İŞĞALÇI ÖLKƏ ÖZ MÜTTƏFİQİNƏ QARŞI SİYASƏTİ SƏRTLƏŞDİRİR
Siyasət

İŞĞALÇI ÖLKƏ ÖZ MÜTTƏFİQİNƏ QARŞI SİYASƏTİ SƏRTLƏŞDİRİR

Satqın və qondarma dövlətdə artıq ruslar da düşmən elan olunur, orada düşünürlər ki, sahibi dəyişməyin əsl vaxtıdır

Ermənistanda anti-Rusiya siyasəti getdikcə daha açıq müstəvidə aparılır. Bu hal Qərbdən şübhəli missiyaların Cənubi Qafqaza gətrilməsi ilə özünü daha qabarıq formada büruzə verir.

Rusiyanın və Ermənistanın bəzi kütləvi informasiya vasitələrində qeyd edilir ki, Ermənistanın əli ilə Rusiyanın Cənubi Qafqazdan tamamilə qovulması artıq zaman məsələsidir. Onların qənaətinə görə, Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, orada Rusiyanın əhəmiyyəti, o cümlədən hərbi varlığı hiss olunur.

Lakin hazırda rəsmi İrəvan tərəfindən həyata keçirilən siyasət davam etsə, bir-iki ilə Rusiyanın Ermənistanda iştirakı ciddi şəkildə azalacaq. Ermənilər özləri etiraf edirlər ki, Nikol Paşinyan açıq şəkildə amerikalılarla işləyir, bu da çox şey deyir. Paşinyan Rusiyanın Cənubi Qafqazdan qovulmasına səbəb olacaq sənəd hazırlaya bilər. Məsələ ilə bağlı "armenianreport" portalı da yazır ki, Paşinyan ruslardan üz döndərib. Ermənistanda anti-Rusiya təbliğatının artması, Rusiyanın cinayətkar obrazının yaradılmasında da məqsəd budur: "Biz hamımız istənilən məlumatın sürətlə ötürüldüyü bir dövrdə, internet dövründə yaşayırıq. Və biz hamımız görürük ki, rus qoşunları Ukraynada mülki obyektləri, eləcə də mühüm infrastruktur obyektlərini bombalayır. Əslində, hətta Rusiya telekanallarının efirində də bu, açıq şəkildə müzakirə olunur. Orada çıxış edənlər bütün Ukraynanı bombalamağı tələb edirlər ki, əhali işıqsız və qazsız donsun. Eyni zamanda rus təbliğatçılar bunun "məcburi tədbir" olduğunu deyir. Bu, Rusiyanın bütün qalan müttəfiqlərini çətin vəziyyətdə qoyur. Axı Ermənistan da rəsmi olaraq Rusiyanın strateji müttəfiqi hesab olunmaqda davam edir. Nə 2016-cı ilin aprelində, nə 2020-ci ilin payızında, nə də Azərbaycanın ölkəmizə qarşı hərbi-siyasi təzyiqləri artırdığı bu iki ildə bizi müdafiə etməyən KTMT-nin üzvüdür. KTMT sadəcə söhbətə üstünlük verdi. İndi məlum olub ki, bütün bunlar Rusiya və Belarus Ukraynaya qarşı müharibəyə hazırlaşdıqları üçün edilib. Bizə xəbər vermədilər. Amma indi yalnız Moskva və Minsk üçün başa düşülən məntiqə görə, onlar bütün müttəfiqlərindən qartopu kimi böyüyən problemlərinin yükünü bölüşməyi tələb edirlər".

Göründüyü kimi, hakimiyyətdə kimin təmsil olunmasından asılı olmayaraq, ermənilər öz ampulasından əl çəkmək niyyətində deyillər. Hər zaman olduğu kimi, bu və ya digər gücdən maksimum faydalanır, zəli kimi yapışaraq öz maraqlarını təmin etməyə çalışır, sonra isə onu başqa sahibə dəyişmək üçün əsaslar axtarır.

Erməni ideoloqları ölkələrinin bu sürüşkən siyasətə "libas" geyindirmək üçün öz aləmlərində məntiqi bir yol tapıblar. Ermənilər hesab edir ki, hətta Almaniyada da Rusiya əleyhinə səs-küylü bəyanatlar verməyə başlayıblar. Almaniyanın keçmiş kansleri Merkelin siyasəti Ukraynada müharibənin başlamasına səbəb olub. Bu xüsusda səs-küylü bəyanatı Almaniyanın Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsini icra edən Marko Buşman "Welt"ə müsahibəsində verib. O deyib: "Bu gün bildiyimizə görə, biz almanlar "Şimal axını" qaz kəmərindən sonra "Şimal axını-2" qaz kəmərini dövriyyəyə itələmişik. Krımın ilhaqı bizim Ukraynada müharibənin başlanmasına töhfəmiz oldu". Bundan başqa, Almaniyanın xarici işlər naziri Annalena Berbok və müdafiə naziri Kristin Lambrext Almaniya Maliyyə Nazirliyindən Ukraynaya yardım üçün üç dəfə çox pul ayrılmasını tələb edirlər. Bu barədə "Spiegel" nazirlərin məktubuna istinadən xəbər verir. Almaniyanın 2023-cü il büdcəsində Ukraynaya silah tədarükü üçün cəmi 697 milyon avro nəzərdə tutulub. Bununla belə, Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri üç dəfə çox - 2,2 milyard avro tələb edirlər. Söhbət silah yardımı üçün xüsusi fondun pulundan gedir. Nazirlərin fikrincə, yalnız belə bir büdcə ilə Almaniya beynəlxalq tərəfdaşlarının gözlədiyi məsuliyyəti konkret və gözəçarpan şəkildə öz üzərinə götürə biləcək.

