayılan Baykal-Amur Magistralının tikintisinin başa çatması mümkün olmazdı.

Təsadüfi deyil ki, Sovet İttifaqının ən nəhəng infrastruktur layihəsi hesab olunan BAM-ı Heydər Əliyevin müstəsna xidmətinin nəticəsi adlandırırlar. Layihə XIX əsrin sonlarında hazırlansa da, icra olunmamışdı. Nazirlər Sovetinin qərarı ilə yenidən Baykal-Amur Magistral dəmir yolunun tikintisinə başlanıldı və məhz texnoloji çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb oldu. Ümummilli Liderin iradəsi və strategiyası sayəsində bu gün Baykal-Amur Magistral dəmir yolu mövcuddur. Həm layihənin əsasının qoyulmasında, planlaşdırılmasında, maliyyələşdirilməsində, kadrlarla təmin olunmasında, həm də bu kadrların sosial məsələlərinin həllində çoxlu boşluqlar vardı. Bu boşluqları da birdən-birə ortaya çıxarmaq heç də asan məsələ deyildi. Dahi şəxsiyyət Heydər Əliyevə xas olan tələbkarlıq, prinsipiallıq, sözün əsl mənasında, fundamental biliklərə malik olan bir şəxs kimi bu layihənin uğurla həyata keçirilməsi üçün hökumət qarşısında qoyulan ciddi tapşırıqlar sayəsində dünya tarixində belə bir layihə reallaşıb. Bu gün Rusiya dövləti bunu layiqincə qiymətləndirməyi özünə borc bilir. Ötən il Ulu Öndərin 100 illik yubileyi ilə bağlı bu ölkədə çoxsaylı tədbirlər keçirilib.

Musa BAĞIRLI,

"Respublika".