Ermənisayağı absurd isə bundan ibarətdir ki, onlar özlərini Cənubi Qafqazın Almaniyası kimi aparmaq niyyətindədir. Görünür, "Dəmir yumruq" erməni cəmiyyətini xeyli ayıltsa da, bu, onların ideoloji başbilənləri üçün heç də belə deyil. Öz mülahizələrini davam etdirən bu ideoloqlar hesab edir ki, Rusiyanın sıxışdırılması prosesi təkcə Avropada deyil, Mərkəzi və Orta Asiyada da müşahidə olunur. Və hər kəs yeni tərəfdaşlar seçir. Yəni bu gün bütün dünya Putindən sonrakı mərhələyə - Rusiyanın zəifləməsi dövrünə hazırlaşır. Bir çox ölkələr onilliklər ərzində öz strategiyalarını bu amil əsasında qururlar. Ermənistan da bu yolla getməkdən çəkinməməlidir. Yəni, ermənilərin fikri budur ki, güclü Rusiya artıq keçmişdə qalıb və onlar gələcək haqqında düşünməlidir. ABŞ, Fransa, Almaniya ilə birlikdə, erməni cəmiyyətini, görəsən, bir sual niyə düşündürmür: hansı "nailiyyətlərinə" görə Ermənistan özünü bu ölkələrin sırasında görür? Fransa ilə hər şey aydındır, Ermənistan və onun rəhbərliyi bu dövlət üçün əl meymunudur. Bəs qalanlar?

Ermənilərin mövqeyi bununla da məhdudlaşmır. Onlar əmindirlər ki, nəyisə qurban vermək lazımdır. Və təbii ki, ermənilər Ukrayna ilə əlaqələri sürətlə və hərtərəfli inkişaf etdirməyi düzgün addım hesab edirlər. Nə az, nə çox məhz ona görə ki, hazırda Rusiyanın dağıdıcısı rolunda məhz Ukrayna çıxış edir... Yəni, erməni cəmiyyəti üçün bu gün Rusiyanın dağılması sərf edir.

Ermənilər açıq bildirir ki, hansısa mərhələdə Ermənistan hətta Türkiyə və Azərbaycanla da eyni qayıqda ola bilər. Onların məntiqinə görə, böyük siyasətdə belə olur: "Bu, mümkün olanın sənətidir. Amma bu həm də siyasi uzaqgörənliyin təzahürüdür. Rusiyanın qaçılmaz məğlubiyyətindən sonra dünyada hər şey başqa cür olacaq. Ermənistan isə istənilən halda Kremlin təzyiqindən qurtularaq, sivil, demokratik Qərbin dəstəyini alaraq güclənəcək".

 "Armenianreport" portalı onu da yazır ki, rus qoşunları Ermənistandan çıxarılmalı, ölkə KTMT-ni tərk etməlidir.

İş o yerə çatıb ki, Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, öz anormal çıxışları ilə psixoloji vəziyyətini şübhə altına qoyan qatı ermənipərəst Konstantin Zatulin də indiki vəziyyətdən narazılıq edir. O bildirir ki, Ermənistan Rusiya ilə aktiv təmasları dondurub. O qeyd edir ki, Ermənistan, xarici işlər naziri Sergey Lavrovun münaqişə zonasına KTMT missiyası göndərmək təklifinə baxmayaraq, öz ərazisində Avropa İttifaqı müşahidəçilərini yerləşdirir. Eyni zamanda Aİ birbaşa Rusiyanı Cənubi Qafqazda sabitliyin pozulmasında maraqlı olmaqda ittiham edir: "Missiya hərbi deyil. Əvvəldən bu barədə heç bir söz-söhbət olmayıb. Təşəbbüs Rusiya tərəfi ilə razılaşdırılmayıb və görünür, Azərbaycanla da tam razılaşdırılmayıb. Bu təşəbbüsün özü onu göstərir ki, Aİ Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələrinin həlli istiqamətində səylərdə vasitəçilik təşəbbüsünü ələ keçirməyə və Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmağa çalışır. Eyni zamanda Rusiya Qarabağda sülhməramlı missiyasını tam şəkildə yerinə yetirməkdə davam edir. Ermənistan rəhbərliyi Qarabağ problemini mahiyyətcə Rusiyanın üzərinə atıb. Öz növbəsində, münaqişə zonasında heç bir öhdəlik daşımayan Qərb faktiki olaraq Ermənistan hakimiyyəti ilə münasibətlərdə bal ayını yaşayır. Söhbət İrəvanın Moskva ilə müttəfiqlikdən imtina etməsindən getmir, amma bildiyimə görə, son vaxtlar Rusiya ilə aktiv təmaslar faktiki olaraq dondurulub".

Burada Zatulin hər zaman olduğu kimi, yanılır. Söhbət məhz Ermənistanın yaxın gələcəkdə Rusiya ilə müttəfiqlikdən imtina etməsindən gedir.

Emin QASIMOV,

"Respublika".